» » Lamiyə olayında Səfər Əbiyevin iştirakı


Lamiyə olayında Səfər Əbiyevin iştirakı

5-02-2015, 14:48
Oxunub: 652
Çap et
Lamiyə olayında Səfər Əbiyevin iştirakı

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlu Ruslan Aslanovun qətlində təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Vüqar Əliyevin atası Ibrahim Ismayılov “Azadlıq” qəzetinə sensasiya sayıla biləcək açıqlamalar verib.


milliyyet.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ibrahim Ismayılov əvvəlcə Ruslan Aslanovun qətlindən danışıb. O, bildirib ki, oğlunun bu qətldə heç bir təqsiri yoxdur, ittiham aktında yazılanlar Aslan Aslanovun quramısıdır: “Təkcə bir faktı deyim. Ruslan Aslanova 3 bıçaq vurulub və amma ittiham aktında yazılıb ki, guya ona 18 bıçaq zərbəsi endirilib. Bu Aslan Aslanovun quramasıdır. O, oğlunun amansızlıqla qətlə yetirildiyi barədə rəy yaradırdı. Istəyirdi ki, Vüqarı ömürlük həbsxanaya saldırsın, buna da nali oldu. Aslan Aslanov prokurora, müstəntiqə, bir sözlə, hamıya təzyiq edirdi. Mənim oğlumun bu hadisədə təqsiri yoxdur. Sadəcə Ruslan qətlə yetirilən vaxt orda olub. Özü də onu ora elə Ruslanın özü aparıb. Deyib ki, mənimlə gedək Lamiyə ilə üzləşim”.

Keçmiş icra başçısı oğlunun qətlindən istifadə edib

Ibrahim Ismayılovun sözlərinə görə, Vüqar Əliyev təqsiri olmasa da, həbs ediləndən sonra işgəncələrə məruz qalıb. Aslan Aslanovun məqsədi qətli özünə və ailəsinə sui-qəsd kimi qələmə vermək olub. Bu baxımdan ortaya müxtəlif versiyalar atıb və Vüqar Əliyevdən onun dediklərini təsdiqləməsini tələb edib: “Guya Ruslanın qətlində Vüqar və Lamiyədən başqa üçüncü şəxsin də əli olub. Amma heç bir ad çəkməyiblər. Sadəcə Vüqara deyiblər ki, siz üç nəfər olmusunuz və üçüncü adamın adını de. Daha sonra Aslan Aslanov Vüqardan tələb edib ki, qətlin sifarişçisi kimi vergilər naziri Fazil Məmmədovun və ”Saşa" ləqəbli Şahbaz Süleymanov adında bir şəxsin adını çək. Daha sonra başqa versiya ortaya atılıb. Guya Ruslanı Şəmkirin bazarkomu Elpərəstin öldürtdürüb. Vüqar Aslan Aslanovun bu tələblərini yerinə yetirməyib. O adamların əleyhinə danışmayıb. Buna görə də oğluma amansız işgəncələr veriblər. Tapançanın arxası ilə vurub 6 dişini sındırıblar, başına butulka vuraraq ölümcül hala salıblar".

Vüqar Əliyevin atası deyib ki, Aslan Aslanov oğlunun qətlindən istifadə edib düşmənlərini zərərsizləşdirmək istəyirdir: “Aslan Aslanov adını çəkdiyim adamlara düşmən münasibət bəsləyirdi. Ona görə də onların adlarını hallandırırdı. Həm istəyirdi qətlin motivini dəyişsin, həm də bununla düşmənlərini sıradan çıxarmaq istəyirdi. Bunun üçün əlindən gələni edirdi. Amma bütün bunlar alınmayanda guya oğlunun torpaq üstdə öldürüldüyü versiyasını ortaya atdı. Prokurora, müstəntiqə də bu barədə göstəriş verdi. Ona görə də istintaq Ruslan Aslanovun namus üstdə öldürülməsi versiyasına yaxın durmurdu”.

Aslan Aslanov bu işə görə 12 nəfəri həbs etdirib

Ibrahim Ismayılov deyib ki, Aslan Aslanov oğlunun qətlinə görə Vüqar Əliyevlə Lamiyə Quliyevanın həbsilə kifayətlənməyib: “Bu işə görə Vüqar və Lamiyədən başqa mən, həyat yoldaşım, baldızlarım, qaynım, yeznəm, Lamiyənin anası, ümumilikdə 12 nəfər ən müxtəlif ittihamlarla həbs olundu. Mənə 3 maddə ilə ittiham irəli sürmüşdülər. Biri cinayəti bilib gizləmək, biri hədə-qorxu gəlmək, biri də torpaq zəbt etmək. Əvvəla, mənim cinayətdən əvvəlcədən xəbərim olmayıb ki, onu gizlədim. Cinayət baş verəndən az sonra isə Vüqar tutulub, biz də bundan sonra bilmişik ki, belə bir hadisə olub. Hədə-qorxu məsələsinə gəlincə, Aslan Aslanovun şahidləri ifadələrində yazmışdılar ki, guya mən Aslana hədə-qorxu gəlmişəm, onu döymüşəm və s. Bunlar hamısı yalandır. Aslan Aslanov iki mən boydadır, mən onu necə döyə bilərəm. Ona harda hədə-qorxu gəlmişəm ki, oğlum həbs olunandan sonra bizi ailəlikcə həbs etdirib. Zəbt etdiyim iddia olunan torpağı isə türmədən çıxandan sonra satmışam. Indi sual olunur, əgər mən o torpağı zəbt etmişdimsə, o torpaq başqa bir adamın idisə onu necə sata bilərdim? Aslanov sadəcə qisas alırdı. Təsəvvür edin, bir uşaq var idi Arzu Sadıqov. Onu tutub Gəncə türməsində işgəncə verirdilər ki, mənə bıçaq satdığını desin. Lamiyə Quliyevanın xalası oğlunun həbs etdilər. Onun boynuna qoydular ki, guya qızın başına bu oyun açıb. Nahaqdan o adama 6 il iş verdilər”.

Keçmiş icra başçısı oğlunun adını parka vermək istəyib

Ibrahim Ismayılov deyir ki, oğlu və özü həbs olunandan sonra da Aslan Aslanov onlardan əl çəkməyib: “Vüqarı türmədə zəhərləmək istədilər. Qobustanın keçmiş rəisi Aslan Aslanovla əlbir idi. Onun tapşırıqları əsasında Vüqarı incidirdi. Mən ona saçaqlı pendir aparmışdım. Həmin pendirə nəsə qatıb Vüqarı zəhərləməyə cəhd göstərmişdilər. Özümə gəlincə, məni vərəm xəstəsi olan bir məhbusla birgə karsa saldılar. Qəsdən etdilər. Mən də xəstəliyə yoluxdum”.

Aslan Aslanov bununla da kifayətlənməyib. Ibrahim Ismayılova məxsus dükanı yerlə-yeksan edib: “Bir dükanımız var idi, uçurdu. Heç bir əsas olmadan, qanunsuz olaraq uçurdu. Həmin dükanın yerində park saldı. Istəyirdi parka oğlunun adını versin. ”Ruslan gənclik parkı" adlandırsın oranı. Amma sonra onu fikrindən daşındırdılar. Bu adamın oğlu öz əməllərinin qurbanı olub. Lamiyənin başına oyun açıb. Qız bunu məhkəmədə də dedi. Hətta Aslan Aslanovun qardaşı Elsevər Aslanov ona hədə-qorxu gəldi, təhqir etdi. Amma Lamiyə yenə dedi ki, Ruslan onun başına oyun açıb, buna görə də onu öldürüb".

Səfər Əbiyevin Aslanova dəstəyi

Ibrahim Ismayılovun sözlərinə görə, bu məsələdə keçmiş müdafiə naziri Səfər Əbiyev də Aslan Aslanova köməyini əsirgəməyib: “Bayıl türməsində bizim üçün apelyasiya məhkəməsi oldu. Hakim Şahin Yusifov adlı bir şəxs idi. O, hərbi işlərə baxmalı olduğu halda, mülki işə çıxmışdı. Bunu da Səfər Əbiyev təşkil etmişdi. Həmin hakim də tapşırığa uyğun olaraq işə ədalətlə baxmadı. Aslan Aslanovun təzyiqləri bununla bitmirdi. Mən türmədən çıxandan sonra fürsət düşdükcə bizim ailəyə qarşı nəsə edirdi. Elə bir müddət əvvəl nəvəmi oğurlamaq istəyirdilər. Bu işdə Aslan Aslanovun qardaşı Elsevər Aslanov var idi. Amma planları baş tutmadı”.

Lamiyə Quliyevanın həbsxana yoldaşı sirləri açır

Ibrahim Ismayılov Lamiyə Quliyevanın həbsxanada uşaq dünayaya gətirməsindən də danışıb. O, bildirib ki, bu Lamiyə Quliyevanın üçüncü uşağıdır: “Lamiyənin bir uşağı Aslan Aslanovun oğlundan olub. O, Ruslanı öldürəndə bətnində uşağı olub. Həmin uşağı Aslan Aslanovun göstərişilə Şəmkir Mərkəzi Xəstəxanasının Dünya adlı həkimi abort eləyib. Həmin həkim Aslan Aslanovun kəndçisidir. Daha sonra Lamiyə Quliyeva həbsxanada uşağa qalıb. Həmin uşağın atası onun cəzaçəkdiyi müəssisənin keçmiş rəisi Müzəffər olub. O uşağı da abort eləyiblər. Sonra üçüncü uşaq olub. Bu uşağın da atası keçmiş rəisdir. Bunu ona görə abort eləməyib ki, rəis həmin vaxt işdən çıxıb. Lamiyə də uşağı saxlayıb. Amma ona təzyiq edirlər ki, əsl həqiqəti danışmasın. Deyir guya hansısa məhbusla münasibəti olub. Bu sadəcə mümkün deyil. Lamiyəyə təzyiq edirlər ki, belə desin. Ictimaiyyət bu uşaq söhbətini təzə bilir. Amma biz bu məsələni çoxdan bilirdik. Şəmkirdə bir qadın var idi. O da Lamiyənin cəza çəkdiyi kalonda məhbus olub. O, həbsdən çıxandan sonra bizə demişdi ki, Lamiyənin zonun rəisi ilə münasibəti var. Uşaq söhbətini də o demişdi. Mən həbsdən çıxandan sonra Lamiyənin yanına getmişdim. Ona dedim ki, şikayət edək, köməkləşək səni qurtaraq. Amma razı olmadı. Dedi mənim işimə baxacaqlar. Həmin rəis onu öyrətmişdi. O rəis də Aslanovla əlbir idi. Mənim fikrimcə, bütün bunları Aslanov təşkil edib. Lamiyənin həyatını məhv etmək üçün. Oğlu Turqay Aslanov da ədliyyə sistemində çalışır. Onun da bu işlərdə rolu var. Bizim məhkəmələrə şikayətlərimizin qarşısını o alıb”.

Qeyd edək ki, Lamiyə Quliyevanın həbsxanada uşaq dünayaya gətirməsi ictimaləşəndən sonra bu məsələdə onun cəza çəkdiyi 4 saylı müəssisənin keçmiş rəisi Müzəffər Məmmədovun adı hallandırılırdı. Lakin o, barəsində deyilənləri təkzib etmişdi. “Bütün bunlar cəfəngiyatdır. Mənim 65 yaşım var. Bu söz-söhbətə görə ailəm dağılır”,- deyə Müzəffər Məmmədov bildirmişdi.

Ibrahim Ismayılov sonda deyib ki, oğlunun azadlığa buraxılması üçün ölkə başçısına müraciət etməyi planlaşdırır: “Bu məsələlər yenidən gündəmə gələndən sonra bizdə ümid yaranıb. Oğlum 12 ildir günahsız cəza çəkir. Lamiyə Quliyeva da cəzasını çəkib. Ona görə də prezidentə müraciət etməyi düşünürük. Ümid edirik ki, haqq-ədalət öz yerini tapacaq”.



Reytinq: