» » İlahiyyatçı millət vəkilinin təklifini əsassız hesab edir


İlahiyyatçı millət vəkilinin təklifini əsassız hesab edir

6-03-2015, 18:02
Oxunub: 957
Çap et
İlahiyyatçı millət vəkilinin təklifini əsassız hesab edirMillət vəkili Zahid Oruc bu gün parlamentdəki çıxışında Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulmasını təklif edib. O, “Dini etiqad azadlığı haqqında” qanuna da müvafiq dəyişikliklər edilməsini zəruri sayıb.

milliyyet.az məlumat verir ki, İslam.az bununla bağlı ilahiyyatçı Samir Ağayevdən münasibət öyrənib. Müsahibimiz bildirib ki, ölkədə dini təhsilin və dini maarifləndirmənin səviyyəsi çox zəifdir.

- Mətbuatda, televiziyada, o cümlədən orta məktəblərdə dini maarifləndirmə işinə yer çox az ayrılır. Azərbaycan keçmiş Sovetlər Birliyindən ayrılmış gənc bir ölkə kimi dini tələbatını ödəmək üçün xaricə üz tutmağa məcbur olub. Çünki müstəqilliyin ilk illərində ölkənin daxilində müasir insanın dini tələbatını ödəyəcək səviyyədə dini təhsil ocağı yox idi. Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən İslam Universiteti bu tələbatın ödənməsi üçün çox faydalı işlər görüb və görməkdədir. Lakin bu yetərli deyil. Gənclərimiz məcburən dini təhsil üçün xaricə üz tuturlar. Ümumiyyətlə dini təhsil üçün xaricə müraciət hər zaman aktual mövzu olub. Dünyanın hər yerində dini təhsil üçün dini mərkəzlərə üz tutulur. Bu təkcə Azərbaycana aid deyil. İstər qərb ölkələrindən, istər Afrika ölkələrindən, yaxud digər müsəlman ölkələrindən dini təhsil üçün mərkəzlərə müraciət edilir. Məsələn, əhli-sünnənin dini mərkəzi Misirin Əl-Əhzər universitetidir. Elə qonşu Türkiyə, o cümlədən dünyanın digər yerlərindən də sünnü məzhəbinin nümayəndələri bu universitdə dini təhsil alıb ölkələrinə qayıdırlar. Eyni zamanda şiə məzhəbinin də dini mərkəzləri Nəcəf və Qumdur. Yüksək ali dini təhsil almaq üçün belə mərkəzlərə müraciət edilirsə burada nə qəbahət var ki, bunu qadağan etmək istəyirlər? Əgər hazırkı dönəmdə xaricdə dini təhsili qadağan etsələr müasir dövrdə dinin elmi şəkildə tədrisini necə əldə edə bilərik? Görəsən ölkə daxilində elə dini təhsil ocağı varmı ki, dini müasir insanı təmin edəcək səviyyədə tədris etsin? Bəli, ibtidai dini təhsil Azərbaycanda alınır və bu da təqdirə layiqdir. Amma daha sonra, dini biliklərin səviyyəsinin təkmilləşdirilməsi üçün xarici dini mərkəzlərə müraciətdə heç bir qəbahət yoxdur. Düşünürəm ki, bu təklif tamamilə yanlışdır. Ümidvaram ki, Milli Məclis bu təklifi rədd edəcək və qəbul olunmayacaqdır.



Reytinq: