» » Tələbə yaxşı oxusa, 120 manat alacaq…


Tələbə yaxşı oxusa, 120 manat alacaq…

13-11-2015, 11:44
Oxunub: 1197
Çap et
Tələbə yaxşı oxusa, 120 manat alacaq…Prezidentin təqaüdlərlə bağlı sərəncamı ayrı-seçkiliyi aradan qaldırıb
Prezident İlham Əliyev noyabrın 10-da "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" sərəncam imzalayıb. Sərəncama əsasən 2016-cı il fevralın 1-dən ali təhsil müəssisələrində adlı təqaüd alan tələbələrə 120 manat veriləcək.

Magistratura səviyyəsi üzrə akademik göstəriciləri 91-100 bal olan tələbələr 105 manat, 71-100 bal olan tələbələr 85 manat, 51-100 bal olan tələbələr 55 manat təqaüd alacaq. Bakalavriat səviyyəsi üzrə təqaüdlər belə müəyyən edilib: akademik göstəriciləri 91-100 bal olan tələbələr - 95 manat; 71-100 bal olan tələbələr - 80 manat; 51-100 bal olan tələbələr - 50 manat. Orta ixtisas təhsili müəssisələrində akademik göstəriciləri 91-100 bal olan tələbələrə 50 manat, 71-100 bal olan tələbələrə 40 manat, 51-100 bal olan tələbələrə 35 manat təqaüd təyin edilib.

Ali təhsil və orta ixtisas təhsili müəssisələrində əyani təhsil alan tələbələrə dövlət büdcəsi hesabına təqaüdlər dövlət sifarişi, dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq ödəniləcək. Nazirlər Kabineti doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi qaydasını 2 ay müddətində hazırlayıb təsdiq etməlidir.

"Semestr nəticələrinə görə fənlər üzrə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91-100 bal olan tələbələrə "əlaçı" təqaüdü verilir. Bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 91 baldan az olmamalıdır" - bunu Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması" haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamında edilən dəyişiklikləri şərh edərkən deyib. O bildirib ki, semestr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 71-100 bal olan tələbələrə "həvəsləndirici" təqaüdü verilir. Bu halda ən azı bir fəndən akademik göstəricisi 91-100, digər fənlərdən isə 71 baldan az olmamalıdır: "Semestr nəticələrinə görə fənlər üzrə ÜOMG-si 51-100 bal olan tələbələrə "adi" təqaüd verilir: bu halda hər bir fənn üzrə tələbənin akademik göstəricisi 51 baldan az olmamalıdır. Bu zaman tələbənin azı bir fəndən akademik göstəricisi 51-70 bal olmalıdır".
S.Gözəlov qeyd edib ki, bakalavriat səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələr birinci semestr ərzində "adi", 500-600 bal toplayanlara "həvəsləndirici", 600-dən çox balla qəbul olunanlara isə "əlaçı" təqaüdü verilir: "V ixtisas qrupu üzrə 80 və daha çox bal toplayan və dövlət sifarişinə qəbul olunan tələbələrə "əlaçı" təqaüdü verilir".

S.Gözəlov onu da qeyd edib ki, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbul olunan tələbələrə birinci semestr ərzində "adi" təqaüd, 112 və daha çox balla qəbul olunanlara isə "əlaçı" təqaüdü verilir.

Təhsil Nazirliyinin QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bildirib ki, ilk növbədə istər dövlət sifarişi ilə, istərsə də ödənişli şərtlərlə təhsil alan ali və orta ixtisas müəssisəsinin tələbəsi təqaüd almaq imkanına sahib olacaq: "Bir şərtlə ki, semestrin nəticələrinə görə akademik göstəriciləri yüksək olsun. Bu sərəncam təqaüdün həqiqi təyinatını ortaya qoydu. Yeni qaydalar tələbələr arasında rəqabət mühiti yaradacaq, yuxarıdan aşağı akademik göstəricələrə görə tələbələrin biliklərə yiyələnmə tablosunu əks etdirəcək. Yəni istər özəl, istərsə də dövlət ali və orta ixtisas təhsil müəssisələri olsun dövlət sifarişi olan ixtisaslar üzrə təqaüdü həm bu sifarişə əvvəlcədən sahib olan, həm də ödənişli ixtisaslarda oxuyan tələbələr ala bilərlər.Yəni indiyə qədər mövcud olan dövlət sifarişinə əvvəlcədən sahib olaraq sonadək bu imtiyazı saxlamaq (tələbənin oxuyub-oxumamağından asılı olmayaraq) məsələsi ortadan qalxır. Əsas şərt akademik göstəricini qorumaqdır".

C.Valehovun sözlərinə görə, ikinci mühüm məsələ məcburi köçkün, şəhid ailəsi və digər bu kimi imtiyazlı ailələrin övladlarına təqaüdün verilməsi məsələsidir ki, bu da sərəncamın daha çox sosial mahiyyətini ortaya qoyur: "Yəni indiyədək bu zümrədən olan tələbələrin dövlət tərəfindən ancaq təhsil haqqı ödənilirdisə, bu sərəncam ona imkan verəcək ki, həmin qrup tələbələr həm də təqaüd ala bilsinlər. Bir sözlə, bu sərəncam bütün tələbələr üçün bərabər start imkanları verir. Ancaq birinci semestr istisna olmaqla bütün tələbələr oxuyaraq, haqq edərək təqaüd (özü də ən yüksəkdən başlayaraq) qazana bilər. Artıq əvvəlcədən müəyyənləşdirilmiş deyil, fərqlənənlər təqaüd ala biləcəklər. Yeri gəlmişkən bir şeyi qeyd edim ki, bu sərəncamla edilən dəyişikliklər doktorantlara və ilk -peşə təhsili müəssisələrinin şagirdlərinə aid deyil".

Əjdər Ağayev: "Sərəncamın həm iqtisadi, həm mənəvi, həm də təhsil baxımından böyük əhəmiyyəti var"

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Bizimyol.info-ya açıqlamasında bildirdi ki, sərəncamın müsbət cəhətləri çox olacaq. Şübhəsiz ki, bu tələbələrə çox güclü təsir göstərə bilər: "Çünki burda istər ödənişli, istər ödənişsiz təhsil alanlara fərq qoymadan öz təhsilində, fəaliyyətində əziyyət çəkən, yüksək bal toplayan tələbələrin hamısı ödəniş formasından asılı olmayaraq təqaüdlə təmin olunacaqlar. Təbii ki, bu çox yaxşıdır. İkincisi də təqaüdün artırılması nəzərdə tutulur. Bu da çox yaxşı haldır. Olmayan, çatmayan təkcə onların sosial təminatının olmaması idi. Çünki tələbələrin digər problemləri çoxdur. Bu baxımdan tələbələr az da olsa maliyyə ilə təmin olunsalar, onların problemləri aradan qalxacaq. Bu insanlarda əhval-ruhiyyə yüksəkliyi yaranır. Çünki onlar problemlərdən uzaqlaşırlar və bütün diqqətlərini təlimə, oxumağa verirlər. Maddi problemi olan tələbələr düşünməyəcəklər ki, hardasa işləyim 5-10 manat qazanım sonra gəlim oxuyum. Çünki onlar artıq bu vəsaiti təqaüdlə almış olacaqlar. Sərəncam tələbələrin əhval ruhiyyəsinin təlim səviyyəsinə yüksəlməsinə müsbət təsir göstərəcək. Üçüncüsü, istər ödənişli, istərsə də ödənişsiz təhsil alan hər bir gənc Azərbaycan vətəndaşıdır. Onların hər birində vətənə, ölkəyə bağlılıq güclənəcək və dövlətin göstərdiyi qayğıya cavab olaraq onlar fəaliyyətləri ilə bunu dövlətə qaytaracaqlar. Sərəncamın həm iqtisadi, həm mənəvi, həm də təhsil baxımından böyük əhəmiyyəti var".

Bəs tələbələr bu haqda nə düşünürlər?

Magistratura təhsili alan Leyla Məmmədova deyir ki, bu sərəncam onu olduqca sevindirib: "4 illik tələbəlik həyatımda ödənişli əsaslarla oxumuşam. Ancaq buna baxmayaraq bütün fənlərdən qiymətim yüksək olub. Hətta bəzən əsəbiləşirdim ki, qiymətləri aşağı olan tələbələr təqaüd alırlar, mənsə bu qədər yüksək qiymətlərlə təqaüd ala bilmirəm. Magistraturada da bəxtim gətirmədi, ödənişli əsaslarla qəbul oldum. İmtina etmədim, oxudum. Hələ ki, vəziyyət yaxşıdır. Düzü, əvvəl həvəsdən düşmüşdüm. Əminəm ki, ən azından magistratura həyatımda təqaüd ala biləcəm".
2-ci kurs tələbəsi Nərgiz İsrafilova isə deyir ki, o ödənişsiz əsaslarla təhsilini davam etdirir, iki ildir ki, təqaüd alır: Ciddi oxumaq lazımdır. Yoxsa təqaüd əldən gedəcək".

1-ci kurs tələbəsi Nurxan Qədirov da ödənişli əsaslarla təhsil alır: "Düzü, vicdan əzabı çəkirdim ki, yaxşı bal toplaya bilmədim və ödənişli oxumaq məcburiyyətində qaldım. Ailəmə bu qədər əziyyət verdim. Düşünmüşdüm ki, 2-ci smestrdən etibarən işləməyə başlayaram. İndi bu xəbərə sevindim. Demək yaxşı oxusam, təqaüd ala biləcəm. Beləliklə, ailəmə çox əziyyət vermiş olmaram".



Reytinq: