» » Neft pullarından Azərbaycana nə qaldı?


Neft pullarından Azərbaycana nə qaldı?

23-12-2016, 00:07
Oxunub: 416
Çap et
Neft pullarından Azərbaycana nə qaldı?


Qazancımız SOCAR, Əmlak Komitəsi, Vergilər Nazirliyinin yüz milyonlarla dəyərdə inzibati binalarıdır Ölkəyə gələn milyardların 73,1 faizi xərclənib, amma təbii resursları olmayan ölkələr bizdən qabağa gedib
Neft pulları bizə nə verdi? Son iki ildə özümüzə ən çox verdiyimiz sualdır bu və Bizimyol.info həmin suala cavab axtarıb. Məsələ heç vaxt gündəmdən düşməyib, ekspertlər neft pullarının istifadəsi yönündə çoxsaylı təkliflər veririr, neft gəlirlərinin arxayınlıq yaratmaması yönündə hökuməti daim xəbərdar edirdi. Amma ən çox iki devalvasiyadan sonra problem aktuallaşıb. Milli valyutanın bir müddət güclənib sonra dəyərinin aşağı düşməsi “Holland sindromu”-nun əsas simptomudur. Bunu kimsə dana bilməz. Dövlət məmurları həyata keçirilən layihələri gözümüzə atırlar. Amma təkcə nefti olan Azərbaycan inkişaf etmir, nefti olmayan ölkələr də qabağa gedir və bunu aşağıda rəqəmlərlə sübut edəcəyik . Statistik vətəndaşa “neft şəxsən sizə nə qazandırdı” sualını verdiyinizdə cavabı “heç nə” olur. Yəqin ki, bu, tam olaraq belə deyil. Lakin, insanların neftdən gözləntiləri daha çox olduğundan hazırkı iqtisadi-sosial durumlarından şikayətlidirlər. Əslində, biz ölkə olaraq neftdən indiyə qədər kifayət qədər gəlir götürmüşük və bu səbəbdən hazırkı orta aylıq əməkhaqqının 5-6 dəfə artığını arzulamağa haqqımız çatır...

Bu il gəlirlərimizin yarısını xərcləmişik

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlir və xərclərinə dair məlumatda deyilir ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində ARDNF-nin büdcə gəlirləri 6 618,6 milyon manat, xərcləri isə 3 823,1 milyon manat təşkil edib. Yanvar-sentyabr ayları ərzində ARDNF-nin neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 5 883,8 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 5 867,0 milyon manat, bonus ödənişləri 0,1 milyon manat, tranzit gəlirləri 13,4 milyon manat və akrhesabı ödənişlər 3,3 milyon manat olub. Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 734,8 milyon manata bərabərdir. Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar gəliri 2 612,3 milyon manat təşkil edib. Hesabat dövrü ərzində ARDNF-nin 2016-cı il büdcəsinin icrası çərçivəsində 3 260,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 73,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 39,1 milyon manat, Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsinin maliyyələşdirilməsinə 48,6 milyon manat vəsait ayrılıb. 20,8 milyon manat vəsait "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə 241,9 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə isə 127,0 milyon manat vəsait ayrılıb. İl ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 11,9 milyon manat təşkil edib.

2016-cı il oktyabrın 1-nə Fondun aktivləri 2016-cı ilin əvvəlinə (33 574,1 milyon ABŞ dolları) nisbətən 6,7% artaraq 35 822,1 milyon dollara (bu vəsaitin 33 949,6 milyon dollara bərabər hissəsi investisiya portfelinin payına düşür. Manat vəsaitlərinin valyuta ifadəsində həcmi isə 1 872,5 milyon dollardır) bərabər olub.

Neft pulları 12 istiqamətə yönəldilib

Indi isə Fondun bu ilin 3-cü rübünün yekununa olan məlumatnaa nəzər salaq. Hazırda Fondun aktivləri 35 822,1 mln. dollar təşkil edir. İndiyə qədər Fonddan büdcədən əlavə 11 layihə üzrə də vəsaitlər ayrılıb. Belə ki, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsində Azərbaycanın iştirak payının maliyyələşdirilməsi - 297,9 mln. manat, qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həlli - 1 981,5 mln. manat, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi - 779,6 mln. manat, Samur-Abşeron kanalının rekonstruksiya edilməsi -1 278,7 mln. manat, dövlət büdcəsinə transfertlər - 67 162,0 mln. manat, Dövlət İnvestisiya şirkətinin nizamnamə kapitalının maliyyələşdirilməsi (2006-cı ildə başa çatıb) - 90,0 mln. manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsi - 534,4 mln. manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə - 177,6 mln. manat, AÇG üzrə layihədə ARDNŞ-nin iştirak payının maliyyələşdirilməsi - 87,6 mln. manat, “STAR” neft emalı kompleksinin tikintisi - 723,2 mln. manat, “Cənub Qaz Dəhlizi” QSC-nin nizamnamə kapitalında dövlətin iştirak payının maliyyələşdirilməsi - 974,7 mln. manat tutub.

Mənfəətin artıq dörddə üçü gedib

Fondun illik maliyyə hesabatına görə, 2015-ci ildə ARDNF və ARMB-nin strateji valyuta ehtiyatları 38 590,8 milyon dollar səviyyəsində olub. İl ərzində strateji valyuta ehtiyatlarında 12 271,6 milyon dollar həcmində və ya 24,1% azalma müşahidə edilib. Bu azalma düşən neft qiymətlərinin Azərbaycan manatının məzənnəsinə mənfi təsirlərinin qarşısını almağa çalışan ARMB-nin çoxmilyardlı valyuta intervensiyaları ilə bağlı olub. Ehtiyatların 87,0%-i və ya 33,57 milyard ABŞ dolları ARDNF-nin vəsaitlərinin payına düşüb. 2001-2015-ci illər ərzində ARDNF-nin daxilolmaları 124,9 milyard dollar səviyyəsində olub, bu vəsaitin 33,57 milyard dolları (26,9%) yığıma yönəldilib.
Bu, o deməkdir ki, neftdən daxil olan 124,9 milyard dolların 91,3 milyardını bir şəkildə “yemişik”. Bunun 67,2 milyard manatı əvvəlcə büdcəyə transfert edilərək, ordan paylanıb. Qalanlar da sadalanan layihələrə, vəsaitlərin idarə olunması və Fondun saxlanmasına gedib. Əlimizdə sadəcə 33,57 milyard dollar qalıb ki, onun da bir hissəsi natura şəklindədir, əsasən qızıla və xaricdə əmlaka yönəldilib, bir də o qədər də rentabelli olmayan müəssisələrdə səhmlərdədir. Bunlar da indiyədək qazanılan vəsaitlərin yalnız dörddə birini təşkil edir.

Indiyədək 100 milyard dollar xərclənib

ARDNF-nin 2016-cı il üçün büdcə xərclərinin ümumi həcmi 10 668 933,7 min manat nəzərdə tutulub. Belə ki, 2016-cı il dövlət büdcəsinə transfertlərin həcmi 7 615 000,0 min manat, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı xərc maddəsi 2 355 318,0 min manat, Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərc maddəsi 32 660,0 min manata və Fondun 2016-cı il büdcəsinə Türkiyə Respublikasında “STAR” neft emalı kompleksinin tikintisi layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi ilə bağlı 331 776,0 min manat məbləğində xərc maddəsi əlavə edilib. Beləliklə, Fonddan xərclərimiz bu günə qədər 100 milyard dollar civarındadır. Bu pullar deyilənə görə iqtisadiyyata, sosial layihələrə yatırılıb. 2015-ci ildə Azərbaycanda orta aylıq nominal əmək haqqı 466,9 manata qalxıb. Bu rəqəm 10 il bundan əvvəl, yəni 2005-ci ildə 123,6 manat olub. Artım 3,77 dəfədir.

Dövlət Statistika Komitəsi 2005-2015-ci illərdə MDB dövlətləri üzrə orta aylıq nominal əmək haqqının artım dinamikasını da verib. Ölkələrin milli pullarının dəyərini bir kənara qoyuruq. Artım neçə dəfə olub, buna baxaq. Belarusda 463 741 belarus rublu orta əmək haqqı 6 718 697 rubla çatıb. Bu isə 10 il əvvəlkindən 14,5 dəfə çoxdur. Qazaxıstanda orta aylıq əmək haqqı 2005-ci ildə 34 060 təngə idisə, keçən ilin yekununda 125 335 təngə olub. Artım 3,7 dəfədir. Qırğızıstanda orta aylıq əmək haqqı 2 613 som-dan 13 277 som-a (artım 5 dəfədir), Moldovada 1 319 ley-dən 4 611 ley-ə (artım 3,5 dəfədir), Rusiyada 8 555 rubldan 33 981 rubla (artım 4 dəfədir), Tacikistanda 84 somoni-dən 879 somoni-yə (artım 10,5 dəfədir), Ukraynada 806 qrivnadan 4 195 qrivnaya (artım 5,2 dəfədir) qalxıb. Ermənistanda orta aylıq əmək haqqı 10 ildə 52 060 dramdan 184 647 drama qədər yüksəlib. Artım 3,54 dəfədir. Belə çıxır ki, biz ən yaxşı halda Ermənistan, Qazaxıstan və Moldova qədər inkişaf etmişik.

Heç bir ölkə yerində saymayıb, çoxunun nefti olmasa da orta aylıq əmək haqqını əhəmiyyətli dərəcədə artırıblar. Hətta iqtisadi blokadada olduğunu dediyimiz Ermənistan belə orta aylıq əmək haqqını bu illər ərzində bizdəki sürətlə qaldırmağa nail olub.

Neftdən qeyri-neftə yatırılan sərmayələr özünü nə dərəcədə doğruldur?

Fonddan birbaşa maliyyələşən layihələrə gəlincə, onların bəzilərindən yazacağıq. Misal üçün, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi 779,6 mln. manata başa gəlib. Bu yaxınlarda müstəqil bir təşkilatın nümayəndəsi içdiyimiz suyun analizini yanımızda apardı. Məlum oldu ki, içməyə nəinki tamamilə yararsızdı, onu heyvana vermək belə risklidir. Əgər belə bir su üçün 800 milyon sərmayə yatırılıbsa, pullar boşa gedib. İçdiyimiz suyun tərkibi barədə araşdırmanı yaxınlarda təqdim edəcəyik.

Qaçqın və məcburi köçkün ailələrinin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin həllinə də Fonddan indiyə qədər 2 milyarddan artıq pul ayrılıb.

Bu gün oxudum ki, Bərdədə yeni təhvil verilən 558 ailəlik qəsəbəni su basıb. Bu, nə birincidir, nə də sonuncu, “Qaçqınkom”-un saldığı qəsəbələrdə belə “təbii fəlakətlər” olur. Bakının Mehdiabad qəsəbəsində də onlar üçün salınan şəhərcikdə drenaj sisteminin qurulmaması ucbatından qəsəbəni su basmışdı. Camaat deformasiyaya uğrayan evlərinin divarlarını söküb yenidən tikmişdi. Ayrılan pulun 50 faizini görülən işə qoymayanda təbii ki, nəticə belə olacaq.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının” maliyyələşdirilməsinə ayrılan 177,6 mln. manat da nə qədər səmərəli xərclənib, cəmiyyət bunu bilmir. Çünki, xaricdə kimlərin təhsil aldığı, hansı meyarlarla seçildikləri, təhsillərini başa vurduqdan sonra nə işə yaradıqları barədə hər hansı açıqlama yoxdur. Qoyulan sərmayənin özünü necə doğrultuğunu bilmirik.

Büdcədən 70 milyard transfertlərin aqibətini isə Hesablama Palatası ictimaiyyətə çatdırır. Aparılan auditlərin nəticələrindən bəlli olur ki, büdcə təşkilatları onlara ayrılan vəsaitləri sağa-sola xərcləyirlər.

Digər layihələri araşdırmadığımız üçün onların haqqında hələlik bir söz deməyəcəyik.

Gözlə görünən layihələr...

Gözə görünən başqa “layihələr”-dir. Misal üçün, mən bilirəm ki, biz neft pullarına SOCAR üçün 335 milyon dollarlıq bina tikirik. Vergilər Nazirliyinin yeni inzibati binasının yalnız dəmir-beton, polad və xarici üzlənməsinə 150 milyon manat xərcləndiyi bildirilir. Əmlak Komitəsinin özünün gözəl inzibati binası ola-ola 200 milyona da yeni bina tikib. Qazancımız bunlar və bunlara bənzər tikililərdir.



Reytinq: