» » «Beynəlxalq Bankda girov olan Dubaydakı iki zavod məhv olur»


«Beynəlxalq Bankda girov olan Dubaydakı iki zavod məhv olur»

20-10-2015, 13:14
Oxunub: 428
Çap et
«Beynəlxalq Bankda girov olan Dubaydakı iki zavod məhv olur»

«Cahangir Hacıyevin kreditləri verən, şirkətlərə köçürən birinci müavini azadlıqdadır»Kamandar Nəsibov: «Həbs olunanlar sadəcə kredit oliqarxlarının göstərişlərini yerinə yetiriblər»
Bu ilin fevral ayında baş verən devalvasiyadan sonra iri bankların əksəriyyətinin acınacaqlı vəziyyətdə olduğu üzə çıxdı. Bankirlər maliyyə göstəricilərinin kəskin pisləşməsini manatın ucuzlaşması ilə əsaslandırmağa çalışdılar. Araşdırma zamanı məlum oldu ki, əslində uzun illərdir yüksək faizlər sayəsində böyük gəlirlər əldə edən bankların vəziyyəti devalvasiyadan sonra bu cür pisləşməli deyildi. Məlum olub ki, problemin kökü əslində dolların bahalaşması yox, iri həcmdə kredit maxinasiyalarında, milyardlarla manatlıq geri qaytarılmayan kreditlərdə və digər korrupsiya əməllərindədir. Ən ağır vəziyyət isə Azərbaycan Beynəlxalq Bankındadır. Bankın 8 milyard manatlıq kedit portfelinin böyük hissəsi problemli kreditlərdən ibarətdir. Prezidentin tapşırığına uyğun olaraq aparılan araşdırmaların gedişində bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev istefaya getdi.
Bu il martın 18-də baş tutan həmin istefadan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu bankdan milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslərə başladı. Həbs olunanlar sırasında 318 milyon dolları mənimsəməkdə ittiham olunan Beynəlxalq Bankın Dubay filialının keçmiş müdiri Adil Hüseynovun vəkili Kamandar Nəsibov "Bizim Yol"a müsahibə verib.


- Kamandar müəllim, sizcə, hüquqlarını müdafiə etdiyiniz şəxsə qarşı ittihamlar əsaslıdırmı?

- Əlbəttə ki, ittihamlar əsassızdır. A.Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə ittiham elan olunub. Guya bir qrup şəxslə əvvəlcədən əlbir olaraq bankı aldadaraq kredit alıblar. Bu ittiham uydurmadır. Həbs olunanlar kredit almayıblar. Adil Hüseynov elə bu bankın işçisi olub, yəni o, özü-özünü aldadıb?

- Adil Hüseynova qarşı təzyiqlər varmı?

- Onun cəzaçəkmə müəssisəsində qanunsuz saxlanılmasının özü elə təzyiqdir. Həmçinin, onun bir həftə heç bir istintaq hərəkəti aparmadan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılması da qanunsuz idi.

- Bununla bağlı şikayət etmisiniz?

- Bəli. Etdiyim şikayət əsasında Bakı şəhər Nərimanov rayon Məhkəməsində qərar qəbul olunub. Qərarda müstəntiq, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin müdir müavini Murad Quliyevin hərəkətləri qanunsuz hesab edilib. Məndə olan məlumata görə, bundan sonra o vəzifəsindən də uzaqlaşdırılıb.

- Sizcə, Azərbaycan Beynəlxalq Bankının əsas səhmdarı olan Maliyyə Nazirliyinin bu işdə təqsiri varmı?

- "Beynəlxalq Bank işi" ilə bağlı həbs olunan şəxslər icraçı olublar. Onlar bankın filiallarına və şirkətlərə rəhbər təyin olunublar. Həbs olunanlar sadəcə kredit oliqarxlarının göstərişlərini yerinə yetiriblər, kredit müqaviləsinə imza atıblar. Heç onlar bilməyiblər kredit nəyə əsasən verilib və buna kim göstəriş verib. Pul vəsaitlərini xərcləyən adamların 90 faizi azadlıqdadır. Təcridxanada saxlanılanlar sıravi işçilərdir. Onlara qarşı 200-300 milyon manat ittiham irəli sürüblər. Halbuki onlar 1000-2000 manat maaşdan başqa pul görməyiblər. Mənimsənilən vəsaitlərə sərəncam verən şəxslər isə həbsdə deyillər.

Maliyyə nazirinin müavini Azər Bayramov Azərbaycan Beynəlxalq Bankın Müşahidə Şurasının sədridir. Onun simasında Maliyyə Nazirliyi həmin kreditlərlə bağlı tam xəbərdar idi. İllər boyu susub otururdular. Nə oldu, indi ağıllı oldular, qeyri-qanuni kreditlərlə bağlı danışmağa başladılar.
Bankın İdarə Heyəti sədrinin birinci müavini Emil Mustafayev bu gün azadlıqdadır. Hansı ki, o, birbaşa kredit vəsaitlərinin kimə verilməsi, hansı şirkətə köçürülməsi işlərinə birbaşa rəhbərlik edib.

- Belə çıxır ki, istintaqın gedişatından razı deyilsiniz?

- Xeyr! Necə razı ola bilərəm? Hesab edirəm ki, belə bir proseduru istintaq adlandırmaq düzgün deyil. Müdafiə etdiyim şəxs altıncı aydır ki, cəzaçəkmə müəssisəsindədir. Ondan tutulan zaman ifadə alınıb. Sonradan isə heç bir istintaq hərəkətləri aparılmayıb.

Onu da deyim ki, nə dindirmələr, nə üzləşdirmələr, nə də digər istintaq hərəkətləri barəsində vəkillərin xəbəri yoxdur. Çünki bizə məlumat vermirlər. Verdiyimiz vəsatətlərə, sorğulara da cavab verilmir. Telefon zənglərimizi müstəntiqlər cavabsız qoyurlar.

Məsələn, mən təsadüf nəticəsində xəbərdar oldum ki, Adil Hüseynovu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıb bir həftədir ki, orda saxlayırlar. Guya burada onun barəsində istintaq hərəkəti aparılacaqmış. Hansı ki, heç bir istintaq hərəkətləri aparılmadı. Mən ora-bura yazandan sonra Adil Hüseynovu cəzaçəkmə müəssisəsinə qaytardılar.

- Siz vəkillər hüquqlarını müdafiə etdiyiniz şəxslərlə görüşə bilirsinizmi?

- Təcridxanada olanda görüşə bilirik. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətiriləndə min bir bəhanə ilə vəkilləri onlarla görüşməyə icazə vermirlər.

- Sizdə məlumat varmı ki, məhkəmə nə zaman başlayacaq?

- Məncə, bunu heç istintaq da bilmir (gülür).

- "Beynəlxalq Bank işi"ndə təqsirli bilinən şəxslərdən kimsə həbs olunandan sonra bu bankın hesabına ödəniş həyata keçiribmi?

- Bəli. Məndə olan arayışlara görə, Adil Hüseynovun rəhbərlik etdiyi "KİNGSWAY TRADE LLP" şirkəti tərəfindən Beynəlxalq Banka 13-14 milyon vəsait ödənilib. Bu ödəniş pulla deyil, səhmlər formasında həyata keçirilib. Həmin şirkətin səhmlərinin böyük hissəsi dövlətə məxsus olub. Səhmin 49 faizi isə hüquqi və fiziki şəxslərə aid olub. Fiziki şəxslərdə səhmlərin məbləği cüzi idi. Beynəlxalq Bank nominal qiymətlərlə səhmləri həm hüquqi, həm də fiziki şəxslərdən aldı.
Onu da deyim ki, həmin şirkət Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyev göstərişi əsasında yaradılıb. Adil Hüseynov bankın işçisi olub, ona rəhbər deyib ki, şirkət təssis elə, o da edib. Həmin şirkətin üzərindən də kredit buraxılmışdı. Cahangir Hacıyev birinci müavini Emil Mustafayevin vasitəsi ilə həmin vəsait müxtəlif şirkətlərin hesabına köçürülmüşdü.

- Dediniz ki, müəyyən vəsait Beynəlxalq Bankın hesabına köçürülüb. Bu Adil Hüseynov işinə müsbət təsir göstəribmi?

- Heç bir təsir eləməyib. Onu da deyim ki, Adil Hüseynov rəhbərinin göstərişi ilə nəzarət etdiyi Dubaydakı iki zavodun külli miqdarda qiymətləri var idi. Onun barəsində həbs qətimkan qərarı çıxarılandan sonra zavod məhv olmağa doğru gedir. Zavodlarla bağlı altıncı aydır ki, heç bir tədbir görülmür, onlar burada girovdadırlar. Girovda ola-ola həmin zavodların biri məhv olmaq üzrədir. Deməli, bir zavodun 200 nəfərə yaxın işçi var idi, hamısı işdən azad olundu. İndi həmin zavoda heç kim nəzarət etmir. Elektrik, su və zavodları mühafizə edən şirkətə böyük məbləğdə borc yaranıb.
Vurğulayım ki, həmin iki zavod bu ilin yanvar-fevral aylarında təhvil verilməliymiş. Amma keçən ilin dekabr ayından bütün fəaliyyəti dayandırılıb. Heç kim ona maraq göstərmir. Hətta hazırkı Beynəlxalq Bankın rəhbərliyi həmin zavodlarla bağlı hər hansı bir tədbir görmür. Müəssisələrin yiyəsiz qalması ölkəmizin iqtisadiyyatına böyük ziyan vurur. İstintaq başlayanda heç olmazsa, bu zavodları satmaq niyyətində olaydılar. O zaman zavodları 300 milyona satılardısa, indi 100 milyona sata bilərlər. Bankın hazırkı rəhbərliyi görün nə qədər ziyan vurub? Adil Hüseynov ziyan vurmayıb ki? İstintaq, Maliyyə Nazirliyinin müvafiq işçiləri, hansı ki, istintaqla birlikdə bu işə rəhbərlik edən şəxslər ziyan vurub. Maraqlıdır ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan bu işə elə Maliyyə Nazirliyinin işçiləri rəhbərlik edirlər. Hansı ki, onlar bu işdə iştirakçı olublar.
Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu işi aparmaq iqtidarında deyil. Bu işləri ən aşağısı Prokurorluq aparmalı idi və belə hay-küylə yox, sivil və sakit qaydada. Bütün bu məsələlər həll oluna bilərdi və ölkəyə ondan da qat-qat artıq pul qayıda bilərdi.



Reytinq: