» » Qəbul imtahanları pulsuz olacaq – SƏRƏNCAM


Qəbul imtahanları pulsuz olacaq – SƏRƏNCAM

24-02-2017, 23:23
Oxunub: 368
Çap et
Qəbul imtahanları pulsuz olacaq – SƏRƏNCAM


Azərbaycan prezidenti İlham Əliyev respublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Oxu.Az-ın məlumatına görə, orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

- ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;

- ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə sərəncamın 1-ci hissəsinə əsasən imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan on beş gün müddətində hazırlayaraq Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə sərəncamın 2-ci hissəsinə müvafiq qaydada Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra on beş gün müddətində “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsait hesabına Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinə ödənilməsini və 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etmək tapşırılıb.



Reytinq: