» » Cümhuriyyət İli


Cümhuriyyət İli

14-01-2018, 01:40
Oxunub: 32
Çap et
Cümhuriyyət İli

Gözlənilən hadisə baş verdi - Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Niyə gözlənilən yazıram? Çünki dövlət başçısı 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdı. Başqa sözlə, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi həmin sərəncamın məntiqi və siyasi davamı sayıla bilər.



Sərəncamın siyasi əhəmiyyəti isə doğrudan da çox böyükdür. İlk növbədə ona görə ki, Azərbaycan Respublikası məhz Azərbaycan Xalq Cümhuriyyətinin - Müsəlman Şərqinin ilk demokratik və parlamentli respublikasının siyasi və hüquqi varisidir.



İkincisi, xalqımızın min illərə söykənən çoxəsrlik tarixi boyu inzibati ərazi vahidi kimi işlədilən "Azərbaycan" sözü məhz Cümhuriyyət liderlərinin misilsiz fədakarlığı sayəsində dövlət adı kimi özünə vəsiqə qazanıb.



Üçüncüsü, Xalq Cümhuriyyətinin fəaliyyəti sayəsində 11 yanvar 1920-ci ildə Azərbaycanın müstəqilliyi Versal Sülh Konfransının Ali Şurası tərəfindən tanınmışdı. Məhz beynəlxalq hüququn subyekti olması faktı 1920-ci ilin aprel ayındakı bolşevik işğalından sonra belə Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı.



2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında prezident sərəncamının ictimai-mənəvi əhəmiyyəti də xüsusi vurğulanmalıdır. Çünki dövlət səviyyəsində qeyd olunacaq bu yubiley gənc nəsildə Cümhuriyyət ideyalarına və Cümhuriyyət liderlərinin istiqlalımız uğrunda mübarizə dolu keşməkeşli həyatına marağı daha da artıracaq, bu isə onların vətənpərvər ruhda tərbiyəsi işinə öz töhfəsini verəcək. Digər tərəfdən, tarix elmimizdə Cümhuriyyət dövrünün araşdırılmasında da yeni səhifə açılacaq.



Xüsusi diqqət yetiriləsi məqamlardan biri də budur ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ölkəmizdə Cümhuriyyətlə bağlı təsisatların və hadisələrin yubileylərinin də əsasını qoyacaq. İyunun 26-da Azərbaycan Ordusunun, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından qurtuluşunun, dekabrın 7-də isə Azərbaycan parlamentinin 100 yaşı tamam olacaq. Xalq Cümhuriyyətinin 23 ay fəaliyyət göstərdiyini nəzərə alsaq, bu o deməkdir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Cümhuriyyət İli 2018-ci illə məhdudlaşmayacaq, ən azı yaxın iki il ərzində Cümhuriyyət ideyalarının təbliği yüksək səviyyədə həyata keçiriləcək.



Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və 2018-ci ilin Cümhuriyyət İli elan edilməsi haqqında prezident sərəncamları həm də Azərbaycan dövlətinin və xalqının Cümhuriyyət qurucularının xatirəsinə dərin hörmət və ehtiramının ifadəsidir. Məhəmməd Əmin Rəsulzadə bu sözləri sanki bu günlər üçün söyləmişdi: "Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq, azadlıq əsasını, Birləşmiş Millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inləyən əziz vətənimizdə 1918-in 28 mayısı kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyiniz, vətəndaşlar!"



Cümhuriyyət İlimiz mübarək, əziz azərbaycanlılar!



Cavid Cabbaroğlu,
tarix üzrə fəlsəfə doktoru



Reytinq: