» » Şəxsi evdə yerləşən təhsil ocağının şagirdləri kömək diləyir


Şəxsi evdə yerləşən təhsil ocağının şagirdləri kömək diləyir

5-01-2015, 14:45
Oxunub: 796
Çap et
Şəxsi evdə yerləşən təhsil ocağının şagirdləri kömək diləyir


Bu şəkildə gördüyünüz məktəb Siyəzən rayon Qala-Altı kəndinin ibtidai məktəbidir.
milliyyet.az Modern.az saytına istinadən verdiyi məlumata görə, məktəbin digərlərindən fərqi bu təhsil ocağının şəxsi evin birinci mərtəbəsində yerləşməsi və cəmi bir otaqdan ibarət olmasıdır.

Məktəb uzun illərdir fəaliyyət göstərir. Yaxşı vəziyyətdə olmayan məktəbin bu yaxınlara kimi döşəmə və tavanı təmirsiz olub. Valideynlərin dediyinə görə, ev sahibi usta olduğu üçün o, özü döşəmə, tavanı təmir edib.

Məktəbdə təhsil 4 illikdir. İbtidai təhsil bitdikdən sonra uşaqlar digər kənddə - Məşrif kəndində yerləşən tam orta məktəbə getməyə məcbur olurlar.
Valideynlər deyir ki, həmin məktəbə getmək üçün nəqliyyat vasitəsi təşkil olunsa, uşaqların qışın çovğununda dərsə getməkləri asanlaşar. Hələlik isə çox ciddi problemlər yaşayırlar.

Şəxsi evdə yerləşən bu 4 illik məktəbdə 8 şagird təhsil alır, 2 qadın müəllim işləyir. Müəllimlərdən biri həm də direktordur.

Bu kəndin problemləri məktəblə bitmir. Kənd sakinləri deyir ki, su problemləri var. Dəfələrlə kənd bələdiyyəsinə müraciət etsələr də, heç bir nəticəsi olmuyub.

“Bir neçə il əvvələ kimi kənddə mavi yanacaq da olub, qazımız gəlirdi. Amma kənddə yerləşən pansionat təmirə bağlandıqdan sonra qazı da kəsdilər. İndi məcburuq odun alaq. Odun da bizə baha başa gəlir. Kəndimizdə qış çox soyuq keçdiyi üçün məcburuq ki, daha çox odun alaq. Bu da bizim cibimizə uyğun deyil”-deyə Qala-Altı kəndinin sakinləri şikayətləniblər.

Qeyd edək ki, Qala-Altı kəndi istirahət zonası hesab olunur. Kənddə Çıraq-Qala tarixi abidəsi yerləşir. Həm də kəndin “Qala suyu” böyrək daşlarının müalicəsində istifadə olunur.



Reytinq: