"Lənkəranda "tarixə" düşəcək bir icra başçısı var, adına Taleh Qaraşov deyirlər" - Üzeyir Cəfərov » Milliyet.Az

"Lənkəranda "tarixə" düşəcək bir icra başçısı var, adına Taleh Qaraşov deyirlər" - Üzeyir Cəfərov

"Doğulduğum Lənkəran rayonunda "tarixə" düşəcək bir icra başçısı var. Adına Taleh Qaraşov deyirlər. Bu şəxsin Lənkəranda o qədər "qara-qura" işləri var ki, mən inanıram ki, o nə vaxtsa çox ağır günlər yaşamalı olacaqdır".
"Lənkəranda "tarixə" düşəcək bir icra başçısı var, adına Taleh Qaraşov deyirlər" - Üzeyir Cəfərov
milliyyet.az xəbər verir ki, bu sözləri tanınmış hərbi ekspert Üzeyir Cəfərov "Facebook" statusunda yazıb.

Həmin statusu olduğu kimi təqdim edirik:

Bu gün Sizlərlə Azərbaycanın icra stukturlarında çalışan icra başçıları və ya onların ətrafı ilə bağlı bəzi düşüncələrimi bölüşmək istəyirəm. Ola bilsin ki, bəzi dostlarımız mənim hərbçi olmağımı düşünüb nədən bu mövzuya müraciət etdiyimi də soruşsunlar. Cavab verirəm ki, yazacaqlarımın hərbi sahəyə birbaşa aidiyyatı var deyə, mən bu məsələləri ictimailəşdirməyə qərar verdim. Həm də, qeydlərimi oxuyandan sonra yəqin ki, nə demək istədiyimi başa düşəcəksiniz. Bu yazının da tezləşməsinə təkan kimi Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyevin Yasamal rayonu, 593-cü məhəllə, Genaral Akim Abbasov küçəsi, 25 saylı ünvanda qanunsuz olaraq tikinti işlərinin aparılmasına şərat yaratması hadisəsi oldu. Daha dəqiq isə rəhbərlik etdiyi rayonun ərazisində tikintiyə müvafiq icazə sənədi olmadan aparılan tikinti işlərinin qarşısının vaxtında alınmaması və bu istiqamətdə işlərin yüksək səviyyədə həyata keçirilməsində nöqsanlara yol verdiyini nəzərə alaraq, Yasamal rayon İcra Hakimiyyətinin başçısı İbrahim Əsgər oğlu Mehdiyevə töhmət verilməsi faktı oldu.

Mən hər zaman demişəm və bu gün də o məqamı xüsusi olaraq vurğulamaq istərdim ki, bütün nazir və komitə sədrlərini, rayon şəhər icra strukturlarının birinci şəxslərini ölkə başçısı vəzifəyə təyin edir. Və hər dəfə də Prezident keçirdiyi görüşlərdə, müşavirələrdə birmənalı olaraq icra başçılarından, digər vəzifəli şəxslərdən qəti olaraq tələb edir ki, çalışdıqları sahədə xalqa xidmət etsinlər, insanlarla mehriban və nəzakətli davransınlar. Amma və lakin, biz bəzi hallarda tamam əks mənzərənin şahidi oluruq.

Başda Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov olmaqla əksər rayon icra hakimiyyətlərinin başçıları bir çox məsələlərdə özbaşınalıq və səhlənkarlığıa yol verirlər. Bakı kimi milyonlarla əhalisi olan bir paytaxt şəhərinin qayğı və problemləri ilə dərindən maraqlanmaq, şəhər sakinlərinin müxtəlif məsələlər ilə bağlı haqlı müraciətlərini araşdırmaq və həll etmək əvəzinə onların çox pis rəftarları və hərəkətləri haqqında çoxlu narazılıqlarını həm eşidir, həm də oxuyuruq. Əgər ölkəmizin paytaxtında biz bu hallarla rastlaşırıqsa, indi siz təsəvvür edin ki, əyalətlərdə icra strukturlarının başçıları özlərini necə aparırlar?! Vallah, hər gün, hər həftə hansısa icra başçısının, yaxud onun müavinlərindən, əməkdaşlarından kimlərinsə yekəxanalıqlarından xəbərlər oxuyuruq. Faktiki olaraq BŞİH başçısı H. Abutalıbov icra başçılarına tam nəzarət edə bilmir. Edəndə də, onlarla demək olar ki, bacarmır. Əgər belə olmasaydı, qanunsuz tikinti işlərinə icazə verən və ya aparan, özbaşınalıq edən istənilən şəxs dərhal cəzalandırılar və yaxud vəzifəsindən kənarlaşdırılardı. Bakı sakinlərinin və şəhərimizin qonaqlarının mənalı yaşayışını, istirahətini təmin etmək üçün yüksək səviyyədə abadlaşdırma, yenidənqurma işlərinin aparılmasına çox böyük ehtiyac vardır. Qarşıdan mühüm idman, mədəni və siyası tədbirlər gəlir. Nədən torpaqlarının 20 faizindən çoxunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalını əks etdirən plakatlar, posterlər, yazılar müxtəlif dillərdə və yerlərdə asılmasın? Axı bu tədbirin təkcə idmanla bağlılığı olsa da, əslində onun misilsiz iqtisadi-siyasi əhəmiyyəti vardır. Bu gün Bakıda bir dənə də olsun Qarabağ faciəmiz,qırğınlar haqqında böyük plakatlara rast gəlməzsən. Nədən və niyə? Axı hər şey dövlət başçısı edəcəksə, onda bu boyda hökumət və icra strukturlarına nə ehtiyac vardır? Məni tanıyanlar gözəl bilirlər ki, mənim əxlaqıma və tərbiyyəmə məddahlıq və ya yaltaqlıq ziddir və ən çox nifrət etdiyim əməllərdən sayılır. Və ölkə başçısının da nə mənim onu tərifləməyə, nə də ondan hər hansı bir vəzifə istəməyimə ehtiyacı yoxdur. Ölkəmizin adı olub, özü görünməyən İo-Kio baba kimi gözəgörünməz Baş Naziri var. O və onun hökumət komandası bir balaca öz vəzifələrinin mahiyyətini dərk etsələr, inanın ki, Azərbaycanımızı tanımaq olmaz. Yaxşı mənada. Bu şəxslər hər ay dövlətdən külli miqdarda rəsmi və qeyri-rəsmi dolanışıq vəsaitləri əldə ediblər və indi də edirlər. Ancaq ortaya qoyduqları faydalı iş əmsalı isə çox cüzidir...

Keçirəm regionlardakı icra başçılarına. Onlar da yalnız və yalnız dövlət başçısının qorxusundan, daha dəqiq desək, vəzifələrini itirməkdən qorxduqları üçün bir az görüntü yaradırlar. Halbuki, onlar gecə gündüz xalqın rifahı naminə çalışmalııdrlar.

Sizə 1994-cu ilin mart ayında Beyləqan İcra Hakimiyyətinin binasında o vaxtkı mərhum eks-prezident, Ali Baş Komandan cənab Heydər Əliyevə şəxsən söylədiyim fikirlər yadıma düşdü. Cəbhə bölgəsinə gələn dövlət başçısı sonra bizi müşavirə keçirtmək üçün icra Beyləqana topladı. Mən orada mərhum ölkə başçısına belə bir fikir söylədim ki, "cənab Ali Baş Komandan, nə yaxşı ki, Siz buralara gəldiniz və biz döyüş aparan komandirlər bəzi icra başçılarının, polis rəislərinin, prokurorların sifətlərini gördük, onların kim olduqlarını öyrəndik". Bu sözlərim çoxlarına elə bil bir xəncər yarası kimi pis təsir etmişdi. Sonralar Beyləqanın o vaxtkı prokuroru, sonra Respublika Hərbi Prokuroru, indi isə Ali Məhkəmənin sədri olan Ramiz Rzayev dövlət başçısına söylədiyim sərt tənqidlərə görə çox çalışdı ki, mənim "torbamı" Heydər İsmayılov kimi öz əlaltıları vasitəsiylə tiksin, Tanrı onlara bu kəmfürsərtliyi həyata keçirməyə imkan vermədi. Başım min cür müsibətlər çəksə də, mən Allaha və qanunlara inanaraq bu fəaliyyətimi bu gün də davam etdirirəm.

Doğulduğum Lənkəran rayonunda "tarixə" düşəcək bir icra başçısı var. Adına Taleh Qaraşov deyirlər. Bu şəxsin Lənkəranda o qədər "qara-qura" işləri var ki, mən inanıram ki, o nə vaxtsa çox ağır günlər yaşamalı olacaqdır. 3 saylı şəhər məktəbinin ərazisini ticarət məqsədiylə satan şəxsdən, yaxud Lənkəran Dövlət Universitetinin qarşısındakı nadir ağacları kəsdirən, orada yenə ticarət obyektləri tikilməsinə icazə verən adamdan nə gözləyəsən? Kəndlərə gedib özü ilə apardığı qaz balonlarını kameralar qarşısında guya "filan kəndə mavi yanacaq verildi" kimi saxta işlər görən başçıdan necə razı qalmaq olar? Lənkəranın Mərkəzi Bazarının ərazisinə girmək kifayətdir ki, bu başçının nə hoqqalar etdiyinin şahidi olasan.

Ən sonda, daha bir icra başçısının "şücaət"indən danışmağı məndən Biləsuvar camaatı xahiş edib. Ötən həftə düşmən snayperinin atəşinə tuş gəlmiş Azərbaycan Silahlı Qüvvələrinin giziri Şahmurad Əlizadənin dəfn mərasimində rayonun icra başçısı Mahir Quliyev adlı şəxs çox böyük rüsvayçılığa yol verib. Rayon ictimaiyyətinin nümayəndələri Şəhidi çiyinlərində müsəlman qayda-qanunlarına müvafiq olaraq "Allahu Əkbər!","Şəhidlər Ölməz, Vətən Bölünməz" nidaları ilə dəfn etməyə apararkən,yolun yarisinda dəfn prosesi saxladılıb. Səbəb də o göstərilib ki, bəs sən demə icra basşisi Mahir Quliyevin başı çox qarışıq olubmuş, onu gözləmək lazımdır. Bir qədər sonra dəfn prosesinə qatılan isra başçısı çox böyük tərbiyyəsizliyə yol verib. Şəhidinə sayğı göstərmək əvəzinə "Mal ölusu aparirsiz,ya meyid,bu ne hay küydü" kimi sözlərlə camaatı təhqir edib. Hələ bu da son deyil. Şəhidin meyidi zorla UAZ markalı avtomobilə qoyularaq təkbaşına dəfn yerinə aparılıb, çox pərt olan camaat da piyada Şəhidin son mənzilə yola salınan yerinə getməli olub. Mənə çox qəribə gələn hadisə yerində Müdafiə Nazirliyinin məsul zabiti polkovnik Abdulla Qurbaninin susması və bu rüsvayçılığa təpki göstərməməsi olub. Şəxsən mən olsaydım rüsvayçı əmələ yol verən icra başçısının hərəkəti haqqında müdafə naziri general-polkovnik Zakir Həsənova dərhal məruzə edərdim. Yəqin ki, o da öz növbəsində bu rüsvayçı hərəkəti haqqında Biləsuvarın icra başçısına layiq olduğu yerini göstərərdi.İnanıram ki, bu və bir çox digər xoşagəlməz əməllərinə görə çox tezliklə Prezident İlham Əliyev tərəfindən bir çox icra başçıları, o cümlədən Mahir Quliyev də layiq olduqları qiyməti alacaqlar...
Ən sonda isə, cəbhəyanı rayonların bəzi icra başçıları haqqında danışmağı vacib sayıram. Bu şəxslər əyinlərinə hərbi geyim geyməyə sanki ərinirlər. Bu xüsusən Tərtər, Ağdam, Füzuli, Cəbrayıl və digər rayonların icra başçılarına birbaşa aiddir. Bu şəxslər az qala əsgər və zabitlər qarşısına maneken kimi əyinlərində 1500-2000 manatlıq bahalı kostyumlar geyinərək tək-tük hallarda səngərlərə gedir, bəzən müdafiə nazirinin cəbhə bölgəsində olması zamanı isə hərbi geyimlilər içərisində sanki "ağ qarğa" təsiri bağışlayırlar. Ölkə başçısı hələ bir dəfə də olsun səngərə mülki qeyimdə getməyib. Amma bu formanı gecə-gündüz geyməyə borclu olan şəxslər isə kameralar qarşısında bahalı-bahalı kostyumlarda poz verirlər. Reallıqda isə onlar gecə-gündüz uniformada gəzməlidirlər. Bunun həm də çox böyük tərbiyyəvi əhəmiyyəti də var. Həm rəhbəri olduqları rayonlar işğal altındadır, həm də onların birbaşa borcudur ki, bu faktı hər addımda vətəndaşlarına xatırlatsınlar. Yeganə hərbi geyimdə əsgər və zabitlər qarşısına çıxan icra başçısı Daşkəsən Rayon İcra hakimiyyətinin başçısı hörmətli Əhəd Abıyevdir. Ona baxıb, əraziləri erməni yaramazların işğalı altında olan rayonların icra başçıları heç olmasa utansalar yaxşı olar.

Bu qədər. Çox şeyləri isə, bilərəkdən yazmadım ki, bəzi icra başçıları fikirləşərlər ki, mən onların şərəf və ləyaqətlərini ləkələmək istəyirəm. Əsla yox. Bizim məqsədimiz yaxşını yaxşı, pisi isə tənqidi formada qeyd edək ki, gələcəkdə səhvlər təkrarlanmasın. Xalq öz dövlətini daha güclü və müasir görmək istəyir.Ən böyük arzumuz da budur ki, bütöv Azərbaycanımız daha da inkişaf etsin və möhkəmlənsin!!!
  • Sosial şəbəkədə paylaş