» » Azərbaycanda inqilab üçün on milyonlarla dollar xərclənir


Azərbaycanda inqilab üçün on milyonlarla dollar xərclənir

29-01-2019, 00:59
Oxunub: 20
Çap et
Azərbaycanda inqilab üçün on milyonlarla dollar xərclənir

“Avropa Birliyinin müxtəlif ölkələrində və ABŞ-da məskunlaşan, özlərini “siyasi-ictimai fəal” və ya “müstəqil bloqer” adlandıran, əsasən YouTube və Facebook vasitəsilə Azərbaycan vətəndaşlarına ünvanlanmış çağırışlar edən şəxslərin sayı az deyil. Onlar sanki retrovirus sporları kimi artır, sosial şəbəkələrdə fəaliyyətlərini genişləndirməyə çalışırlar. İstisnasız olaraq hamısı “Azərbaycanda demokratiya, insan haqları və vətəndaş cəmiyyəti” uğrunda mübarizə apardıqlarını, bu işdə maddi məsələləri əsla düşünmədiklərini, məqsədlərinin sadəcə, “Azərbaycan insanının mənafeyini qorumaq (!) və “hakimiyyətə qarşı mübarizə” olduqlarını söyləyirlər. Doğrudanmı bu insanlar müstəqil fəaliyyət göstərir, yalnız və yalnız siyasi mübarizə ilə məşğul olur, demokratiya ilə insan haqlarına dəstəklə məşğul olurlar?! Gerçəkdənmi onları kimsə maliyyələşdirmir və sadəcə, öz hesablarına fəaliyyət göstərirlər?!”

Bu sətirlər tanınmış araşdırmaçı jurnalist Elçin Alıoğlunun “10 milyon dollara görə “Azərbaycanda demokratiya” didişməsi” məqaləsində yer alıb. Jurnalist yazır ki, özünü prinsipial demokratiya mübarizi göstərən bir mühacir ona Almaniyada deyib ki, hakimiyyət 30 min avro versə, müxalifəti “daxildən parçalamağa” hazırdır. Jurnalist həmin adamın adını çəkməyib. Elçin Alıoğlu yazır ki, “Amnesty İnternational”, “Reporters Without Borders” və “Human Rights Watch” ilə yanaşı, macar əsilli amerikalı milyarder Corc Sorosun çoxsaylı strukturları da “Azərbaycan hakimiyyətinə qarşı mübarizə aparan” blogerləri və fəalları maliyyələşdirir.

Məqalədə daha sonra deyilir: “Azərbaycanlı “mühacir-müxalif bloqerlər” şəbəkəsinin idarə olunmasında və maliyyələşdirilməsində Bolqarıstandan olan iki sabiq nazir — Petr Dimitrov və Miqlena Taçeva aktiv iştirak edirlər. Sorosun “Açıq Cəmiyyət-Bolqarıstan” Fondu rəsmi Sofiyanın iki qərarına əsasən, fəaliyyətini “xeyli məhdudlaşdıraraq” illik maliyyələşdirmə büdcəsini “vur-tut” 825 min avroya salsa da, yaşananlar sadəcə, zahiri görüntüdür.Belə ki, fond adını dəyişərək “Fəal Vətəndaşlar Fondu” (Active Citizens Fund, ACF) olub. ACF-nin donorları isə C.Sorosun Norveç, İslandiya və Lixtenşteyndə rəsmi qeydiyyata alınmış strukturlarıdır ki, onlar da sözügedən təşkilata “ianə büdcəsi” qismində ildə minimum 15,5 milyon avro verməyə başlayıblar. Bu işdə Sorosun təşkilatları ABŞ-ın USAİD strukturu ilə birlikdə fəaliyyət göstərirlər”.

Araşdırmada göstərilir ki, son vaxtlarda “maliyyələşmədə “fərqli” addımlar atılır”. Müəllif yazır: “Məsələn, bu ilin əvvəlindən etibarən “müstəqil bloqer”lərə maliyyə ayrılmasına Sorosun Slovakiya və Fransadakı “Açıq Cəmiyyət” fondları da qoşulublar.İlkin məlumatlara görə, Avropa Birliyi ölkələrinə sığınan və hər gün, əksər hallarda isə gündə bir neçə dəfə sosial şəbəkələrdə, əsasən də YouTube-da və Facebook-da Azərbaycana qarşı aşkar, aqressiv təbliğatla məşğul olaraq ölkədə vətəndaş qarşıdurmasına və kütləvi etiraz aksiyalarına çağırışlarla məşğul olan şəxslər və strukturlara son 11 ayda 3,97 milyon dollar, yəni təqribən 4 milyon dollar sərf olunub. …Eyni zamanda ABŞ-ın “Demokratiya Uğrunda Milli Hərəkat” (National Endowment for Democracy, NED) də Azərbaycana qarşı illərdən bəri apardığı fəaliyyətini aktivləşdirib”.

Mühacir fəallar arasında “qrant davası” getdiyini yazan Elçin Alıoğlu Məhəmməd Mirzəli və Tural Sadıqlı adlı blogerlərin qarşıdurmasına da toxunub: ”M.Mirzəlinin dediyinə görə, Azərbaycanda “inqilaba və kütləvi nümayişlərə çağırışlar edib, demokratiya carçısı olduğunu deyən, əslindəsə fırıldaqçı olan” Tural Sadıqlı sosial şəbəkələrdəki fəaliyyətinə, o cümlədən “Azad Söz” YouTube kanalına görə “qrant” qismində 80 min avro alıb”.

Müəllif Londona mühacirət etmiş və virtual “Azərbaycan Xalq Hərəkatı” quran sabiq vəkil Qurban Məmmədovun bu sözlərini misal gətirir: “Onlar deyirlər ki, bazarlarına girməyim. Buna görə məndən YouTube-a şikayətlənir, maneələr yaratmaq istəyirlər. Sakitləşin — pullarınızda, aldığınız o haram “qrant”larda gözüm yoxdur”, — Qurban Məmmədov belə deyib. Sabiq vəkili “cin atına mindirən” məqam isə aralarında Sevinc Osmanqızının da yer aldığı bir dəstə “mücahid”in şikayəti əsasında Q.Məmmədovun YouTube-da canlı yayımlarının yasaqlanmasıdır. Sən demə, o, “bloqer”lərin “bazarına girib”. ABŞ-da yaşayan və Azərbaycana olan münasibəti ilə yaxşı tanınan Səid Nuri də kənarda qalmayıb. Onun iddialarına görə, Avropa Birliyi ölkələrindəki “bloqer”lərə “qrant”lar qismində 6 milyon dollar ayrılıb.“O pulların kimlərə nə üçün verildiyini yaxşı bilirəm” deyən Səid Nuri həmin “bloqer”ləri o qədər “sevir” ki, ölkəmizin Niderland Krallığındakı səfirliyinin sabiq 3-cü katibi, indisə özünü “Oyan” Hərəkatının lideri” kimi təqdim edən… Nahid Cəfərovun adının onunla səhv salınmasını belə, özünə təhqir sayır”.

Elçin Alıoğlu sonda yazır: “Azərbaycanda zorakı hakimiyyət dəyişikliyinə, yəni çevrilişə can atan fondlar və təşkilatların verdikləri “qrant” adlı sədəqələrlə yanaşı, “bloqer”lərə Avropa Birliyi ölkələrində yaşayan sabiq məmurlar və iş adamları da yardım edirlər.ABŞ-da isə “baş ianəçi” Rəsul Quliyevdir: məhz o, hazırda YouTube-da Azərbaycana qarşı 11 (!) kanalın maliyyələşdirilməsində xüsusi canfəşanlıq göstərir”.



Reytinq: