» » SON DƏQİQƏ: Cəbhədə nə baş verir? - MN-DƏN RƏSMİ AÇIQLAMA + VİDEO-YENİLƏNİB 3


SON DƏQİQƏ: Cəbhədə nə baş verir? - MN-DƏN RƏSMİ AÇIQLAMA + VİDEO-YENİLƏNİB 3

27-04-2016, 04:59
Oxunub: 820
Çap et
SON DƏQİQƏ: Cəbhədə nə baş verir? - MN-DƏN RƏSMİ AÇIQLAMA + VİDEO-YENİLƏNİB 3

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi əməliyyatlar davam edir.

Musavat.com-un cəbhə bölgəsindəki mənbələri xəbər verir ki, Tərtər-Ağdam cəbhəsində bir qədər əvvəl artilleriya döyüşləri yenidən başlayıb.

Ermənistan hərbi birləşmələri hava qaralandan dərhal sonra Azərbaycan ordusunun nəzarətində olan əraziləri artilleriya atəşinə məruz qoyublar. Azərbaycan Silahlı Qüvvələri düşmənə cavab verir.

Sosial şəbəkə istifadəçiləri də atışmanın başladığı barədə məlumatlar verir. Onların yazdığına görə, cəbhə bölgəsinə yaxın rayonlarda güclü atışma səsləri eşidilir.

* * *

Ermənistan silahlı güvvələri atəşkəs rejimini yenidən pozublar. ANS-in məlumatına görə, təmas xəttinin Tərtər istiqamətində yenidən atəş səsləri eşidilir. Məlumata görə qarşı tərəf artileriya silahlarını işə salıb. Azərbaycan ordusu qarşı tərəfin təxribatına cavab atəşi ilə qarşılıq verir.

* * *

Tərtər sakinlərinin verdiyi məlumata görə, düşmən rayonun Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndlərini atəşə tutub. Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizov bildirib ki, hazırda cəbhə xəttində vəziyyət gərgindir: “Bu dəqiqələrdə atışma davam edir. Məndə olan məlumata görə, bir neçə mülki evə ciddi ziyan dəyib. Sakinlər evlərindədirlər. Düşmən təxribatı səngimir. Ermənilər əsasən top və minaatalanlardan istifadə edir. Qapanlı, Seyidimli, Qarağacı, Düyərli kəndləri və Tərtər rayonunun mərkəzi atəşə tutulur. Ordumuz düşmənə cavab verir”.

Tərtərin Azad Qaraqoyunlu kəndi də düşmən atəşinə məruz qalıb. Kənd bəldiyyəsindən verilən məlumata görə, ermənilər bu gün axşam saatlarında əkin sahələrinə və mülki evlərə zərbələr endirib.

Son məlumata görə, Goranboy istiqamətində nisbi sakitlik hökm sürür. Bu barədə rayonun Tapqarqaraqoyunlu kəndinin bələdiyyə sədri Abbas Allahverdiyev məlumat verib.

Tərtər rayonunun Sarıcalı-Düyə kəndinin bələdiyyə sədri Bayramov İldırım mülkü evlərin düşmən tərəfindən atəşə tutulduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan ordusu düşməni cavab atəşi ilə susdurur: "Hazırda atışma gedir. Axşam saatlarında ermənilər kəndlərimizi atəşə tutmağa başladılar. Düşmən bu dəfə iri çaplı silahlardan, topdan istifadə edir"

Tərtər sakinlərinin sözlərinə görə, düşmənin atdığı mərmi rayonun mərkəzinə düşüb. Rayonun Teymur Rəhim küçəsində bir neçə evə ziyan dəyib. Mülki əhali arasında xəsarət alan olmayıb. Hal-hazırda erməni silahlı qüvvələri Tərtər istiqamətində intensiv atəş açır.

Ağdamın Qərvənd kəndinin bələdiyyə sədi Azər Mikayılov rayonda nisbi sakitliyin hökm sürdüyünü bildirib: "Ağdam istiqamatində atəş səsləri eşidilmir. Kənddə sakitlik hökm sürür".

Tərtərin Qarağacı kəndinin bələdiyyə sədri Rizvan Əzizovun verdiyi məlumata görə, hazırda təmas xəttində atışma səngiyib: “Atışma bir az səngiyib. Ermənilər ara-sıra atəş açırlar. Bayaqki kimi şiddətli döyüşlər getmir. Ordumuz düşməni yerinə oturtdu”.(azvision.az)

* * * *

00:31

Ermənistan Silahlı Qüvvələri bu gün axşam saatlarından başlayaraq cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Ordusunun mövqelərini iriçaplı silahlardan atəşə tutublar. Bu barədə APA -ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ermənilər Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini 122 mm çaplı D-30 tipli haubitsalardan atəşə tutub.

Hazırda Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən düşmənin susdurulması üçün atəş nöqtələrinə qarşı cavab tədbirləri həyata keçirilir .

Müdafiə Nazirliyi bildirir ki Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub: “Cəbhədə baş verən hadisələrə görə erməni tərəfi birbaşa məsuliyyət daşıyır”.




Reytinq: