» » İlahiyyatçılarımızdan əzadarlara önəmli tövsiyyələr


İlahiyyatçılarımızdan əzadarlara önəmli tövsiyyələr

14-10-2015, 21:51
Oxunub: 2059
Çap et
İlahiyyatçılarımızdan əzadarlara önəmli tövsiyyələr

İmam Hüseynin 72 nəfərlə zalım rejimə qarşı mübarizəsi və Kərbəla müsibəti hər il Məhərrəm Səfər aylarında müsəlmanların, Əhli-beyt davamçılarının əzadarlıq məclisləri ilə qeyd edilir


Dünyada Əhli-beyt ardıcıllarının yaşadığı hər bir yerdə əzadarlıq məclisləri təşkil edilsə də, bəzən bu məclislərdə yanlışlıqlara yol verilir. Qırmızı xətlər gözlənilmir və İslam düşmənləri də bundan məharətlə istifadə edərək şiəliyə qarşı təbliğat aparırlar. Həqiqəti əks etdirməyən hekayələr, mərsiyyələr, rozələr xeyir verməməklə yanaşı həm də ciddi fəsadlara səbəb olur. İslam aləminin nüfuzlu müctehidləri və xüsusən də Ayətullah Xameneinin məhərrəm ayı ilə bağlı göstərişləri budur ki, məzhəbi süstləşdirəcək hər bir işdən çəkinilsin. Bununla bağlı İslamazeri.az ilahiyyatçılardan Məhərrəm ayı tövsiyyələri alıb. Məşhədi Dadaş məscidinin İmam Cüməsi, İlahiyyatçı Hacı Şahin Həsənli bildirib ki, Məhərrəm ayında əzadarlığın keçirilməsi dinimizin göstərişidir: "Hələ uşaq ikən peyğəmbərimiz İmam Hüseynin şəhadət xəbərini verib və özü də göz yaşı axıdıb. Bütün imamlarımız da bu ənənəyə sadiq qalıblar. Əzadarlıq böyük bir dini ayindir, dəyərli insanların şəhidliyinə sayğı göstərməkdir, onlarla həmrəy olmaq və ilahi əhkamlara qarşı eşqin təzahür etməsidir. Ona görə də, əzadarlığın məsum imamların şəninə layiq şəkildə keçirilməsi vacib məsələdir. Bəzən əzadarlıq zamanı bu hadisənin mahiyyətini təhrif edən, tarixi həqiqətləri əks etdirməyən, tarixi faktlara əsaslanmayan sözlər danışılır, rozələr oxunur. Mən tövsiyə edərdim ki, əzadarlıq mərasimlərində əsasən danışılan hadisələrin doğruluğuna ciddi riayət edilsin. Eyni zamanda, ifrat, yəni şəriətimizin qadağan etdiyi əməllərə yol vermək olmaz. Çünki, bəzən bu görüntülənərək dünyaya yayılır və məhərrəmlik ayininin gözdən salınmasına, məzhəbin özünün isə təhqir olunmasına gətirib çıxardır. Buna görə də, əzadarlıq mərasimlərində həm çıxışlarda, həm də mərsiyə və nohələrdə bu prinsiplərə riayət olunsa yaxşıdır. Kərbəla hadisəsinə Quran işığında, hədislərimizin işığında yanaşılmalıdır. Kərbəla hadisəsini törədən səbəblər araşdırılmalı, Kərbəla həqiqətləri günümüzlə uzlaşdırılaraq bu günün reallıqlarına uyğun təhlil edilməli və İmam Hüseynin (ə) şəhidlik məktəbi bütün çalarlarıyla isanlara çatdırılmalıdır. İmam Hüseynin (ə) məktəbi yalnız şəhidlikdən ibarət deyil; Bizə ləyaqətlə yaşamağı və ləyaqətlə ölməyi öyrədir. Bütün bu dəyərlər insanlara aşılanmalıdır. Bir daha qeyd etmək istərdim ki, hadisəni gözdən salacaq, onun mahiyətini təhrif edəcək əməllərdən çəkinmək tövsiyə olunur". "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin idarə heyyətinin üzvü, ilahiyyatçı hacı Taleh Abbasov əzadarlara tövsiyyələrində deyib: "Əhli-beyti sevmək həm Quranın, həm də əziz Peyğəmbərimizin (s) göstərişidir. Allah öz kitabında Əhli-beytə məhəbbəti risalətə əcr olaraq biz müsəlmanlara vacib edərək belə buyurub: "De, mən risalətimin müqabilində sizdən yalnız yaxınlarıma məhəbbət istəyirəm". (Şura, 23) Bu məhəbbətin əhəmiyyəti haqqında Peyğəmbərimiz (s) belə buyurub: "Hər bir şeyin əsası var və İslamın əsası da mənim Əhli-beytimə məhəbbət bəsləməkdir". İmam Hüseyn (ə) pak Əhli-beytin və ali-əbanın beşincisidir. Məhərrəm ayı o aydır ki, imam Hüseyn (ə) və yaranları günahsız olaraq şəhid ediliblər. Bizlər bu günləri matəm tutmalı və bu günlər bacardığımız qədər şənlikdən uzaq olmalıyıq, necə ki, imam Rza (ə) bu haqda belə deyib: "Elə ki, məhərrəm ayı daxil olardı, atam Musa ibni Cəfəri (ə) gülən görən olmazdı və atam bu ayı özünə matəm ayı qərar verərdi". (Məfatihul-Cinan) Bizlər bu ayda matəm tutmaqla həm Allaha, həm də Peyğəmbərə (s) öz ehtiramımızı bildirmiş oluruq. Çünki imam Hüseyn (ə) Allahın dininə görə hər şeyini Allaha qurban verib və bu qurbanlıqlar olmasaydı İslam dini bizim gəlib çata bilməzdi. Bizim vəzifəmiz budur ki, bu ayın ehtiramını bacardığımız qədər saxlamalı, bununla bağlı ən yüksək səviyyədə məclislər təşkil etməli ve elə bir iş görməli deyilik ki, bu məclislərə xələl gəlsin. Həmçinin bu ayda bizlərin vəzifəsi budur ki, imam Hüseynin (ə) qiyamının həqiqətini olduğu kimi öyrənib və diğər insanlara bəyan edək. İnsanlara bu ayda ağlamağın, sinə vurnağın və bu mövzu ilə bağlı məsələlərin mahiyyətini bəyan edək". Müsəlman Birliyi Hərəkatının İdarə heyyətinin üzvü Hacı Fərhad Muradov Məhərrəm ayının gəlişi münasibəti ilə Əhli-beyt aşiqlərinə, tərəfdarlarına, Azərbaycan xalqına başsağlığı verib: "Əzadarlara tövsiyyəmiz budur ki, əzadarlıqları əimməyə, imamlara layiq şəkildə yerinə yetirsinlər. Əza məclislərini şouya çevirməsinlər. Əzadarlar xüsusi ilə imam Hüseynin (ə) məktəbini öyrənməkdə səy göstərsinlər. Xüsusi ilə ilahiyyatçılar İmam Hüseynin (ə) xütbələrini, ayinlərini, məqsədlərini, amallarını, addımlarını əzadarlara çatdırsınlar. Əzadarlar da bu ayda danışılan xütbələrə, çıxışlara xüsusi diqqət ayırsınlar. Kərbəla müsibətinin mahiyyətini anlasınlar və onları öz həyatlarında tətbiq etsinlər. Bilirsiniz ki, İmam Hüseynin (ə) məktəbi mübarizə məktəbidir, müqavimət məktəbidir və bu müqavimət, mübarizə qiyamətə qədər davam etməlidir. Biz digər imamların həyatlarına baxdıqda görürük ki, onlar aşuranı çox əhəmiyyətli hesab ediblər. Məhərrəm günlərini xüsusi ilə qeyd ediblər, imamın amallarını hədəflərini aşılayılblar. İmamların o dövrdə əzadarlıq məclisləri təşkil etməsi mövcud rejimlərə etirazları idi. Bu, tamamilə onların açıq-aşkar hakimiyyətlə mübarizə aparmasının göstəricisidir. Çünki, o tarixdə imamların əzadarlıq etməsi Bəniüməyyə hakimiyyətinin iç üzünü açırdı, onları ifşa edirdi və hər il bu təkrarlanırdı. Camaat Bəniüməyyəni daha yaxşı tanıyırdı. Bəniabbas dövründə də həmçinin. Ona görə İmam Hüseyn əzadarlarına tövsiyyəmiz budur ki, Kərbəla məktəbini öyrənsinlər, o məktəbi yaşasınlar və məktəbin həqiqətini, mahiyyətini anlasınlar. Boş sinə vurmaqla, boş zəncir vurmaqla, mərsiyyə deməklə əzadar adına layiq olmaq olmur. Misal olaraq deyim, İmam Hüseyn (ə) İslam üçün hər şeyindən keçdi. Biz gedib çayxanalarda qəlyana 15 manat pul veririk. Amma İslam üçün 1-2 manat lazım olanda əlimiz gəlmir verməyə. Nəfsi istəklərimiz üçün hər şeyi edirik amma İmam Hüseyn məktəbinin yaşaması üçün, din üçün, təbliğat üçün, nə malımızdan keçirik, nə də canımızdan. Sonra da gedib İmam Hüseyn üçün ağlayırıq. Bunun hansı faydaları var bilmirəm. Diqqət etsinlər, Allah yolunda mallarıyla, canlarıyla cihad etsinlər, mübarizə aparsınlar. Belə olan halda İmam Hüseyn məclislərində iştirak edənlər həqiqi əzadar ola bilərlər".



Reytinq: