» » Təhsil sistemində işsizlər ordusu


Təhsil sistemində işsizlər ordusu

19-12-2014, 12:40
Oxunub: 929
Çap et
Təhsil sistemində işsizlər ordusu


Müəllimlər işsizdir, amma məktəblərdə müəllim çatışmır

Təhsil Nazirliyi 2014-cü il ərzində təhsil sistemində keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, şəffaflığın təmin edilməsi, müasir idarəetmə modelinin tətbiqi və digər müvafiq istiqamətlər üzrə həyata keçirilmiş islahatlar və tədbirlər haqqında yeni məlumatları açıqlayıb.milliyyet.az xəbər verir ki, Təhsil nazirliyinini saytına istinadən yer alan xəbərə görə, orta ixtisas təhsili müəssisələrində son illərdə real tələbata əsaslanmadan artırılmış qəbul yerlərinin sayı keçən tədris ilinə nisbətən azaldılaraq, 15 667 yerdən 11 266 yerə endirilib. Qiyabi təhsil forması üzrə kolleclərə tələbə qəbulu planı əvvəlki tədris ilinə nəzərən 4,1 dəfə azaldılıb, "ibtidai sinif müəllimliyi" və "informatika müəllimliyi" ixtisasları qəbul planından çıxarılıb. Kolleclərə "məktəbəqədər təlim və tərbiyə" ixtisası üzrə qəbul yerləri əvvəlki tədris ilinə nisbətən 38 faiz az planlaşdırılıb.
Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş "Orta ixtisas təhsili müəssisələrində kredit sistemi ilə tədrisin təşkili Qaydaları"na və Təhsil Nazirliyinin müvafiq əmrinə uyğun olaraq, 2014-2015-ci tədris ilindən tələbələr kredit sistemi əsasında təhsil alır. Bununla bağlı bütün zəruri hazırlıq işləri aparılıb, 115 ixtisas üzrə kredit sisteminə əsaslanmış təhsil proqramları hazırlanaraq tətbiq edilib.
Təhsil eksperti Nadir İsrafilov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, son zamanlar Təhsil Nazirliyi müəyyən dəyişikliklər aparmağa çalışır. Bunlar islahatlar deyil, sadəcə yaxın keçmişdə buraxılan səhvlərin aradan qaldırılmasıdır: "Müstəqillik əldə edildikdən sonra təhsil sistemində 15 il ərzində boşluqlar yarandı. Keçmiş təhsil qanunun cəbhə dönəmində qəbul olunduğu üçün işlək hesab edilmədi. Yeni təhsil qanunu isə hazır deyildi. Yalnız 2009-cu ildə təhsil qanunu hazırlandı. Ona kimi də yaranan boşluqlar sayəsində bir çox universitetlər, kolleclər fəaliyyətə başladı. Bu boşluğun nəticəsidir ki, tələb-təklif prinsipi pozuldu. Hazırda 70-dən artıq ali - orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Bunların da 30-u müəllim ixtisası hazırlayır. Ona görə də hal-hazırda bizdə pedaqoji kadrların sayı mövcud tələbatdan 2 dəfə çoxdur. Yəni bizdə müəllim artıqlığı meydana gəlib. Məzun olan müəllimlərin sayı görün nə qədərdir. Onların hamısı işsizlik ordusudur. Maraqlansanız görərsiniz ki, hamısı işsizlikdən əziyyət çəkir".
N.İsrafilov deyir ki, sovet dönəmində müəllimlər təyinat üzrə işləyirdilər. Məhz buna görə müəllim ixtisasında artıqlıq yaranmırdı: "Hər il nəzərdən keçirsəniz görərsiniz ki, müəllimlər üçün 3000-4000 vakant yer olur. Baxmayaraq ki, müəllim artıqlığı var, hər il bu qədər vakant yer olur. Buna səbəb isə müəllimlərin işə qəbulu qaydalarının çətinləşdirilməsidir. Həmin qaydalara əsasən 70 maddə təyin olunub. Müəllimlər həmin bu maddələrin öhdəsindən gəlməkdə çətinlik çəkirlər. Heç bu saat bakalavr pilləsini bitirənləri işə götürmürlər. Mütləq magistr pilləsini də istəyirlər. Gələcəkdə müəllimlik ixtisasında bakalavr səviyyəsini bitirmiş şəxslərin tamamilə işə götürülməməsi fikri səslənir. Çünki müəllim artıqlığı var. Əgər bakalavr pilləsini bitirənləri işə götürmürüksə, kolleclərin yaradılmasının nə mənası var? Hələ qiyabi təhsil məsələsi də ortalıqdadır. Əyanini bitirənlər işsiz olduğu halda qiyabini bitirənlər nə edəcək? Guya bunu distant təhsillə əvəzləmək istəyirlər. Ancaq biz distant təhsilə hazır deyilik".
N.İsrafilov "ibtidai sinif" və "informatika" müəllimliyi ixtisasının nə üçün qəbul planından çıxarılması məsələsinə də aydınlıq gətirib. Onun sözlərinə görə,bu ixtisas sovet dönəmində ən çox dəbdə olan peşə hesab olunurdu: "O zaman valideynlər övladlarını bu ixtisasa yönəldirdilər. Düşünürdülər ki, ibtidai sinif müəllimlərinin nüfuzu, hörməti çox olur. Ancaq bu gün insanlar Bakıda "təkmilləşmə və yenidən hazırlanma institutu"nda 8-9 aylıq kurslarda hazırlaşaraq bu ixtisasa yiyələndilər. Bunun nəticəsidir ki, kimya,riyaziyyat,biologiya müəllimləri azaldı".
Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev Trend-ə bildirib ki, ötən il nazirlik tərəfindən müəllimlərin işə qəbulu üzrə 3286 vakant yer müsabiqəyə çıxarılmışdı. Lakin müəllimlərin həftəlik dərs yükünün yuxarı həddinin 24 saatdan 36 saata qaldırılması ilə əlaqədar cari ildə vakansiyanın sayının aşağı düşməsi proqnozlaşdırılır.
Onun sözlərinə görə, keçən il ən çox vakansiya biologiya fənni üzrə olub. Kimya, coğrafiya, fizika və Azərbaycan dili və ədəbiyyatı fənləri üzrə də vakant yerlərin sayı çox olub. Bölgələrdə vakant yerlərin çox olması buradakı məktəblərdə azsaatlı vakansiyaların sayının çoxluğu ilə izah oluna bilər. Belə ki, həmin dərslərin tədrisi əməkhaqqına cüzi təsir etdiyi üçün müəllimlər tərəfindən bu yerlərə maraq azdır.
İ.Nağıyev qeyd edib ki, təhsil nazirinin əmri ilə təsdiq edilmiş ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların yerdəyişməsi və işə qəbulu ilə əlaqədar qaydalarda hazırda təhsil müəssisələrində işləyən müəllimlərin yerdəyişməsinin həyata keçirilməsi üzrə də yeni mexanizmlər nəzərdə tutulub. Belə ki, daimi əsaslarla işləyən müəllimlərin bir rayon (şəhər) daxilində yerdəyişməsi təhsil müəssisəsinin direktorunun rəyi nəzərə alınmaqla, tabelik üzrə təhsili idarəetmə orqanı tərəfindən həyata keçiriləcək. İş yerini bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər isə Təhsil Nazirliyinə müraciət etməli olacaqlar. Həmin müəllimlərin yerdəyişməsi mərkəzləşdirilmiş qaydada iki mərhələli müsabiqə yolu ilə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi və müsahibə) proqram təminatı tətbiq olunmaqla həyata keçiriləcək.



Reytinq: