» » Yanvarın 17-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur 2-5 dərəcə düşəcək


Yanvarın 17-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur 2-5 dərəcə düşəcək

15-01-2015, 13:40
Oxunub: 726
Çap et
Yanvarın 17-dən Azərbaycan ərazisində hava şəraiti dəyişəcək, temperatur 2-5 dərəcə düşəcək

Yanvarın 17-dən Azərbaycan ərazisində hava şəraiti qeyri-sabitləşəcək və bu proses yanvarın 19-dək davam edəcək.

milliyyet.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, 17-19 yanvar tarixlərində Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir, fasilərlə yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə enəcək.

Yanvarın 16-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam bəzi yerlərində duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.

Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında gecə və səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində isə yağıntılı olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcəyi, rütubətliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.



Reytinq: