» » Prezident Administrasiyasından Rövnəq Abdullayevə sərt xəbərdarlıq edildi


Prezident Administrasiyasından Rövnəq Abdullayevə sərt xəbərdarlıq edildi

3-05-2015, 18:37
Oxunub: 1296
Çap et
"Simurq"lu futbolçuların oturaq aksiyası Prezident Administrasiyasını hərəkətə keçirib...
Prezident Administrasiyasından Rövnəq Abdullayevə sərt xəbərdarlıq edildi
Futbol üzrə Azərbaycan Çempionatının 32-ci turu çərçivəsində keçirilən "Simurq" - "İnter" qarşılaşması öncəsi meydan sahiblərinin oyunçularının meydanda oturaraq aksiya keçirməsi AFFA rəhbərliyinə sərt xəbərdarlıqla nəticələnib.

AzToday.az-a daxil olan məlumatda deyilir ki, "Simurq"lu futbolçuların 3 ay maaş ala bilməməsinə bu formada etiraz etməsi Prezident Administrasiyasında ciddi narahatçılığa səbəb olub. Belə ki, Avropa Oyunlarını problemsiz keçirəcəyini vəd verən hakimiyyət futbolçuların oturaq aksiyasının xarici mediada geniş işıqlandırılmasından və ölkəmizin adının mənfi istiqamətdə çəkilməsini yolverilməz sayıb.

Xatırladaq ki, düşmən Ermənistan mediası da "Simurq"lu futbolçuların 3 aydır maaş ala bilməməsini geniş işıqlandıraraq Avropa Oyunları öncəsi Azərbaycanda iqtisadi problemlərin yarandığını vurğulayıb. Görünür, indiyə kimi rəsmi təbliğatda Ermənistanda ağır iqtisadi problemlərin olmasını vurğulayan Azərbaycan hakimiyyəti erməni medaisının analoji metoda əl ataraq Avropa Oyunları öncəsi kiçik bir hadisədən istifadə etməsinə görə hirslənib.

Prezident Administrasiyasında bunun günahkarı kimi AFFA prezidenti Rövnəq Abdullayev kəskin tənqid olunub. Və Rövnəq Abdullayevə son dəfə xəbərdarlıq edilib ki, bu kimi hallar bir daha təkrarlanmasın.

Yalnız bundan sonra Rövnəq Abdullayev "Simurq"lu futbolçuların maaşlarının AFFA tərəfindən ödəyəcəyinə söz verib və onlardan daha belə problem yaratmamağı istəyib.

Məlumatda həmçinin deyilir ki, AFFA rəhbərliyi, daha doğrusu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Simurq"lu futbolçuların böyük səs-küyə səbəb olan aksiyası barədə əvvəlcədən məlumatlı olub. Lakin bunun qabağını almaq üçün heç bir tədbir görməyib. Ramin Musayev yalnız oyunun başlama saatlarında "Simurq"un dağılmasına imkan verməyəcəkləri barədə açıqlama verir. Görünür futbolçular bunu yetərli saymayaraq PFL prezidentindən əməli addım gözləyiblər.

Qeyd edək ki, Cahangir Hacıyevin "Beynəlxalq Bankı"ın rəhbərliyindən uzaqlaşdırılmasından sonra "İnter" və "Simurq" klublarında ciddi maliyyə problemi yaranıb. Futbolçulara 3 aydır maaş verilmədiyi deyilir.

Yeri gəlmişkən "Simurq" klubunun aksiyadan sonra yaydığı məlumatdan da görünür ki, AFFA Zaqatala komandasındakı real vəziyyətdən xəbərdar olub. Həmin məlumatı bir daha nəzərinizə çatdırırıq:

"İnter"lə qarşılaşmada baş verən hadisə isə futbolçuların Zaqatalada futbolun yaşaması üçün göstərdikləri etiraz idi. Bununla klub olaraq Azərbaycan futboluna cavabdeh olan şəxslərə bildirmək istədik ki, bu regionda insanların sevdiyi idman növünün yaşaması üçün üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çalışsınlar. Etiraz aksiyası oyunçularımızın şəxsi fikirləri idi və qarşılaşmadan öncə klub rəhbərliyinə belə bir hərəkət edəcəklərini bildirmişdilər. Biz isə onların bu fikirlərini dəstəkləmişik. "Simurq" Peşəkar İdman Klubu olaraq futbolçularımıza, işçilərimizə və məşqçi heyətinə hər şeyə görə çox sağ olun deyirik. Azarkeşlərimizə hər an yanımızda olduqlarına görə təşəkkür edirik. İdman mediasınada minnətdarıq ki, Zaqatalada futbolun yaşaması üçün lazım olan dəstəyi göstərirlər.

Qeyd edək ki, hazırda klub rəhbərliyi Zaqatala şəhərini təmsil edən "Simurq" Peşəkar İdman Klubunun yaşaması üçün lazımı şəxslərlə danışıqları davam etdirir. Klub prezidenti Anar Bəkirov artıq AFFA-nın baş katibi Elxan Məmmədovla görüş keçirdib. Elxan Məmmədov bildirib ki, futbol qrumu olaraq "Simurq"un yaşaması üçün lazımı dəstək göstəriləcək və növbəti mövsümdə Zaqatala təmsilçisi maliyyə cəhətdən heç bir çətinlik çəkməyəcək.

İnanırıq ki, bu söz olaraq qalmayacaq və "Simurq" növbəti mövsümdə də yaşayacaq, Şəki-Qax-Zaqatala-Balakən bölgəsinin Premyer Liqada yeganə təmsilçisi olaraq çempionatın ən iddialı komandası olacaq, azarkeşlərinə qələbələrlə bol anlar yaşatmaqda davam edəcək".
AZtoday.az



Reytinq: