» » Valideynlərin diqqətinə: Bakı məktəblərində I sinfə şagird qəbuluna başlanılır


Valideynlərin diqqətinə: Bakı məktəblərində I sinfə şagird qəbuluna başlanılır

27-02-2015, 17:51
Oxunub: 2028
Çap et
Valideynlərin diqqətinə: Bakı məktəblərində I sinfə şagird qəbuluna başlanılırBakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron formada sənəd qəbuluna martın 5-dən başlanılacaq.

milliyyet.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə bildirilib ki, Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.

Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı 2015-ci il martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.

Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək. Müsabiqənin nəticələrinə görə, həmin lisey və gimnaziyalara qəbul edilməyən uşaqların valideynləri (digər qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumtəhsil məktəbi seçmək hüququna malikdirlər.

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (digər qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı qəbulu müsabiqə əsasında keçirən müəssisələrə, lisey və gimnaziyalara martın 15-dən aprelin 15-dək, ümumtəhsil məktəblərinə isə iyulun 1-dən 31-dək aparılacaq.

Xüsusi istedada malik uşaqlar iyulun 13-dən 31-dək Bakı şəhərinin hər bir inzibati rayonu ərazisində yaradılmış komissiya tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən aparılan müsahibədə iştirak edəcəklər (qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara imtahandan uğur qazananlar və Təhsil Nazirliyi tərəfindən təşkil edilən məktəbəhazırlıq qruplarını bitirənlər istisna olmaqla).

Ümumilikdə qeyd edilməlidir ki, tətbiq edilən elektron sistem mövcud olan I sinfə qəbul prosedurlarında hər hansı bir dəyişiklik nəzərdə tutmur.

İstifadəçilər üçün təlimatlar, məlumatlandırıcı videoçarxlar və Bakı Şəhəri üzrə Təhsil İdarəsində təşkil olunmuş telefon məlumat xidməti vətəndaşların elektron sistemdən istifadəsini asanlaşdıracaq.

Elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq.

Elektron ərizənin qeydiyyatı valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq qeydiyyat komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ komissiya tərəfindən aparıla bilər.

Alternativ sənəd qəbulu Səbail rayonu 2 nömrəli THL, Nizami rayonu 145 nömrəli, Nəsimi rayonu 133 nömrəli, Yasamal rayonu 18 nömrəli, Nərimanov rayonu 47 nömrəli, Xətai rayonu 191 nömrəli, Sabunçu rayonu 252 nömrəli, Suraxanı rayonu 114 və 279 nömrəli, Qaradağ rayonu 166 və 274 nömrəli, Xəzər rayonu 26 və 156 nömrəli, Pirallahı rayonu 235 nömrəli, Binəqədi rayonu 115 və 276 nömrəli məktəblərdə təşkil olunacaq.

Valideyn (digər qanuni nümayəndə) uşağının təhsil almasını arzu etdiyi məktəbi müəyyənləşdirməli və elektron sistemdə onu siyahıya daxil etməlidir. Valideyn təlim dili və şagird yerlərinin sayı haqqında məlumatı əldə etmək üçün 5 məktəb seçib siyahıya əlavə edə bilər, lakin ona bu məktəblərdən yalnız birinə sorğu yerləşdirmək hüququ verilir.

Valideyn məktəb seçdikdən sonra fikrini (seçimini) dəyişə bilər. Bunun üçün sistemə əvvəl yerləşdirdiyi sorğunu ləğv etməli, sonra yeni məktəb seçməlidir.

6 yaşı tamam olmayan uşaqlar komissiyada müsahibədən keçməzsə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil edilən komissiyaya 15 iyuldan 10 avqustadək müraciət edə bilər.

İdarədən bildirilib ki, yaşı 8-dən yuxarı olan uşağın I sinfə qəbulu mümkündür. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Evdə təhsil hüququ olan uşağın I sinfə elektron sənəd qəbulu ümumi qaydada aparılacaq. Uşaq şagird qəbulu üzrə işçi qrup tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu hallarda məktəbə qəbul olunmaya bilər.



Reytinq: