» » Müasir Azərbaycanımızın cəsurluq, qəhrəmanlıq və zəfər tarixi


Müasir Azərbaycanımızın cəsurluq, qəhrəmanlıq və zəfər tarixi

18-06-2015, 23:08
Oxunub: 677
Çap et
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 5 il ötür
Müasir Azərbaycanımızın cəsurluq, qəhrəmanlıq və zəfər tarixi
Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 5 il ötür. Göstərdiyi şücaətlə bir çox gənclərdə vətənpərvərlik hissini alovlandıran Mübariz İbrahimov bu gündə sevənləri, yaxınları və hərbiçi dostları tərəfindən anılır.

milliyyet.az-ın məlumatına görə, 5 ildir ki, Azərbaycan xalqı 18 iyunu təkcə Milli Qəhrəmanın şəhadət günü kimi deyil, müasir Azərbaycan tarixinin cəsurluq, qəhrəmanlıq, zəfər tarixi kimi qeyd edir.

Mübariz İbrahimov 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əsgəri xidmətini daxili qoşunların “N” saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş kimi başa vuran Mübariz bir müddət mülki işlərdə çalışsa da, 2009-cu ilə avqust ayında yenidən gizir rütbəsində xidmətə başlayıb.

O, 2010-cu il iyunun 18-də gecə təkbaşına iki ordu arasındakı 1km-lik minalanmış sahəni keçərək Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini məhv edib. 5 saatlıq təkbətək qeyri-bərabər döyüşdə özü də qəhrəmancasına şəhid olub.

“5, 10, 20 il də keçsə Mübariz həmişə qəlbimizdədir. Onu biz unutmayacağıq. Mübarizi bütün Azərbaycan xalqı yaşadır, sevir. Bu ata-ana üçün böyük təskinlikdir ki, onların övladını özlərindən çox sevənlər var”, – deyə Mübariz İbrahimovun atası Ağakərim İbrahimov qeyd edib.

Mübariz İbrahimovun döyüş yolu gənclərə qəhrəmanlıq məktəbi kimi tədris edilməlidir - Biləsuvarlı gənclər onunla daim fəxr edəcəklərini deyirlər.

“Mübariz İbrahimov adı bizim üçün həm qəhrəmalıq simvoludur, həm də müasir Azərbaycan tarixinin təkrar olunmayacaq vətənpərvərlik nümunəsidir”, – deyə Biləsuvarlı gənc Ziya Məmmədzadə fikrini açıqlayıb.

Vətənin Mübariz oğlunun xatirəsini Biləsuvarda hamı əziz tutur. Doğulduğu ev daima müqəddəs ocaq kimi ziyarət edilir.



Reytinq: