» » İdarə rəisi polis zabitinin evini və torpağını zorla əlindən alır


İdarə rəisi polis zabitinin evini və torpağını zorla əlindən alır

29-04-2015, 14:44
Oxunub: 873
Çap et
İdarə rəisi polis zabitinin evini və torpağını zorla əlindən alırQəbələ rayon Baytarlıq Xidməti İdarəsinin rəisi rayonda kolxoz sədrinin 25 il əvvəl bir vətəndaşa verdiyi torpaq sahəsini və evi indi onun əlindən almaq istəyir. Məhkəmə bu haqda hətta qərar da çıxarıb.

Lakin 25 ildir ki, həmin torpaq sahəsində yaşayan Kamil Mirzəliyev bu qərardan narazıdır.

milliyyet.az xəbər verir ki, Virtualaz.org saytının redaksiyasına müraciət edən K.Mirzəliyev bütün qanuni sənədləri olduğu halda Şəki Apelyasiya Məhkəməsinin çıxardığı qərara etiraz etdiyini və ailəsinin qarşılaşdığı vəziyyətdən narahat olduğunu deyir.

K.Mirzəliyev deyir ki, 14 il Rusiyada daxili işlər orqanlarında, polis sistemində işləyib. 1990-cı ildə isə iş yerini Azərbaycana dəyişib. Və 21 ilə yaxın Qəbələ Rayon Polis Şöbəsində polis zabiti olub.

Əslən Ucardan olan K.Mirzəliyev 1990-cı ildən Qəbələ rayonunun Böyük Pirəli kəndində yaşayır.

K.Mirzəliyevin sözlərinə görə, Qəbələyə gələndən sonra rayondakı M.F.Axundov adına kolxozun sədrinin icazəsi ilə baytarlıq məntəqəsinin istifadə olunmayan ikiotaqlı inzibati binasında ailəsi ilə birgə yaşamağa başlayıb. Həmin otaqlı evi normal mənzil vəziyyətinə gətirən K.Mirzəliyev bu ünvanda daimi qeydiyyata da düşüb.

K.Mirzəliyev deyir ki, 1994-cü ilin sentyabrında kolxoza müraciət edərək təsərrüfat üçün torpaq sahəsi istəyib. Kolxozun 1995-ci ildə verdiyi qərarla ona 0,12 hektar həyətyanı torpaq sahəsi ayrılıb. Bundan sonra K.Mirzəliyevin müraciəti əsasında Qəbələ rayonu Böyük Pirəli kəndi Aqrar İslahatlar Komissiyasının qərarı ilə yaşadığı evin yerləşdiyi torpağa bitişik ərazidən onlara əlavə olaraq 0,15 hektar torpaq sahəsi də verilib.

Keçmiş polis zabiti bütün bu proseslərin qanun çərçivəsində həyata keçirildiyini deyir: “Qəbələ Rayon Məhkəməsi isə mənim iddiamın təmin edilməsinə, Böyük Pirəli kəndində yerləşən və JN-304 A və JN-304 B saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mənim mülkiyyətimə verilmiş torpaq sahəsində olan, 20 ildən artıq faktiki istifadəmdə olan binanın üzərində mənim mülkiyyət hüququmun tanınmasına və adıma rəsmiləşdirilməsinə dair 10 noyabr, 2009-cu il tarixli qətnamə də çıxarıb. Bu qətnamə əsasında 2010-cu ilin fevralında mənim mülkiyyətimə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən (DƏDRX) çıxarış da verilib”.

Qərarı çıxaran hakim isə Tofiq Məmmədov olub.

Qəbələ Rayon Baytarlıq Xidməti İdarəsinin rəisi Abdurəhmanov Bəhman Əmircan oğlu isə bu ilin mart ayında qeyd edilən ünvanda 25 il yaşayan ailənin qarşısına yeni iddia ilə çıxıb. B.Abdurəhmanov ailənin yaşadığı binanın və torpaq sahəsinin Baytarlıq Xidməti İdarəsinin balansında olduğunu deyib və məhkəməyə müraciət edib.

K.Mirzəliyev məhkəmənin çıxardığı qərar haqda bunları deyir: “Bəhman Abdurəhmanovun verdiyi apelyasiya şikayətinin qismən təmin edilməsinə və Qəbələ Rayon Məhkəməsinin 10.11.2009-cu il tarixli qətnaməsinin ləğv edilməsinə dair Şəki Apelyasiya Məhkəməsi qərardad çıxarıb. Bundan sonra Qəbələ rayon Baytarlıq Xidməti İdarəsinin rəisi məhkəmədə iddia qaldıraraq mənim və həyat yoldaşımın Baytarlıq Xidməti İdarəsinin Böyük Pirəli kəndindəki baytarlıq məntəqəsindən məcburi qaydada çıxarılmağımızı tələb edib”.

K.Mirzəliyev deyir ki, Qəbələ Rayon Məhkəməsinin hakimi Vahid Sadıqov heç bir araşdırma aparmadan martın 6-da iddianın təmin edilməsinə dair qətnamə çıxarıb: “Vahid Sadıqov tam qanunsuz, əsassız qətnamə çıxarıb. Bunu təsdiq edən konkret və mötəbər sübutlarımız var. Belə ki, Şəki Apelyasiya Məhkəməsinin 22.08.2014-cü il tarixli qərardadında Baytarlıq İdarəsinin Böyük Pirəli kəndində yerləşən baytarlıq məntəqəsi üzərində mənə mülkiyyət hüququnun verilməsinə dair DƏDRX-in 16 saylı Ərazi İdarəsinin 02.02.2010-cu il tarixli reyestr çıxarışının ləğvinə və ya etibarsız sayılmasına dair heç bir müddəa yoxdur. Bizim yaşadığımız evdən məcburi qaydada çıxarılmağımıza dair qətnamə tam qanunsuz və əsassız sayılmalıdır. Qəbələ Rayon Məhkəməsinin bu qətnaməsindən apelyasiya şikayəti vermişik”.

Şikayətçi deyir ki, polis işlədiyi zamanda Baytarlıq Xidməti İdarəsinin rəisi belə bir iddianı heç vaxt irəli sürməyib. Bu məsələ onun təqaüdə çıxmasında sonra ortaya çıxıb. B.Abdurəhmanov isə 2003-cü ildən Baytarlıq Xidməti İdarəsinin rəisidir.

K.Mirzəliyev bildirir ki, Qəbələ rayonu ərazisində Baytarlıq Xidmətinə məxsus daha iki belə məntəqə binası da var və orada da ailələr yaşayır. O, bunu məhkəməyə də bildirib. Lakin məhkəmədən K.Mirzəliyevə onların Ucar sakinləri olması haqda bəhanə irəli sürülüb.

“Ucar rayonunda doğulsaq da 1990-cı ildən Qəbələnin Böyük Pirəli kəndində daimi qeydiyyatda olduğumuzu məhkəmənin nəzərinə çatdırsaq da əhəmiyyət vermədilər. Bu mülkün Baytarlıq Xidməti İdarəsinə məxsus olması haqda heç bir rəsmi sənəd yoxdur”- deyə şikayəçti məhkəmədən narazılığını dilə gətirir.

Şikayətçi iddia edir ki, hakim bu qərarı şəxsi marağı hesabına, Baytarlıq Xidməti İdarəsi rəisindən aldığı rüşvətə görə çıxarıb.

K.Mirzəliyev bir aya yaxındır ki, apelyasiya şikayəti versə də cavab almadığını deyir. O, qarşılaşdığı problemlə bağlı prezident İlham Əliyevə və ədliyyə naziri Fikrət Məmmədova da müraciət edib.

K.Mirzəliyevin iddiaları ilə bağlı hakim V.Sadıqovun və Baytarlıq Xidməti İdarəsinin rəisi Bəhman Abdurəhmanovun fikirlərini öyrənmək cəhdlərimiz nəticəsiz qaldı. Onların bizə məlum olan telefonları zəngləri qəbul etmədi. Amma onların da mövqeyini öyrənib dərc etməyə çalışacağıq.



Reytinq: