» » «Bağça müdiri uşaqların ərzağını evinə daşıyır»


«Bağça müdiri uşaqların ərzağını evinə daşıyır»

5-03-2016, 21:18
Oxunub: 490
Çap et
Buna etiraz edən tərbiyyəçi Zərqələm Aliyeva təhqirlərə məruz qaldığını bildirir
«Bağça müdiri uşaqların ərzağını evinə daşıyır»
1985-ci ildən Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi-uşaq bağçasında tərbiyəçi vəzifəsində çalışan Alıyeva Zərqələm Mansır qızı bu bağça müdiri tərəfindən təzyiqlərə məruz qaldığını iddia edir. O, bağça müdirindən və şikayətini araşdıran polisdən şikayətçidir.

Bu barədə onun "Bizim Yol"a etdiyi müraciətdə bildirilir.

"Çalışdığım müddət ərzində bu günə qədər iş yoldaşlarım arasında hörmət və nüfuza malikəm. Lakin Eşitmə Qabiliyyəti Pozulmuş Uşaqların Respublika İxtisaslaşdırılmış körpələr evi- uşaq bağçasının müdiri Cəfərova Sədaqət Sadıq qızı 2015-ci ilin iyul ayından başlayaraq müxtəlif vasitələrlə mənə şər-böhtan atıb, hədə qorxu gəlib. Eyni zamanda məni işdən çıxardacağı ilə hədələyərək dəfələrlə təhdid edib.

Nəzərinizə çatdırmaq istəyirəm ki, S.Cəfərovanın uşaqlara keyfiyyətsiz yemək verməsinə, verilən yardımı, qurban ətini bağçadan evə aparmasına, körpələrin sokuna su qatmasına dəfələrlə etiraz etmişəm. O da məni müxtəlif üsullarla hədələyərək bu işə qarışmamağa çağırıb. Mən müdirlə razılaşmadıqda, o mənə müxtəlif yollarla təzyiqlər göstərib".

Onun sözlərinə görə, S.Cəfərova onu bağçada şagird və müəllim heyətinin qarşısında təhqir edib: "Sonra təsərrüfat müdiri Esmira məni bağçanın müdirinin xidməti otağına çağırdı. Mənə bildirdi ki, bu işdən əl çəkməsəm məni işdən çıxaracaqlar. Daha sonra bağçanın müdiri məni təkrar küçə söyüşləri ilə təhqir edərək, şərəf və ləyaqətimi alçaltdı. Bu azmış kimi, o üzərimə gəldi. Mən şok vəziyyətində olduğumdan pəncərəni qapı bilərək, pəncərəyə əlimlə toxunduqda şüşə sınaraq əlimi kəsdi və xəsarət aldım. Həmin vaxtı özümdə olmadığımdan qışqıraraq yerə yıxıldım. Bu zaman iş yoldaşlarım vəziyyətimin yaxşı olmadığını görərək mənə kömək etməyə gəldilər. Bununla yanaşı sağ qolumun yuxarı hissəsində indiyənə kimi göyərmə və ağrılar var. 2015-ci ilin sonunda baş verən bu hadisənin ağır nəticələri-xəsarət sağ əlimin aşağı hissəsində bu günə qədər qalıb".

Şikayətçi iddia edir ki, bağça müdiri Sədaqət Cəfərovanın həyat yoldaşı Qabil Abbasov da onun şərəf və ləyaqətini təhqir edib: "Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırmaya başlanılıb. Mən polisin bu işi araşdırmasından qəti razı deyiləm. Vəzifəli şəxsin araşdırılması birbaşa prokurorluq orqanına aid olduğu üçün Nəsimi RPİ-nin təhqiqatçısı Babək Mirzəyevdən toplanmış materialı prokurorluğa göndərməsini tələb edirəm.

Mən bu tələblə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidovun qəbuluna getdikdə, bu idarənin İstintaq və Təhqiqat İdarəsinin rəisi Nazim İsmayılov qəbul etdi. O məni dinlədikdən sonra, işin tam araşdırılmasını Təhqiqat İdarəsinin rəis müavini Emin Məmmədova həvalə etdi.
O da Nəsimi RPİ-də toplanmış bütün materialı Bakı Şəhər Prokurorluğuna göndərəcəyini söylədi".
Şikayətlə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən "Bizim Yol"a bildirildi ki, məsələdən xəbərdardırlar: "Şikayət araşdırılır".



Reytinq: