» » Bizim kişilərin kişilik anlayışı


Bizim kişilərin kişilik anlayışı

26-10-2015, 23:24
Oxunub: 1480
Çap et
Bizim kişilərin kişilik anlayışı



Əvvəlcə qeyd edim ki, kişilik sadəcə cinsdir. Kişilik xarakter deyil. Kişiliyi heç bir mənəvi kateqoriyaya daxil etmək olmaz. Şəxsiyyət vəsiqəsində kişi yazılanlar kişidir, qadın yazılanlar qadındır.
Tarixin bütün dövrlərində kişi hegemonluğu özünü göstərib. Lakin, bütün proseslərdə olduğu kimi bu prosesdə də qərb zaman-zaman inkişaf edib, şərq isə geri addımlayıb. Yəni, zaman ötdükcə qərbdə kişi ilə qadın bərabərləşdi, onlarda “kişilik” mənəvi keyfiyyət siyahısından çıxarıldı, sadəcə cins olaraq qaldı. Şərqdə isə hələ də kişi qadından üstün olaraq qalmaqdadır.
Təkcə Sovet İttifaqının tərkibində olduqları zaman İslamın hakim din olduğu ölkələrdə qadın-kişi bərabərliyi özünü qismən göstərmişdi. Lakin, elə həmin dövrdə bizim ölkədə Nurəddin Babayev özünün “Gəlin, kişilikdən danışaq” adlı kitabı ilə bu bərabərliyi puç etməyə çalışdı. Qadın-kişi bərabərliyinin az-maz bərqərar olduğu zamanda belə bir kitab tipik azərbaycanlıların şüurunda bu cəfəngiyyatı daha da möhkəmlətdi.
Quranda qadınlarla bağlı olan bütün ayələrdə onların öz ərlərinə tabe olması əmr edilir. Məhz İslamın hakim olduğu bütün məmləkətlər qadın üzərində hegemonluq etmək üçün əlində bu kitabın ayələrini əsas tutur. Bu ölkələrdə qadınlar kişilər üçün ya sadəcə seks obyekti, ya da doğmaq və ev işləri görmək üçün izdivac qurulmuş şəxsdir. Başqa heç nə...
Bizim kişilərinin seksual aclığı dünyanın heç bir yerində yoxdur. Bu kişilər öz mənsub olduqları cinsi həm də müsbət mənəvi keyfiyyətə çevirdikləri halda bundan seksual üstünlük kimi istifadə edirlər. Bu kişilər üçün seks hər şey deməkdir.
Məmləkətimizdə nə qədər qadınlar var ki, ali təhsilli, ziyalı olduqları halda heç bir yerdə işləyə bilmirlər. Səbəb soruşsan, deyəcəklər ki, ərləri qoymur. Həm də hamısını işləməyə icazə verəcəkləri ilə aldadıb bir qarın doğuzdurandan sonra işləməyə icazə verməyiblər.
Çünki bizim qadınların yiyəsi var, sahibi var. Bir deyən gərək ki, qadın əşya deyil kişi onun sahibi, yiyəsi olsun. O da insandır. Kişilər kimi azad yaşamaq istəyən, arzu və istəkləri, xəyalları, amalları, məqsədləri, prinsipləri olan insanlardır qadınlar da.
Bizim kişilər müğənni, aktrisa, siyasətçi, jurnalist kimi fəaliyyət göstərən qadınlara pozğun damğası vurmaqla, açıq-saçıq geyinən, azad yaşayan qadınlara “quş” kimi baxmaqla məşğuldur. “Kişilik” kimi “mənəvi keyfiyyətə” sahib olan bu insanlar belə cılız təfəkkürə necə sahib ola bilirlər ki? Əgər bu təfəkkür həmin mənəvi keyfiyyətin tələbidirsə, o zaman bu müsbət yox, hətta, ən mənfi mənəvi keyfiyyətdir.
Məşğuliyyəti çayxana qeybətlərindən, papaq, təsbeh, bığ söhbətlərindən, qumardan, başqalarında əxlaqsızlıq axtarmaqdan, düşük əyləncələrdən ibarət adamlar özlərini bütün bunlarda haqlı hesab edib kişi olduqlarını gözə soxurlar.
Əslində bizim kimi cəmiyyətlərdə savadsızlığın, cahilliyin, avamlığın, kütlüyün səbəbkarı kişilərdir. Əgər bir qadın bu gün mollaya, falçıya, cadugərə inanırsa, bu cahilliyin də günahkarı kişilərdir. Bəsit bir izah: bir qadının atası, qardaşı onun oxumasına, maariflənməsinə icazə versəydi, fal, cadu kimi cəfəngiyatlara inanmazdı. Kişilər evlənəndə evdən çölə çıxmayan qızlar axtarmaqdansa, oxumuş, cəmiyyət görmüş, dünyagörüşlü qızlarla ailə qursalar, o zaman bu ailələr azad düşüncəli, ziyalı olacaq və onlardan da gələcəyin aydınları törəyəcəklər.
Amma bizim kişilər 18-25 yaşlı qadınlarla eyş-işrət edib 30 yaşına çatandan sonra da 16-17 yaşlı, evdən çölə çıxmayan qız axtarırlar evlənmək üçün. Hələ mən bu halı paytaxt və nisbətən inkişaf etmiş bölgələrə şamil edirəm. Ucqar kəndlərdə ilk məhəbbətini dayçalarla yaşayan kişilər də var.
Bir də bu oğlan-kişi, qız-qadın ayrıseçkiliyinə toxunmaq lazımdır. Bu anlayışlar kökündən səhvdir. Həmçinin qız və qadın anlayışları da. Bu ayrıseçkilik İslamdakı baliğ (həddi-buluğa çatma) məsələsindən qaynaqlanır. Güya bir kişi evlənməzdən öncə oğlandır, bir qadın da bakirəliyini itirənə qədər qızdır. İnsanlar öz həyatlarına bu qədər ölçüləri, qaydaları necə soxuşdurublar? Bu düşüncə ilə necə yaşayırlar? Onsuz da hər tərəfdən azadlıq əlimizdən alınıb. Belə olan halda insanları cinsə bölməyi bildik, cinsləri də qıza-qadına, oğlana-kişiyə bölməyi necə bacarırsız?
Xüsusi vurğulamalıyam ki, yazıdakı fikirlər bütün kişilərə şamil olunmur. Kim bu yazıdan qıcıqlanarsa, kim əsəbləşər, özündən çıxar, özünü itirərsə, deməli ki, bu yazıda öz obrazını tapmışdır.
Orxan Bahadırsoy



Reytinq: