» » Avropa Oyunlarının proqramı çox maraqlı olacaq


Avropa Oyunlarının proqramı çox maraqlı olacaq

29-01-2015, 23:51
Oxunub: 697
Çap et
Avropa Oyunlarının proqramı çox maraqlı olacaq

milliyyet.az Azertac-a istinadən xəbər verir ki, bu ilin iyun ayında Azərbaycan paytaxtında keçiriləcək “Bakı–2015” ilk Avropa Oyunlarının proqramı çoxsaylı idman növləri üzrə çox maraqlı və innovativ yarışlarla zəngin olacaq.

Ümumilikdə 20 idman növü üzrə keçiriləcək bu mötəbər yarışların proqramına daxil edilən idman növlərindən 16-sı Olimpiya, dördü qeyri-Olimpiya idman növünü əhatə edəcək. Avropa Oyunlarında bu qitənin müxtəlif guşələrindən 6 mindən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikasının Babək rayonunun mədəniyyət evində birinci Avropa Oyunlarının tanıtım kampaniyası çərçivəsində ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə keçirilən tədbirdə bu barədə ətraflı söhbət açılıb.

Bildirilib ki, müstəqil Azərbaycan Respublikası sürətli iqtisadi inkişafı ilə regionun lider dövlətinə çevrilib. Beynəlxalq aləmdə nüfuzu durmadan artan ölkəmiz bir sıra yüksək səviyyəli beynəlxalq tədbirlərə ev sahibliyi edib. 2012-ci ildə Cənubi Qafqazın tarixində ilk dəfə “Eurovision” mahnı müsabiqəsi Azərbaycanda keçirilib.

Qeyd olunub ki, bu dəfə isə Avropada ilk dəfə keçiriləcək çox mötəbər bir idman yarışının - Avropa Oyunlarının ünvanı Azərbaycan olacaqdır. Böyük idman hadisəsi olan bu yarışa həm də siyasi və iqtisadi baxımdan ölkəmizin daha güclənməsini sübut edən bir amil kimi yanaşmaq lazımdır. Çünki Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda qazandığı nüfuz ilə birbaşa bağlıdır. Bu, həm də Azərbaycanın son illərdə idman sahəsində əldə etdiyi uğurlara dəstək xarakteri daşıyır.

Sonra ənənəvi olaraq Avropa Oyunlarına daxil edilən idman növlərinin babəkli gənclər arasında populyarlığı ilə bağlı sorğu keçirilib.

Sorğu başa çatdıqdan sonra dünya və Avropa arenalarında uğur qazanan Babək rayonunun idmançıları tamaşaçılara təqdim edilib. Gənc idmançılar dövlətimizin onlara göstərdiyi qayğıdan razılıq edərək, bundan sonra da yeni-yeni uğurlara imza atmağa səy göstərəcəklərini bildiriblər.

Tədbirdə birinci Avropa Oyunlarına həsr edilmiş videoçarx nümayiş olunub.

Sonda “Bakı-2015” ilk Avropa Oyunlarının loqo və simvolları əks olunan çanta və papaqlar idmançılara hədiyyə edilib.

Qeyd edək ki, analoji tədbirlər Ordubad, Culfa və Şahbuz rayonlarında da keçirilib.



Reytinq: