» » Aytacın qatilinə ən ağır cəza verildi


Aytacın qatilinə ən ağır cəza verildi

20-11-2015, 16:06
Oxunub: 3365
Çap et
Aytacın qatilinə ən ağır cəza verildi
İzzət Hüseynov: "Hər gün onu düşünürəm, mən də hər gün ölürəm"
Bakı Ağır Cinayətlər Məhkəməsində 1998-ci il təvüllüdlü Aytac Babayevanı qətlə yetirməkdə təqsirli bilinən İzzət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Zərərçəkmiş şəxsin nümayəndəsi Xədicə Şirinova təqsirləndirilən sanksiya üzrə ən ağır cəzaya məhkum edilməsini məhkəmədən xahiş edib.

İzzət Hüseynovun vəkili çıxış edərək, müdafiə etdiyi şəxsin ilk cinayət hadisəsini törətdiyini və törətdiyi əməli səmimi etiraf etməsini cəza təyin edilərkən yüngülləşdirici hal kimi nəzərə alınmasını məhkəmədən xahiş edib.

İzzət Hüseynov son sözündə törətdiyi əməldən peşman olduğunu bildirib: "Hər gün onu düşünürəm, mən də istəməzdim belə olsun. Mən də hər gün ölürəm. Əzab içində yaşayıram".

Daha sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim İzzət Hüseynov 20 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.

Qeyd edək ki, ötən prosesdə çıxış edən prokuror məhkəmədən İ.Hüseynovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdi.

Qətl hadisəsi bu il fevral ayında Bəhruz Nuriyev küçəsi-81 ünvanında baş verib. Gürcüstan Respublikasının vətəndaşı, 1995-ci il təvəllüdlü İzzət Natiq oğlu Hüseynov aralarında yaranan münaqişə zəminində sevdiyi qızı - 1998-ci il təvəllüdlü Aytac Nazim qızı Babayevanı bıçaqlayaraq qətlə yetirib.
İzzət Hüseynov hadisənin baş verdiyi yerin yaxınlığında yerləşən kişi salonunda usta kimi işləyib. Aytac Babayeva isə Xətai rayonu ərazisində yerləşən 58 saylı orta məktəbin 11-ci sinif şagirdi olub.



Reytinq: