» » Azyaşlı uşağı oğurlayana 12 il həbs TƏLƏBİ


Azyaşlı uşağı oğurlayana 12 il həbs TƏLƏBİ

5-02-2015, 11:35
Oxunub: 678
Çap et
Azyaşlı uşağı oğurlayana 12 il həbs TƏLƏBİ

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı uşağı oğurlamaqda təqsirli bilinən Xırda Babayevanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
milliyyet.az-ın Lent.az-a istinadən məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, çıxışında Xırda Babayevanın 12 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədən tələb edib. Zərərçəkmiş Aysel Əhmədova prokurorun istədiyi cəza ilə razılaşmayaraq onun azyaşlı körpəsini oğurlayan Xırda Babyevanın daha ağır cəza verilməsini məhkəmədən xahiş edib. Son söz üçün məhkəmə Xırda Babayevanın vəkili Anar Qasımova verilib. A. Qasımov çıxışa hazır olmadığından məhkəmədən vaxt istəyib. Məhkəmə prosesi fevralın 11-ə təyin edilib.

Qeyd edək ki, 2014-cü ilin avqustun 13-də Sumqayıt şəhər sakini Aysel Əhmədova Daxili İşlər Nazirliyinin “102” xidmətinə və Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək həmin gün azyaşlı uşaqları ilə birlikdə şəhərdəki “Nəsimi” adına parkda olarkən 2 aylıq qızı Aylinin tanımadığı qadın tərəfindən oğurlandığını bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Xırda Babayeva sentyabrın 3-də tutulub.
Müəyyən edilib ki, 2004-cü ildən Türkiyə Respublikanın vətəndaşı ilə ailə qurmuş Xırda Babayeva övladları olmadığına görə yeni doğulmuş uşaq oğurlamaq niyyətinə düşüb. Bu məqsədlə Sumqayıt şəhərində qaçqın ailələrinin kompakt yaşadıqları yerə gəlib, sakinlərə özünü “İmkansız ailələrə yardım fondu”nun nümayəndəsi kimi təqdim edərək yeni doğulmuş və köməyə ehtiyacı olan ailələrlə maraqlanıb.
Orada Aysel Əhmədova ilə tanış olub, körpəsini gördükdə onu oğurlamaq qərarına gəlib. Gənc ananın inam və etibarını qazanmaq üçün özü ilə gətirdiyi ərzaq məhsullarını da həmin ailəyə verib, onlarla birlikdə parka gəzintiyə çıxıblar. Yaranmış fürsətdən istifadə edən Xırda Babayeva körpəni oğurlayaraq hadisə yerindən yayınıb.

Qeyd edək ki, A.Əhmədova körpəsini daha sonra uşaq evinə verib. O, bu qərarını övladını saxlaya bilməməsi ilə izah edib.



Reytinq: