» » Müəllimlə şagirdin Şamaxı macərası — +18


Müəllimlə şagirdin Şamaxı macərası — +18

14-05-2016, 12:41
Oxunub: 3060
Çap et
İntiqam VALEHOĞLU

Müəllimlə şagirdin Şamaxı macərası — +18

Şamaxıda müəllimlə şagird arasında baş verən məlum macəra iki gündür mətbuatın gündəmindədir. Gündəmindədir deyərkən yaxamı qırağa çəkmiş kimi olmayım. Olayın bu dərəcədə ictimailəşməsində az da olsa, mənim və Ölkə.Az-ın rolu oldu. Şübhəsiz ki, bekarçılıqdan hadisəni ictimailəşdirdiyimizə görə bizi qınayanlar da az deyildi.

Bəs əslində bu hadisənin belə geniş işıqlandırılmasına gərək var idimi? Bəlkə həqiqətən də biz bu addımı atmaqla böyük yanlışlığa yol vermişik.

Əvvəla, ondan başlayaq ki, biz cəmiyyət olaraq artistlik etməyi, ona-buna məsləhət verməyi xoşlayırıq. Məsələn, mənim kimi siqaret çəkən biri saatlarla siqaretin ziyanı barədə danışa, hansı orqanlara hansı formada zərər vurduğunu söyləyə bilər. Halbuki adama deyərlər, əlin yağlıdırsa, öz başına çək də. Yaxud ömründə bir işin qulpundan yapışmamış adam milyardlara sahib biznesmenin işində səhv tapar, onu işini bilməməkdə qınayar və sair. Dünən də istisna deyildi.

İndiyə kimi maksimum 5-6 xəbəri, 2-3 müsahibəsi dərc olunmuşlar əllərində balta sanki hazır dayanmışdılar. Hələ mən kimlərinsə kölgəsində gün keçirən, işçilərinə haqsızlıq edib, sosial şəbəkədə haqq-ədalətdən danışan, bir pillə irəliləyəndən sonra illərlə çörək kəsdiyi adamlara arxa çevirən gədə-güdələrdən danışmıram.

Bəli, bu xəbər belə ictimailəşdirilməliydi. Çünki hər kəs, həmkarım Vüsal Məmmədov demişkən, anlamalıdır ki, bu cür əməllərinə görə nəsillikcə biabır ola bilər.

Müsahibəsində azyaşlı məktəbli bildirir ki, müəllimi ona qəribə şəkildə baxırmış, amma bu barədə qorxusundan evdə heç kimə heç nə deyə bilmirmiş. Heç bu məqam sosial şəbəkə "müəllimləri"nin yadına düşdümü? Kimsə yazdımı ki, axı biz niyə övladlarımızla aramıza böyük çəpərlər çəkirik, onlarla dost ola bilmirik və nəticədə 15 yaşlı qızcığaz yeddi aylıq hamilədir.

Bir kimsə dedimi ki, o uşaq, atası bir yana, bu yeddi ay ərzində anasına səhhətindəki dəyişikliklər barədə niyə heç nə deməyib? Çünki qorxub, bilib ki, desə, ya onu döyəcəklər, ya söyəcəklər, ya da tərbiyəsizlikdə ittiham edəcəklər ki, sən nə bilirsən, belə şeylər nədir.

İstənilən halda, müəllim adını daşıyan bu şəxsin etdiyi hərəkət əxlaqsızlıqdır. Hətta şagird özü müəllimi bu işə təhrik etsəydi belə, atılacaq addım deyildi.
Kim zəmanət verə bilər ki, 3 aydan sonra o məktəbdən başqa bir uşağın valideynləri çıxıb qızlarının eyni müəllimdən yeddi aylıq hamilə olduğunu deməyəcəklər? Bəlkə elə bu müəllim seksual manyak imiş. Bilən varmı?

Niyə indiyədək bu kimi hallarda bir məktəb direktoru cəzalandırılmayıb? Niyə bu sadaladıqlarımdan heç biri dünən heç kimin yadına düşmədi?
Çünki dediyim kimi biz ağıllı olmasaq da, ağıllı görünməyi çox xoşlayırıq. Kimisə yeri gəldi-gəlmədi tənqid edib "like" artırmağı düşünürük.

Dünənki artistliklər bilirsiniz nəyə bənzəyir? Elə bil ki, bir qadın hamilədir, bir neçə dəqiqə sonra doğacaq. 10-15 nəfər də qıraqdan qışqırıb bağırırlar ki, ay uşaq, çıx ordan, ora qaranlıqdı, tez ol çıx bayıra... Məqsəd də odur ki, bu adamlar kənardan canıyanan, ürəyiyumşaq, insanpərvər kimi görünsünlər.

Mənimsə həmin adamlara deyəcək bircə cümləm var.

Əgər mümkünsə mumlayın, mümkün deyilsə də kəsin səsinizi...



Reytinq: