» » Radiolar aparıcılarına görə cəzalandırılacaq


Radiolar aparıcılarına görə cəzalandırılacaq

28-10-2015, 17:29
Oxunub: 502
Çap et
MTRŞ hansı addımı atacaq?
Radiolar aparıcılarına görə cəzalandırılacaq

Azərbaycan televiziyalarındakı verilişlərin bayağılığı və aparıcıların qeyri-peşəkarlığı uzun müddətli müzakirələrdən sonra öz axarına düşməkdədir. Bu səlahiyyət 2015-ci ilin fevral ayında “Televiziya və radio yayımı haqqında” qanuna edilən dəyişikliklə Milli Televiziya və Radio Şurasına (MTRŞ) verilib. Bu ilin sentyabr ayında prezident İlham Əliyevin təsdiqlədiyi “Milli Televiziya və Radio Şurası” haqqında əsasnamənin 8.11-1-ci bəndinə əsasən, qanunvericiliyin tələbləri və lisenziyanın şərtləri pozulduğu təqdirdə şura lisenziyanı 1 ay müddətinə ləğv etmək, həm də proqramı 1 ay müddətinə dayandırmaq ixtiyarındadır. MTRŞ ölkə başçısının verdiyi səlahiyyətlərdən çıxış edərək efirdəki bir sıra verilişlərə qarşı tutarlı addımlar atdı...

Radiolar barədə təsəvvür yaratmaq üçün 10-15 dəqiqə radiostansiyaların tezliyində gəzişmək kifayət edir. Xüsusilə bir neçə radioda xəbər aparıcılarının diksiyası, ləhcəsi, səs tonu dinləyicini bezikdirir.

Görəsən, Azərbaycan dilini rus, türk, ingilis dilinə qarışdırıb “kokteyl” yaradanlar, dinləyicinin sözünü ağzında qoyub kobudluq edənlər, özləri dediyi kimi, efiri yola verənlər, tərbiyədən kənar ifadələr işlədənlər, yazılı xəbəri oxumaq üçün səsini tondan-tona, zildən-bəmə salanların aqibəti necə olacaq? MTRŞ hansı addımı atacaq?

Milli Televiziya və Radio Şurasının ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov Modern.az saytına bildirib ki, radiolar da daim monitorinq nəzarətindədir:

“Amma narahatlıq daha çox televiziyalarla bağlı olduğundan əsas diqqətimiz ora yönəlib. Televiziyalar radiolara nisbətən daha geniş auditoriyanı əhatə edir. Radioların efirinin audioyazısı, təhlilləri aparılır”.

Təvəkkül Dadaşov radiolarda məsələnin bir az başqa cür olduğunu diqqətə çatdırıb:

“Radioda spesifik yanaşma tələb olunur. Hazırda radiolar müəyyən formatlar üzrə yayım həyata keçirir. Bununla belə, qanunvericiliyin konkret tələblərinə riayət olunmalıdır. Aparıcılar nitqlərində, müzakirəyə çıxardıqları mövzularda diqqətli olmalıdırlar.

Təbii ki, kifayət qədər peşəkar radio aparıcılarımızla bərabər, müəyyən qeyri-peşəkarlar da var. Radiolarda reklam, sponsor məsələsində tələblər də yerinə yetirilməlidir. Yaxın günlərdə bu məsələlər monitorinq qrupu tərəfindən araşdırılıb şura rəhbərliyinə hesabat təqdim ediləcək”.



Reytinq: