» » Bakıda "ölüm mələyi"nin gəzdiyi binanın sakinləri qorxu içərisindədirlər - VİDEO


Bakıda "ölüm mələyi"nin gəzdiyi binanın sakinləri qorxu içərisindədirlər - VİDEO

1-12-2015, 15:51
Oxunub: 1479
Çap et
Bakıda "ölüm mələyi"nin gəzdiyi binanın sakinləri qorxu içərisindədirlər - VİDEO

Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 224/228 ünvanında yaşayan sakinlər daim qorxu içində yaşayırlar. Yüzə yaxın ailənin mənzili olan bu bina hər an onların məzarına da çevrilə bilər.

Belə ki, 2000-ci ildə sürüşmə nəticəsində yerindən 12 metr irəli sürüşən bina qəzalı vəziyyətə düşüb. Nəticədə binanın arxa hissəsi çökərək, təhlükə mənbəyinə çevrilib. Hazırda kənardan baxarkən də binanın əyri olması gözə çarpır.

Aidiyyatı qurumlar çökmə ehtimalını nəzərə alaraq, 16 mərtəbəli binanın 7 mərtəbəsini söküblər və bu yolla təhlükəni önləməyə çalışıblar. Lakin binanın illərdir ki, bu vəziyyətdə olmasına baxmayaraq, aidiyyatı qurumlar problemi kökündən həll etməyiblər. 15 ildir ki, bu binada yaşayış davam etsə də, sakinlərin içində qorxu hissləri qalmaqdadır.

Əhali arasında "əyri bina" adı ilə tanınan binaya baş çəkib, sakinlərlə həmsöhbət olduq.

Məcburi köçkünlərin məskunlaşdığı binada vəziyyət qorxuncdur. 7 mərtəbəsi sökülən bina hazırda 9 mərtəbəlidir. 9-cu mərtəbənin çıxışı açıq olduğunundan binanın damı yeniyetmə və azyaşlıların əyləncə məkanına çevrilib. Burada uşaqların ekstremal hərəkətləri qan dondurur. Təhlükənin nə olduğunu dərk etməyən azyaşlılara “dur” deyən də yoxdur.

Binanın ətrafı ucqar bir kənd həyatını xatırladır. Binanın həyətində köhnə taxtalardan düzəldilmiş kiçik mağazalar fəaliyyət göstərir. Məcburi köçkünlərin bəziləri gündəlik xərclik pulunu bu yolla çıxarır.

Binanın qəzalı vəziyyətinə gəlincə isə, sakinlər burada ölümü gözə alaraq yaşadıqlarını deyirlər: "Binanın demək olar ki, hər yeri qəzalı vəziyyətdədir. İllərdir ki, qorxu içində yaşayırıq. Dəfələrlə bu barədə Xətai Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Lakin binanın nə kommunal sistemi, nə də qəzalı vəziyyətdə olması ilə bağlı heç bir tədbir görülməyib. Binada yüzə yaxın ailə yaşayır. Lakin heç bir qurum göz önündə olan dəhşətli faciənin qarşısını almaq istəmir. Hər dəfə gəlib, binanın müxtəlif rakurslardan şəklini çəkib, gedirlər. Bununla da işlərini bitmiş sayırlar".

Sakinlər kommunal problemlər və təhlükəsizlik tədbirlərinin də acınacaqlı durumda olduğunu deyirlər: "Binanın zirzəmisi kanalizasiya suları ilə dolub. İllərdir ki, bu sular binanın bünövrəsini yuyur. Çökmə riski günü-gündən artır. İşıqlarımız tez-tez kəsilir. Bu barədə də şikayətimizi bildirmişik. Bugün-sabah deyib, boş vədlərlə başımızı aldadırlar".

Binanın damında gördüyümüz mənzərə isə, daha dəhşətli mənzərə oldu. Söküntünün pərakəndə aparılması bu mərtəbədə yaşayan ailələri ölüm təhlükəsi ilə üz-üzə qoyur. Qəzalı binanın damında onlarla ailə yaşayır ki, həmin ailələrin də qapısı birbaşa açıq səmaya açılır. Bir neçə addım yetər ki, binadan aşağı yuvarlanasan. Damın kənarlarında qoruyucu səddin olmaması burada oynayan azyaşlı uşaqların yıxılma təhlükəsini daha da artırır.

Bu mərtəbələrdə yaşayan sakinlər isə bütün bu təhlükələrə və əziyyətə qatlaşıb, yaşamağa məcbur olduqlarını bildirirlər. Binanın damını istirahət məkanına çevirən gənclər isə burada təhlükəli hərəkətlər edərək, bir-birilərinə meydan oxuyurlar. (musavat.com)



Reytinq: