» » "Beloçka"nın kupon fırıldağı


"Beloçka"nın kupon fırıldağı

2-07-2015, 13:15
Oxunub: 756
Çap et
"Beloçka"nın kupon fırıldağıSosial şəbəkələrdə istehlakçıların “Beloçka” tumlarının fırıldağından şikayətinə tez-tez rast gəlinir. Bu fırıldağın əyani şahidi olduq. Belə ki, 35 qramlıq günəbaxan tumlarının paketinin üzərində uduşlu olması xüsusi işarə ilə verilir. Ançaq içərisində heç bir uduşdan əsər-əlamət belə yoxdur.

Məsələ ilə bağlı “Beloçka” tumlarının qaynar xətti ilə əlaqə saxladıq. Şirkət təmsilçisi sualımıza belə cavab verdi: "Biz onların içinə boş-boşuna kupon atmırıq. Sizin bəxtinizə hədiyyə çıxmayıb. Amma bizim tumlar uduşludur. Ola bilər ki, sabah birini alacaqsız ondan hədiyyə çıxacaq. Əgər sizdə bununla bağlı şübhə varsa, gəlib baxa bilərsiniz və özünüz görə bilərsiniz”.

"Bəs niyə bütün paketlərin üzərində uduşludur yazıldığı halda içərisindən hədiyyə çıxmır" sualına təmsilçi dəstəyi asmaqla cavab verdi.

Qeyd edək ki, bu cür hallara bir neçə dəfə rast gəlinib. Bu qanunun pozulması və insanların kütləvi şəkildə aldadılmasıdır. Belə olan hallarda istehsalçılar məsuliyyət daşıyır.

“Lotereyalar haqqında” Qanuna uyğun olaraq stimullaşdırıcı lotereyanın təşkilatçısı lotereya obyektinin keyfiyyətinə görə cavabdehdir. Yəni təşkilatçının həm stimullaşdırma yolu ilə satdığı məhsul, həm də stimullaşdırma üçün istifadə etdiyi hədiyyələr sanitar-gigiyenik tələblərə cavab verməli, qanunvericiliklə nəzərdə tutulan uyğunluq sertifikatı olmalıdır. Əgər belə uyğunluq yoxdursa, stimullaşdırıcı lotereyaya razılıq verilə bilməz.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasi Qanununa uyğun olaraq, malın (işin, xidmətin) qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir. Bu tələb stimullaşdırıcı lotereyadan istifadə olunmaqla satılan mallara da aiddir. Özü də bu halda həmin tələb malın satışını stimullaşdırmaq üçün uduşa qoyulan əşyalara və hədiyyələrə də şamil olunur. Məsələn, satışı stimullaşdırmaq üçün istifadə olunan uşaq oyuncağının təhlükəli kimyəvi maddələrdən hazırlandığı aşkar olunarsa, bunun qarşısı dərhal alınmalı, konkret zərərçəkmiş şəxslərə dəyən ziyanın əvəzi ilə yanaşı, mənəvi zərər görə kompensasiya da tələb olunmalıdır.

“Reklam haqqında” Qanunda göstərilir ki, keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına yol verilmir. Deməli, tum paketlərində hədiyyələr də yerləşdirməklə satış təşkil olunmasına Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən razılıq verilmədikdən sonra belə lotereyanın keçirilməsi qadağan edilmişdirsə, bunun reklamına yol verilə bilməz. Yuxarıda göstərilən qanuni tələblərin pozulması inzibati məsuliyyətə səbəb olmaqla əhəmiyyətli məbləğdə cərimələrin tətbiqinə səbəb ola bilər.

İnzibati Xətalar Məcəlləsinin 221-1-ci maddəsinə əsasən, keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların keçirilməsinə və reklamına görə fiziki şəxslər səkkiz yüz manatdan doqquz yüz manatadək miqdarda cərimə edilir, vəzifəli şəxslər min manatdan iki min manatadək miqdarda, hüquqi şəxslər səkkiz min manatdan doqquz min manatadək miqdarda cərimə edilir. Bu fəaliyyət nəticəsində xüsusilə ciddi qanun pozuntuları olduqda və bu, ağır nəticələrə səbəb olduqda konkret tərkib əlamətlərindən asılı olaraq belə əməl iqtisadi fəaliyyət sahəsində cinayət kimi qiymətləndirilməklə cinayət məsuliyyətinə səbəb ola bilər. (femida.az)



Reytinq: