» » Jurnalistlərə şad xəbər - Müsabiqə elan edildi


Jurnalistlərə şad xəbər - Müsabiqə elan edildi

28-01-2015, 23:10
Oxunub: 644
Çap et
Jurnalistlərə şad xəbər - Müsabiqə elan edildi

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Novruz bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsi elan edib.

milliyyet.az AZNEWS.AZ-a istinadən xəbər verir ki, bu haqda məlumatı Fonddan bildiriblər.

Müsabiqə 15 istiqamət üzrə müəyyənləşdirilib.

Yazı müsabiqəsi fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi, ölkəmizin dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi, qaçqın və məcburi köçkünlərin, əhalinin sosial cəhətdən qayğıya ehtiyacı olan təbəqələrinin problemlərinin həlli ilə bağlı həyata keçirilən tədbirlərin işıqlandırılması, regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi, Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin, Azərbaycançılıq ideyasının təbliği və başqa istiqamətlər üzrə elan olunub.

Müsabiqədə ən azı bir il müddətində kütləvi informasiya vasitələrində (qəzet, jurnal və informasiya agentliklərində) fasiləsiz çalışan şəxslər iştirak edə bilərlər. Təqdim olunan yazıların sərlövhələri təklif edilən mövzularla eyni olmalıdır.

Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər. Qəzet və jurnallarda çalışan jurnalistlərin yazıları yalnız çalışdıqları mətbuat orqanlarında dərc edilməlidir. İnformasiya agentliklərində çalışan jurnalistlərin yazıları isə son 1 ildə, həftədə 1 dəfədən az olmayaraq nəşr edilən qəzetlərdə çap olunmalıdır. Yazılar son bir ildə, həftədə bir dəfədən az olmayaraq nəşr edilən, Azərbaycan Mətbuat Şurasının tərtib etdiyi “qara siyahı” ya düşməyən mətbuat orqanlarında dərc edilməlidir.

Yazılar yanvarın 28-dən martın 5-dək qəbul olunacaq.

Qiymətləndirmə zamanı mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma, materialın oxucu üçün informasiyalılıq səviyyəsi, yazının dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi, jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti, eləcə də ictimai maraqların müdafiəsi kimi meyarlar əsas götürüləcək.
Müsabiqənin mükafat məbləği I yer üçün 500 manat, II yer (2 nəfər) üçün 400 manat, III yer (3 nəfər) üçün 300 manat müəyyənləşdirilib



Reytinq: