» » Bir “Atlas” digər “Atlas”ın güdazına gedib?


Bir “Atlas” digər “Atlas”ın güdazına gedib?

7-12-2014, 01:04
Oxunub: 2811
Çap et
Bir “Atlas” digər “Atlas”ın güdazına gedib?


Qaynarxəbər.com xəbər verir ki, Səhiyyə Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan “Atlas MedicalCenter” MMC-nin rəhbərliyi Teleqraf.com-a bu klinikanın bağlanmaması barədə verdiyi informasiyanın düzgün olmadığını açıqlamışdı. Klinikadan bildirilib ki, tibb mərkəzi hazırda fəaliyyətdədir, xəstə qəbulunu davam etdirir. Lakin Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli yenidən açıqlama verərək bildirib ki, klinika birmənalı olaraq fəaliyyətini dayandırıb və buna səbəb fəaliyyətindəki bəzi nöqsanlarla bağlı olub: “Atlas MedicalCenter” MMC-nin lisenziyasının əlavəsində göstərilən xidmətlərdən kənar - ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi barədə müraciət daxil olub. Nazirliyin müvafiq yoxlama komissiyası həmin məlumatlar əsasında bu müəssisədə araşdırma aparıb. Yoxlama nəticəsində “Atlas MedicalCenter” MMC tərəfindən qanunsuz ginekoloji və doğuşayardım xidmətlərinin göstərilməsi faktı təsdiqlənib”. Anar Qədirli əlavə edib ki, ümumilikdə müəssisədə tibb xidmətlərinin təşkili zamanı mövcud normativlərin tələblərinin ciddi şəkildə pozulması faktı aşkarlanıb. Qeyd olunanları nəzərə alaraq, Səhiyyə Nazirliyinin komissiyası tərəfindən “Atlas MedicalCenter” MMC-nin tibb fəaliyyəti nöqsanlar tam şəkildə aradan qaldırılana qədər dayandırılıb. Kinikanın fəaliyyətini dayandırmağından ən çox narahat olanlar isə orda çalışanlarla yanaşı, həm də həkim növbəsinə yazılan pasiyentlərdir. Bu gün səhər saatlarında növbə gözləyən vətəndaşlarala klinika arasında mübahisə yaranıb. Teleqraf.com-un hadisə yerində olan müxbirinin sözlərinə görə, bir neçə gün əvvəl “AtlasMedicalCenter”də analiz verən vətəndaşlar nəticələri götürməyə gələndə klinikanın qapısında yazılan elandan tibb mərkəzinin bağlandığını bilincə, narazılıqlar başlayıb. “Zəng vururam, telefonu açmır” Tibb Mərkəzinin qapısında dayanmış 3-4 nəfər xanım heyətdən başqa heç kəs gözə dəymirdi. Gələnləri də elə onlar qarşılayıb, yola salırdı. Hamıya da eyni sözləri təkrarlayırdılar: “Klinka təmirə bağlanıb. Nə vaxt açılacağını heç özmüz də bilmirik. İçəridə bütün kabinetlərin qapısı qıfıllanıb, keçməyə icazə verilmir. Axşama yaxın rəhbərlik açıqlama verəcək” deyəndə, ikinci dəfə qapıya yaxınlaşan şəxs qapısını təpikləməyə başladı. O qışqıraraq klinikanı məhkəməyə verəcəyi ilə hədələyirdi: “İndi bilirəm ki, klinikanın bağlanması haqqında bir həftə bundan qabaq qərar verilib. Məndə isə dünən təkcə analizə 275 manat pul alıblar. İndi bir nəfər çıxıb demir ki, mənim vəziyyətim necə olacaq. Həkimim məndən bu günə analizlərin cavabını gözləyir. Sumqayıtdan gəlmişəm. Səhər saat 8-dən burdayam, “Atlas”da həkimim Şahin Qurbanov olub, dünən 30 manat ödəyib qəbuluna düşmüşəm. İndi ona da zəng vururam, telefonu açmır”. Analizlərin cavabı açıqlancaq Kənarda dayanıb gözləyən ailənin vəziyyəti isə daha ağır idi. Ağcabədidən gəldiklərini deyən Ramil Hüseynov 3 yaşlı qızı üçün uşaq nevropatoloqu Zakir Əliyevin qəbuluna gəldiyini dedi: “O həkimin qəbuluna düşmək çətindi. Sentyabr ayından növbəyə yazılmışam, düzdür ödəniş etməmişəm, amma neçə vaxtdır bu günü gözləyirdik. Srağagün zəng vurub dedilər ki, dekabrın 5-i səhər saat 9-da burada olun, biz də gəldik. İndi bu qədər yolu gəlmişik, deyirik heç olmasa başqa yerdə qəbulu təşkil etsinlər”. Qapıda dayanan klinika əməkdaşlarına yaxınlaşıb klinikanın bundan sonrakı fəaliyyəti və növbə gözləyən, eləcə də xidmət haqqı ödəyən pasiyentlərin aqibəti ilə maraqlandıq. Özünü tibb mərkəzinin həkimi kimi təqdim edən Yeganə Həsənova bildirdi ki, klinikanın bağlandığından tibbi personalın özü də elə bu gün səhər xəbər tutub: “Çox güman ki, klinika rəhbərliyi lazımi tədbir görəcək. Hər halda pasiyentlərə haqsızlıq olunmayacaq, ya əvvəlcədən etdikləri ödəniş qaytarılcaq, ya da laboratoriya birgünlük də olsa işləyib, analizlərin cavabını açıqlayacaq”.



Reytinq: