» » Yanan binanın saxta qəhrəmanı (VİDEO)


Yanan binanın saxta qəhrəmanı (VİDEO)

23-05-2015, 11:51
Oxunub: 6701
Çap et
Nazirliyə çağırılan Kamran Babayev yalan danışdığını etiraf edib

Yanan binanın saxta qəhrəmanı (VİDEO)Baş verən hadisələrin fonunda nə yazıq ki, faciədən istifadə edənlər də oldu. Elə medianın qəhrəman etdiyi Kamran Babayev kimi. Yanğından sonra sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində onun iki körpəni xilas etməsi xəbəri yayıldı. Əlbəttə ki, bunu özü iddia edirdi, amma bu gün Fövqəladə Hallar Nazirliyinin açıqlaması hamını şoka saldı. Sən demə bu dırnaqarası qəhrəman fırıldaqçı imiş və heç bir xilasetmə əməlindən söhbət belə gedə bilməz.

Ağsu rayon sakini 21 yaşlı Kamran Babayevdən müsahibə alarkən o, dediyi fikirlərə məni də inandıra bilmişdi. Qarşımda dayanan çəlimsiz bir insanın öz dili ilə nəql etdiyi qəhrəmanlıqları dinlədikcə ona rəğbətim daha da artırdı. Kamrandan müsahibə zamanı dediyi bir məqam isə məndə onun yalan danışa biləcəyi düşüncəsi yaratdı. Kamran iki nəfəri canlı xilas edəndən, iki nəfərin isə meyitini odun-alovun caynağından qurtarandan sonra özü Fövqəladə Hallar Nazirliyinin helikopteri vasitəsilə yanan binadan çıxarıldığını iddia edirdi.

"Yanan binanı otaqların birindən başımı çölə çıxardım. Çünki nəfəsim çatmırdı. Huşumu itirirdim. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları helikopterlə gəlib məni götürdülür”, - deyə Kamran Babayev bildirib.

Hündürmərtəbəli binanın yanması, xilasetmə işləri sona qədər izləyən biri kimi deyə bilərəm ki, hadisə vaxtı helikopterlər vasitəsilə binadan heç kim çıxarılmayıb. Amma Kamranla həmsöhbət zamanı bu məqamı onun üzünə vurmadım.

Bu gün Kamranın dediyi bu qəhrəmanlıqlarından xəbər tutan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu nazirliyə dəvət edəndən sonra başqa mənzərinin şahidi olublar.

Kamran nazirliyin yüksək vəzifəli şəxsləri ilə söhbət zamanı yalan danışdığını və hadisə vaxtı yanan binanı yalnız uzaqdan seyr etdiyini etiraf edib. Nazirliyə dəvət edilən Kamran Babayevin atası isə oğlunun uşaqlıqdan səhhəti ilə bağlı problemlərinin olduğunu bildirib.

“Kamranın dedikləri həqiqət deyil. Səhhəti ilə bağlı onun problemləri var. Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılan araşdırmalar zamanı bəlli olub ki, Kamranın söylədikləri real deyil. Mən bir ata kimi, onun dediklərinin yalan olduğunu bilmirdim. Çünki rayonda oluram, burada yaşamıram. Kamran özü isə qaçıb gedib, ondan hələ də xəbər yoxdu”, - deyə Kamranın atası Uğur Babayev bildirib.

Hər halda Kamran Babayev fikrində uydurduğu qəhrəmanlıq səhnələri vasitəsilə iki günlük də olsa, sosial şəbəkə, telekanal və xəbər portallarının diqqətini özünə cəlb edə bildi.

Kamran Babayevin timsalında dillər əzbəri olan atalar sözü yenidən öz təsdiqini tapdı: “Yalan ayaq tutar, amma yeriməz”.


Mənbə
ANS TV



Reytinq: