» » Xaricdə müalicəyə rədd cavabı alıb ölümünü gözləyənlər…


Xaricdə müalicəyə rədd cavabı alıb ölümünü gözləyənlər…

17-02-2017, 23:34
Oxunub: 559
Çap et
Xaricdə müalicəyə rədd cavabı alıb ölümünü gözləyənlər…


Azərbaycanda müalicəsi mümkün olmayan xəstələrə acımasız münasibət var
Ötən il Azərbaycandan kənarda müalicəyə göndərilən vətəndaşların sayı açıqlanıb. Səhiyyə Nazirliyinin Vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının sədri Nəsib Quliyev APA-ya bildirib ki, 2016-cı ildə komissiyaya 1655 nəfər vətəndaş ərizə ilə müraciət edib. Onlardan 4 nəfəri xəstəliyi ilə əlaqədar ölkədən kənar müalicəyə göndərilib.

Komissiya sədri qeyd edib ki, həmin vətəndaşlardan ilkin mərhələdə müəyyən müalicə tədbirlərini xaricdə alan 2, sidik kisəsinin ekstrofiyası, qaraciyərin venasının venookluziv trombozu xəstəliyi olan 1 nəfərin xaricə getməsinə icazə verilib: “Qalan hallarda vətəndaşlar ölkədaxili müalicəyə cəlb edilib. 1264 nəfərin müalicəsi respublika daxilində mümkün olduğuna görə onlar müxtəlif tibb müəssisələrində yerləşdirilib. Müraciət edənlərdən arasında 204 nəfər əlillik dərəcəsi olan şəxs (uşaqlar və yaşlılar) qrup şəklində kurs müalicəsi almaq üçün ölkədən kənara - Türkiyəyə göndərilib. Onlardan da 183 nəfəri 18 yaşınadək uşaqdır”.

N.Quliyev qeyd edib ki, vətəndaşlar xaricdə müalicə üçün bütövlükdə Türkiyəyə göndərilib. Azərbaycanın Rusiya, Ukrayna və Türkiyə ilə qarşılıqlı anlaşmalarının olduğunu deyən komissiya sədri vurğulayıb ki, göstərilən yardımın səviyyəsi və ölkəmizə daha yaxın, həmçinin yüksək Almaniya və Amerika texnologiyasının orada olduğu üçün Türkiyə əsas götürülür: “Bu gün ölkədə bütün müalicə və müayinə metodları mövcuddur. Ona görə də vətəndaşların kütləvi olaraq müalicə olunmaq üçün xaricə göndərilməsinə ehtiyac yoxdur. Bütün bunlara görə, ölkədə həm göndərilənlərin, həm də müraciət edənlərin sayı ildən-ilə azalır”.

Bəs göstərilən rəqəmlər həqiqəti əks etdirirmi?

Təkcə 2016-cı il ərzində Bizimyol.info-nun elektron ünvanına, həm də redaksiyasına xaricdə müalicə ilə bağlı köməklik istəyən onlarla insan müraciət edib. Xəstələr müalicələrinin ölkədə mümkünsüz olduğunu desələr də, komissiya onlara ölkədə müalicə olunmağı tövsiyyə edib. Həmin şəxslərdən biri Milli Elmlər Akademiyasının işçisi Ləman xanımdır. Ləman xanımın 5 yaşlı qızı Mədinədə ikinci dərəcəli ürək çatışmazlığı əmələ gəlib və diaqnozu olaraq da pulmonar qapaq çatışmazlığı qoyulub. Balacanın yaşaması üçün aparılmalı olan əməliyyatın ölkədə mümkün olmadığı barədə bütün həkimlərin rəyinə baxmayaraq, komissiya Mədinənin əməliyyatına razılıq verməyib: “8 yaşından sonra açıq ürək əməliyyatı edirlər, ancaq bu yaşa qədər qadağa qoyulur. Tək Azərbycanda yox, bir çox ölkələrdə edilmir bu əməliyyat. Ancaq Almaniya və İsraildə invaziv yolla əməliyyat olunur. Yəni, ürəyi açmadan əməliyyat aparılır. Yenilik olduğundan hələ digər ölkələrə yayılmayıb. Mütəxəssislər bunun üzərində çalışır. Almaniyada həkimlər deyir ki, gəlin yoxlayaq. Bəlkə bərpa etmək mümkün oldu. Əgər elə olsa, protez qoyulmayacaq bərpa edəcəklər. Almaniya həkimləri tam müayinə etdikdən sonra müəyyən şansın olduğunu deyir. Bu ölkədə klapan dəyişilərsə 46 min avro, dəyişilməsə 27 min avro lazım olacaq”.

L.Həsənli Mədinə ilə bağlı Elmi Cərrahiyə Mərkəzində olub, həmçinin Səhiyyə Nazirliyinin xaricə müalicəyə göndərmə şöbəsinə gedib. Oradakı həkim isə xanıma bildirib ki, haraları gəzmisiniz, bu qədər pullar tökmüsünüz: “Mən də bildirdim ki, problemi ölkədə həll edərdiniz, mənə də xoş deyildi ki, bir yaşlı uşaqla ölkələri gəzib, əməliyyat elətdirim. İndiyə kimi bu əməliyyatı bizim ölkədə heç kim etməyib. 5 qüsuru birdən heç bir həkim götürməyib. Maksimum 3 qüsurun aradan qaldırılması halı olub. Həkim mənə bildirdi ki, pulunuz var, gedin. Ölkə sizin uşağınıza niyə bu qədər pul xərcləməlidir? Bu klapan 35 min avro qiymətindədir. Onu da Bakıya gətirmək 45 minə başa gələcək. Hələ həkim bu sözləri deyəndə mən Almaniya ilə əlaqə saxlamamışdım. Dedim ki, axı, Azərbaycan vətəndaşıyıq biz? Həkim isə dedi ki, nə xeyri var? Onsuzda sizin uşağınız öləcək. Həkim mənə imtina kağızı verdi və dedi ki, 6 ay sonra gələrsən. Mən də dedim ki, ay həkim, bəs birdən uşağın vəziyyəti pisləşərsə mən nə edim. Təzədən prosedurlar uzun müddət aparacaq. Həkim isə dedi ki, qorxmayın uşağın ürəyi tutmayacaq. Düzü ilk bunu eşidəndə sevindim, hardasa ümid yeri gördüm. Həkim isə üzü-üzümə dedi ki, qəflətən öləcək...”.

Ləman xanım deyir ki, xaricdə müalicə üçün müraciət edən minlərlə insan növbədə gözləyirdi. Hətta xərəkdə gələn xəstələrə belə imtina vərəqi verilirdi: “Orada tibb bacısı mənə dedi ki, hələ siz yaxşısınız. Çoxunun heç 6 aylıq ömrü olmur. Xərəkdə gəlsələr belə imtina alırlar və növbəti dəfə gözləməyə ömürləri yetmir...”.


Adil Qeybulla: “Sümük iliyinin köçürülməsi, orqan transplantasiyası kimi əməliyyatların yaxın vaxtlarda ölkədə həyata keçirilməsi real deyil”

Həkim Adil Qeybulla Bizimyol.info-ya açıqlamasında bildirdi ki, xaricdə müalicəyə göndərilmə o zaman baş verir ki, bir şəxsin Azərbaycanda müalicəsi doğurdan da texniki baxımdan və yaxud da digər səbəbdən imümkün olmasın: “Komissiya da xaricə göndərdiyi xəstəni əsaslandırmalıdır. Bu gün Azərbaycanda xeyli cərrahi əməliyyatlar həyata keçirilir. Sümük iliyinin köçürülməsi, orqan transplantasiyası (ağciyər, mədəaltı vəzi) kimi əməliyyatların yaxın vaxtlarda həyata keçirilməsi real deyil. Hesab edirəm ki, müəyyən xəstəliklər müalicə üçün xaricə göndərilməlidir. Amma hazırda cərrahiyədə gəlişmələr xeyli çoxdur. Ürək və başqa orqanlar üzərində müasir səviyyədə bütün əməliyyatlar keçirilir. Ola bilsin, komisiyya xaricə müalicə ilə bağlı az miqdarda təyinat versin”.
Azərbaycandan xaricə mülicəyə cəmi bir neçə xəstənin göndlərilməsi maliyyə çatışmazlığı ilə bağlı ola bilər. Amma görünür, bu istiqamətdə Səhiyyə Nazirliyinə olduqca əz vəsait ayırılıb. Büdcə xərclərinə nəzər salsaq da konkret bu istiqamətə nə qədər maliyyə vəasitinin ayrıldığını dəqiqləşdirə bilmədik.

Sosial şəbəkələrdə bu məsələ qınaq hədəfinə çevrilib. İstifadəçilər idman oyunlarına külli miqdarda vəsait ayrıldığı halda xəsətə vətəndaşların ölümə məhkum edildiyini tənqid ediblər.

Xatırladaq ki, Gənclər və İdman naziri Azad Rəhimov idə bir neçə gün öncə ki, açıqlamasında Bakıda bu il keçirilməli 4-cü İslam Oyunlarında iştiraka 50 ölkə razılıq verib, 7 ölkə müxtəlif səsbəblərdən, o cümlədən maliyyə çatışmazlığına görə, hələ gəlməyə razılıq vermədiyini bildirmiş və həmin ölkələrə dəstək ola biləcəyimizi açıqlamışdı. Halbuki bu gün sağlamlıq problemi olan minlərlə insan dövlətin dəstəyi ilə müalicə olunmağı gözləyir. Təəssüf ki, başqalarına yaxşı, özümüzə isə pis baxanlardanıq...



Reytinq: