» » Bu gün ABŞ-da “səbir” sözü 1 trilyon dollardır


Bu gün ABŞ-da “səbir” sözü 1 trilyon dollardır

18-03-2015, 13:59
Oxunub: 399
Çap et
Bu gün ABŞ-da “səbir” sözü 1 trilyon dollardır


“Çox zaman mübahisələr olur ki, ABŞ-ın gücü nədədir? Bir çoxları bu gücü orduda, silahda, kəşfiyyatda görür. Təbii ki, bunların da ciddi önəmi var. Ancaq ABŞ-ın əsas gücü onun qurduğu siyasi, iqtisadi və elmi sistemindədir”.

milliyyet.az Axar.az -a istinadən xəbər verir ki, bu açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. Ekspert bildirib ki, hər şey FED-in bu gün verəcəyi açıqlamadan asılı olacaq:

“Dünyanın ən böyük iqtisadiyyatı, dünyada ən güclü universitetlər, ən irəli texnologiyalar, ən varlı və geniş sivil toplum şəbəkəsi - bütün bunlar ABŞ-dadır. Bir də təbii ki, dünyanın ən çox gəlir gətirən çap maşını-dollar kəsən aparat bu ölkədədir. 100 dollarlıq əskinazın maya dəyəri cəmi 18 sentdir, amma nominal dəyərdə dünya tərəfindən udulur, çünki bu valyutaya güvən var. Bu gün, 18 mart tarixində bütün iqtisadiyyat dünyasının gözü-qulağı yenə Amerikadadır. Bizim vaxtla saat 22:00-da Federal Rezerv Sisteminin (Mərkəzi Bank) toplantısının qərarı açıqlanacaq. FED-in ABŞ-da uçot dərəcəsini artırıb-artırmayacağını və ya nə vaxt artıracağını bütün dünya gözləyir. Bu gün FED faiz artırmayacaq. Bu dəqiqdir. Amma son 6 iclasında faiz artımı məsələsində “səbirli davranacağıq” kəlməsi var idi. İndi də bütün dünya bu sözcüyün rəsmi açıqlamada olub-olmayacağını gözləyir. Olacaqsa, deməli, FED faiz artımını ilin sonuna saxlayır, sözcük açıqlamadan çıxarılsa, deməli, iyun ayında FED faiz artımına gedəcək.

Əgər FED faiz artırarsa, yatırımlar, pullar evinə - ABŞ-a dönməyə başlayacaq. Belə olan təqdirdə dollar daha da bahalaşacaq və bununla da bütün əmtəələrin dəyəri dollar ekvivalentində yenə ucuzlaşacaq. Hesablamalar onu göstərir ki, “səbirli” sözü götürülsə, dünya birjalarında əmtəələr, qiymətli kağızlar, dövlət borcları, dünya valyutaları 1 trilyon dollara yaxın ucuzlaşacaq. Yəni, FED-in bir kəlməsinin, bir sözcüyünün dəyəri indi 1 trilyon dollardır. Məncə, ABŞ-ın gücü, innovativ, sözü keçən iqtisadiyyatındadır”.



Reytinq: