» » Nuriyyə Əhmədovanın ölümündən qabaq son müsahibəsi: “Məni anamın qarğışı tutdu...”


Nuriyyə Əhmədovanın ölümündən qabaq son müsahibəsi: “Məni anamın qarğışı tutdu...”

13-10-2015, 13:01
Oxunub: 943
Çap et
Nuriyyə Əhmədovanın ölümündən qabaq son müsahibəsi: “Məni anamın qarğışı tutdu...”
Ağlıma da gəlməzdi ki, xalq artisti, sevilən aktrsia Nuriyyə Əhmədova ilə son görüşümüzdür. Hətta aldığım bu müsahibəni oxuculara təqdim edəndə özü bu dünyadan köçmüş olacaq. Düz deyiblərmiş ki, sən saydığını say, gör fələk nə sayır.


Əslində, onunla çoxdan görüşməliydik. Amma özü demişkən, zəhrimara qalmış xəstəlik aman vermirdi ki, göz açsın. Nəhayət, bu görüş alındı. Bir kino təqdimatında zəng elədi ki, gəl görüşək. Mən də gələcəyəm, rahat-rahat söhbətləşərik. Görüşdük də, söhbətləşdik də... Həmin gün fotokameramıza gülə-gülə poz verən aktrisamızı bu gün kədərlə xatırlamalı olduq.

Publika.az Nuriyyə Əhmədovadan ölümündən bir neçə gün əvvəl aldığımız müsahibəni təqdim edir.

- Nuriyyə xanım, bilirik ki, xeyli vaxtdır, səhhətiniz sizə imkan vermir, amma kinodan danışanda üzünüz gülür, dərd-qəminizi unudursunuz…
- Ona görə ki kino mənim həyatımdır. Filmlərdə mənə tapşırılan rolları oynamıram, həmin obrazları yaşayıram. Bilirsiniz ki, həyatımda ard-arda nə qədər faciələr yaşanıb. Bahardan qışa, qışdan bahara düşdüyüm vaxtlar çox olub. Bəlkə də bu dəhşətlərə tab gətirə bilməzdim. Bəlkə nədir, yüz faiz əminliklə deyə bilərəm ki, yaşadıqlarıma tab gətirməzdim. Kino məni ayaqda saxladı.

- Bildiyimə görə, qızınızın ölüm xəbərini də rejissor Vaqif Mustafayevin “Yerlə göy arasında” filminə çəkilərkən almısınız…
- Doğrudur, həmin vaxt Vaqif Mustafayevin “Yerlə göy arasında” filminə çəkilirdim. Çəkiliş meydançasında olarkən qızım vəhşicəsinə öldürülmüşdü. Mənim xəbərim yox idi. İstəmirəm o dəhşəti yenidən xatırlayım. Təsadüfə baxın ki, o rolda mən həyatdakı faciəmi oynayırdım. Evimdə yas mərasimi idi, cümə axşamları verilirdi, amma mən filmə çəkilirdim. Sağ olsun Vaqifi, o vaxt məni yıxılmağa qoymadı. Həyat yoldaşımdan icazə alıb, çəkilişləri davam etdirməyimə razı saldı. O vaxtlar mən özümü itirmişdim, bəlkə də dünyamı dəyişəcəkdim, amma Vaqifin hesabına sağ qaldım. Durmadan məni kinolarına dəvət etdi, verilişlərinə çağırdı.

- Həmin vaxt yas içərisində olan Nuriyyə xanımı filmlərə çəkildiyinə görə qınayanlar olurdumu?
- Vardı elə insanlar. Məni ağrıdan bu idi ki, həmin adamlar özgə yox, öz yaxınlarım idi. Sənətə qiymət verməyi bacarmayan adamlar idi və bunu özlərinə də açıq şəkildə deyirdim. Qınayıb neylədilər, qınamayıb neylədilər? O faciənin ağırlığını içində daşıyan onlar yox, mən idim. Bəzən deyirlər ki, sənətin öz yeri var, ailənin öz yeri, bunları bir-birinə qarışdırmaq olmaz. Ailə müqəddəsdir, əgər ailənə hörmət edib, onu qoruya bilmirsənsə, heç sənətinə də dəyər verə bilməcəyəksən. Kino bizim millətin güzgüsüdür. Bu güzgüdə millətin əksi görünür.

- Kino sizə nələri verdi, nələri aldı?
- Əlli-əlliyə oldu. Nə qədər mən kinoya verdimsə, o qədər də kinodan aldım, qazandım. Allahıma çox şükür edirəm ki, hələ də yaşayıram.

- Çox güclüsünüz, gücü nədən alırsınız?
- Allahımın möcüzəsindən. Allahım məni bu sənətə gətiribsə, mənə bu qədər gücü veribsə, yaşadıbsa, demək ki, elə kino mənim qurtuluşum olub.

- Bəs çəkdiklərinizə görə heç Allaha asi düşürsünüzmü?
- Heç vaxt. Bu qədər faciənin öhdəsindən məhz Allahımın verdiyi güc, sənət, istedad sayəsində gəlmişəm. Yaşamışam, ölməmişəm, əgər naşükürlük etsəydim, onda nanəcib olardım.

- Bəzən insan həyatında qarşılaşdığı və yaşadığı hansısa faciələri bir qarğış kimi qəbul edir. Siz necə?
- Mən də həmişə belə hesab etmişəm ki, məni anamın qarğışı tutdu.

- Niyə?
- Anam heç vaxt mənim aktrisa olmağımı istəmirdi və qətiyyətlə bu arzuma qarşı çıxırdı. Hətta ölənə qədər də o məni bağışlamadı. Ölüm ayağında belə mənə xeyir-dua vermədi. Anam bəlkə də hiss edirdi. Ona görə də aktrisa olmağımın əleyhinə idi. Amma heç xəyalına da gətirməzdi ki, iki övladımın vaxtsız itkisinin əzabını, dəhşətini yaşamalı olacağam (ağlayır).

- Ağlamayın, sizi bu qədər sevən, özünə ana bilən var…
- Elədir, sənətə gələndə heç ağlıma da gətirmirdim ki, belə seviləcəm.

- Heç rollarınıza ayrı-seçkilik qoyursunuzmu?
- Yox, yox, heç vaxt. Bax on barmağımız var, bu on barmağın böyüyü-kiçiyi olsa da, heç birinə fərq qoymursan.

- Elə bir rol olubmu ki, rejissora etiraz etmisiniz, oynamaq istəməmisiniz…
- Yox, olmayıb. Bəlkə də indi səhhətimlə əlaqədər ola bilər. Amma rolun kiçikliyi, böyüklüyü, mənfisi-müsbəti heç vaxt bəhanə ola bilməz. Mən hər bir epizodu da baş rol kimi sevmişəm.

- Bəs, elə bir rol varmı ki, hələ də ürəyinizdə qalıb, oynamamısınız?
- Mən bu sualın əleyhinəyəm və sizə də məsləhət görərdim ki, aktyorlara heç vaxt bu sualı verməyin. Mənim də xoşuma gəlmir.

- Niyə?
- Yalnız mən yox, istənilən aktrisa, yaxud aktyor bu sənətdə varsa, ömrünün axırına qədər arzuladıqlarına çata bilmir. Buna ömrü çatmır. Xüsusən də indiki vaxtda. Yadıma salıram keçmiş korifeylərimizi, maşallah, həyatdan 90 yaşında gediblər. Hətta Məmməd Əlinin yüzə yaxın yaşı vardı. Həm rejissorluq edirdi, həm filmə çəkilirdi. Amma indiki insanlara baxıram, yazıqlar heç altmışa da çata bilmirlər. Kino sahəsini nəzərdə tuturam. Cavanlarımız hələ kinoda yeniliyə uğunlaşa bilmirlər, kadr problemləri var. Onlar da yeni texnikaya uyğunlaşana qədər zaman keçir, ya da həvəsdən düşürlər.

- Ədil İsgəndərovun tələbəsi olmusunuz. Ədil müəllim bir aktrisa kimi sizi necə qiymətləndirirdi?
- O heç vaxt tərifləməzdi. Elə bir onu deyirdi ki, qadam, bu sənətə gəlmisənsə, burda da ölməlisən. O vaxt azərbaycanlı aktrisalar çox az idi. Teatr Texnikumunda təhsil alanlar az idi. Sonradan texnikum böyüdü, institut oldu və qızların da axını çoxaldı. Amma indi yenə də bu sahəyə maraq azalıb.

- Sizcə, niyə?
- Çünki bizim sənət çox çətindir.

- Bir tamaşaçı kimi aktrisa Nuriyyə Əhmədovanın hansı keyfiyyətlərini bəyənirsiniz?
- Heç vaxt özümə vurğun olmamışam.

- Onda deyin görək, bir aktrisa kimi sizi sevdirən hansı keyfiyyətinizdir?
- Məncə, təbiiliyim. Mən başqa cür ola da bilmərəm. Sənətə yeni-yeni gələn vaxtlarımda deyirdilər ki, ekrana italyansayağı kino məktəbi gəlir. Etiraz edirdim ki, xeyr, bizim özümüzdə bu məktəb var. Həyatda necəyəmsə, kinoda da eləyəm. Əgər təbiilik yoxdursa, o kinoya baxan olmayacaq. Sən gərək kinoda yaşayasan ki, sənə inanalar.



Reytinq: