» » Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı


Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı

18-11-2015, 13:02
Oxunub: 697
Çap et
Fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlandı
Dünən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin birgə elan etdikləri "Azərbaycanın alternativ və bərpa olunan enerji mənbələri: mövcud vəziyyət, əsas prioritetlər və perspektiv imkanlar" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Fondun icraçı direktoru Vüqar Səfərli, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov, Agentliyin məsul şəxsləri, ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, habelə müsabiqədə iştirakçı və qalib olmuş jurnalistlər iştirak ediblər.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov alternativ və bərpa olunan enerji mənbələrini müasir dünya inkişafının əsas amillərindən biri kimi dəyərləndirib. Agentliyin sədri vurğulayıb ki, müstəqil respublikamız zəngin karbohidrogen ehtiyatlarına malik olmasına baxmayaraq, qlobal çağırışlara adekvat reaksiya verərək "sülh enerjisi" kimi səciyyələndirilən alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadəyə üstünlük verir. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə respublikamızda alternativ və bərpa olunan enerji mənbələrindən səmərəli istifadə istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini bildirən A.Bədəlov qeyd edib ki, məqsəd ölkədə rentabelli, habelə ekologiyaya zərər vurmayan enerji istehsalını stimullaşdırmaq, ümumən enerji təhlükəsizliyini gücləndirməkdir. Agentliyin sədri həmçinin bildirib ki, ölkə başçısının müvafiq sərəncamı ilə 2004-cü ildə "Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi bu sahənin dinamik inkişafına əsaslı təkan verib.
A.Bədəlov daha sonra tədbir iştirakçılarını Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin fəaliyyətindən bəhs edən videoçarxa baxmağa dəvət edib. Filmdə Azərbaycanda alternativ enerji mənbələri və onlardan istifadə imkanlarından, bu sahədə həyata keçirilən islahatlardan, qazanılan nailiyyətlərdən və perspektiv layihələrdən bəhs olunub.

Fondun icraçı direktoru Vüqar Səfərli çıxışında tədbir iştirakçılarını salamlayaraq ölkəmizin hazırkı dinamik inkişafı şəraitində alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin sosial-iqtisadi və ekoloji faydalarından söz açıb. İcraçı direktor agentliyin qısa müddətdə bu sahədə mühüm layihələr həyata keçirdiyini, ölkənin iqtisadi və ekoloji cəhətdən səmərəli elektrik enerjisi ilə təminatına sanballı töhfələr verdiyini bildirib. İcraçı direktor bildirib ki, Fondun Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birlikdə keçirdiyi müsabiqənin məqsədi Azərbaycanda alternativ və bərpa olunan enerji mənbələrindən istifadənin qlobal təhlükəsizliyə verdiyi töhfənin, ətraf mühitin qorunmasına müsbət təsirinin, iqtisadi baxımdan səmərəliliyinin ictimaiyyətin diqqətinə çatdırılması, habelə bu sahədən yazan jurnalistlərin peşəkarlıqlarının artırılması, onların əməyinin stimullaşdırılmasıdır.

Vüqar Səfərli 2015-ci il avqustun 1-dən oktyabrın 1-dək davam edən müsabiqəyə 18 kütləvi informasiya vasitəsindən 29 yazının təqdim edildiyini, yazıların Fondun və Agentliyin ekspertləri tərəfindən qiymətləndirildiyini diqqətə çatdırıb. İcraçı direktor müsabiqənin yekunlarına görə 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü, ümumilikdə 16 nəfər jurnalistin mükafatlandırıldığını bildirib. Müsabiqəyə yazı təqdim edən, lakin qalib olmaq üçün zəruri balı toplaya bilməyən jurnalistlərin də diqqətdən kənarda qalmadığını deyən Vüqar Səfərli onlara Agentliyin xüsusi hədiyyələrinin veriləcəyini bildirib.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar verilib. Eyni zamanda müsabiqəyə yazı təqdim edən, lakin qalib olmayan jurnalistlərə də Agentliyin xüsusi hədiyyələri təqdim olunub. Təltif olunanlar arasında "Bizim Yol" qəzetinin əməkdaşı Ramid İbrahimov da var.



Reytinq: