» » Səhiyyə sisteminin dərman korrupsiyası rəsmiləşir


Səhiyyə sisteminin dərman korrupsiyası rəsmiləşir

4-12-2014, 17:01
Oxunub: 792
Çap et
Səhiyyə sisteminin dərman korrupsiyası rəsmiləşir


Gələnilki büdcədə hökumət dövlət hesabına alınan dərmanları Səhiyyə Nazirliyinə «tapşırıb»

Milliyət.az Cumhuriyyət.az-a istinadən xəbər verir ki, gələn ilin dövlət büdcəsindən "Səhiyyə" bölməsinə düşən vəsait cəmi 777,6 milyon manatdır. Məbləğ cari illə müqayisədə 7,2 faiz artsa da, ümumi xərclərin 3,7 faizini təşkil edir. Bunun - 110,09 milyon manatı poliklinikaların və ambulatoriyaların saxlanmasına sərf ediləcək. (artım 3,8 faizdir) - 359 milyon manat isə xəstəxanalara ayrılacaq. Bu istiqamətdə xərclərdə 8,1 milyon manat və ya 2,2 faiz azalma var. Hesablama Palatasının rəyindən məlum olur ki, gələn il "Xəstəxanalar"ın köməkçi bölməsinin səhiyyə xərclərindəki payı ötən illə müqayisədə 51,5 faizdən 46 faizə qədər düşəcək.
Səhiyyə xərclərində də diqqət çəkən məqamlar az deyil. Məsələn, büdcə sənədindən məlum olur ki, "səhiyyə sahəsində digər xidmətlər" deyilən bir bölmə var. Həmin bölmə üzrə vəsaitlər gələn il 14,6 faiz artaraq 7 milyon manata yüksəlib. Paralel olaraq "səhiyyə sahəsinə aid edilən digər xidmətlər" adlanan bölmə də mövcuddur. Səhiyyə xərclərində ikinci ən böyük xərc strukturu məhz sözügedən istiqamətdədir- 296,5 milyon manat. Özü də bu istiqamətdə çox əhəmiyyətli artım var-23,3 faiz.
Korrupsiyaya görə xəstəxanalar tərəfindən dərman və ərzaqların alınması dayandırılır
Baş verən artım və azalmaların səbəbini Hesablama Palatasının rəyində axtarmağa cəhd göstərdik. Aparılan təhlildən məlum olur ki, "Xəstəxanalar"ın köməkçi bölməsi üzrə nəzərdə tutulmuş ərzaq xərclərinin bir hissəsi mərkəzləşdiriləcək. Yəni bu xərclərin əsas hissəsi mərkəzləşdirilmiş qaydada istifadə üçün "Səhiyyə sahəsinə aid edilən digər xidmətlər" köməkçi bölməsinə əlavə edilib. Ümumiyyətlə, hesabatda göstərilir ki, dərman, sarğı ləvazimatları və materialların alınmasına yönəldilən vəsaitlər də ayrı-ayrı xəstəxanalar, poliklinikalar tərəfindən deyil, Səhiyyə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş formada istifadə olunacaq. Bu səbəbdən də ayrı-ayrı tibb müəssisələri üzrə xərclərdə azalma olsa da, "Səhiyyə sahəsinə aid edilən digər xidmətlər" bölməsində böyük həcmdə artım müşahidə edilir. Xərclərin mərkəzləşdirilməsinə gəlincə, Palatanın rəyində bunun korrupsiya əməllərinin azaldılması məqsədilə atıldığını göstərirlər: "Respublikanın səhiyyə müəssisələrində aparılmış son audit tədbirləri ilə müəyyən edilib ki, rayon (şəhər) mərkəzi xəstəxanaları tərəfindən satın alınmış ümumi təyinatlı və şəkərli diabet xəstəliyi üzrə dərman vəsaitlərinin alış qiymətləri Səhiyyə Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada alınmış eyniadlı dərman preparatlarının qiymətlərindən fərqli olub. Dövlət büdcəsi vəsaitlərindən səmərəli istifadəni və əhalinin sağlamlığının qorunması sahəsində tədbirlərin gücləndirilməsini təmin etmək məqsədi ilə növbəti ildə dərman vəsaitlərinin satın alınması üzrə xərclərin mərkəzləşdirilmiş qaydada Səhiyyə Nazirliyi tərəfindən icrası nəzərdə tutulub".
Tibb işçilərinin maaşları artacaq?
Ümumilikdə, Palatanın rəyindən məlum olur ki, gələn il səhiyyə işçilərinin əməkhaqlarında artım olacaq. Hesablama Palatasının rəyində göstərilir ki, "Səhiyyə" bölməsi üzrə xərclərin 46,4 faizi əməyin ödənişi üzrə proqnozlaşdırılıb. Bu da 2014-cü illə müqayisədə 4,4 faiz çoxdur. Təqaüdlər və sosial müavinətlər üzrə ayırmalar 3,3 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 27,7 faiz artım deməkdir.
Bütün bunlarla yanaşı, səhiyyə sahəsində bir sıra dövlət proqramları da həyata keçirilir. Bu proqramlar üzrə dövlət büdcəsindən 152,2 milyon manat vəsait ayrılması proqnozlaşdırılır. Hansı dövlət proqramına nə qədər ayrılacağı isə aşağıdakı cədvəldə göstərilir.

Proqram və tədbirlər
Üzrə xərclər
2015-ci il (manatla)
2015-ci il (manatla)2014-cü illə müqayisədə xərc fərq (artım və ya azalma)
məbləğlə
faizlə
Xərçəng xəstəliyi ilə milli mübarizə Dövlət Proqramı
42,2milyon
3,2milyon
+8,4 %
Hemofiliya və talassemiya İrsi qan xəstəlikləri üzrə Döv.Proq.
21,7milyon
601 min
+2,8 %
Şəkərli Diabet üzrə Döv.Proq.
35,7milyon
2milyon
+6 %
Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı
26,5milyon
- 1,2milyon
- 4,5 %
Yolxucu xəst+in immunoprofilaktikasına dair Təd. Proq. (peyvəndləşmə)
3milyon
- 1,5milyon
- 33,3
Ana və uşaqların sağlamlıqlarının qorunması üzrə Döv. Proq.
4,3milyon
2,3milyon
+117,5%
HİVAİDS-in qarşısının alınması və onunla mübarizə
3,1milyon
100,3 min
+3,3%
2011-2015-ci illər üçün vərəmlə mübarizə Təd.Proq.
1,5milyon
-1,5milyon
-50%
Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin müalicəsi tədbirlərinə
3,3milyon
-1,7milyon
-34 %
Dövlət proqramları üzrə təhlil apardıqda, 6 yaşınadək uşaqlarda peyvəndlərin edilməsi və vərəm xəstələrinin müalicəsi üzrə xərclərdə kəskin azalma olduğunu görürük.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli "Bizim Yol"a sözügedən xərclərin azaldılmasına aydınlıq gətirə bilməyəcəyini söylədi. A.Qədirli bununla bağlı araşdırma aparıb məlumat verəcəyini bildirdi.
Büdcə üzrə ekspert Rövşən Ağayev deyir ki, dünyada bu tip xərclərdə mərkəzləşmə deyil, əks-mərkəzləşmə sistemi qurulur. Bu sistem korrupsiyanın qarşısını almaq üçün daha effektiv vasitədir: "Əsas problem odur ki, bizdə satınalma mexanizmləri effektiv deyil. Xəstəxanalarda aparılan satınalmalara nəzarət yoxdur. Burada tək dövlətin deyil, ictimai nəzarətin də olması gərəkdir. Tenderlərdən ictimaiyyətin xəbəri yoxdur. Xərcləri mərkəzləşdirmək qapalılığı bir qədər də artıracaq".
Ekspertə görə, xərclərdə şəffaflığa nail olmaq üçün ayrı-ayrı tibb müəssisələrinin büdcəsi açıq olmalı, medianın onların keçirdiyi tenderlərdə iştirak imkanları əlçatan olmalıdır.
Tibb üzrə mütəxəssis Adil Qeybulla isə səhiyyə sahəsində mövcud olan dövlət proqramlarının icrasını vacib sayır: "Səhiyyə sahəsində islahatlar başa çatmamış hələ ki, bu proqramların həyata keçirilməsinə ehtiyac var. Əlbəttə, burada effektivlik əsas məsələdir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, Azərbaycan vərəmin tolerant formasından (yəni dərmanlara həssas olmayan forması) əziyyət çəkən xəstələrin sayına görə dünyada birinci yerdədir.
Bundan əlavə Azərbaycanın daxilində geniş yayılmış endemik xəstəliklər var. Məsələn, talassemiya, hemofiliya, zob, onkoloji xəstəliklər çoxdur. Məhz onların müalicəsi dövlət səviyyəsində aparılır. Ailələrin sosial müdafiəsi baxımından bu proqramların önəmi xüsusidir".
A.Qeybulla əlavə etdi ki, proqramların effektivliyini müəyyənləşdirmək üçün xəstəliklərin artıb-azalma dinamikasını izləmək lazımdır: "Məsələn, vərəm xəstələrinin sayına görə dünyada yüksək pillədə durduğumuz halda, bu istiqamətdə xərclərin azaldılması təzadlı məqamdır".



Reytinq: