Qərib Məmmədov vəzifəsindən alınaraq AMEA-ya göndərilir » Milliyet.Az

Qərib Məmmədov vəzifəsindən alınaraq AMEA-ya göndərilir

Qərib Məmmədov vəzifəsindən alınaraq AMEA-ya göndərilir


milliyyet.az Dia.az-a istinadən xəbər verir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri akademik Qərib Məmmədovun 18 illik fəaliyyəti deyəsən, öz məntiqi sonunu tezliklə tapacaq. Belə ki, məlumatlı qaynaqlardan əldə etdiyimiz məlumata görə, Qərib Məmmədovun məsələsi seçkilərədək həll edilməlidir. Bəzi mənbələrdə onun AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor vəzifəsinə göndəriləcəyi ilə bağlı xəbərlər də yer almaqdadır.

Bəs Qərib Məmmədovun istefaya göndərilməsi hansı zərurətdən irəli gəlir? Bu sualı cavablandıran mənbəmizin qeydlərində Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı sədrinin kifayət qədər təcrübəyə malik olmasına baxmayaraq, imicini xərcləməsindən bəhs edilir. İstefaya aparan yol da elə burdan başlanır, deyə daha sonra mənbəmiz fikrini belə əsaslandırır: Qərib Məmmədov son 5-6 ildə oliqarx çətirindən məhrum edilmiş məmurlardandır. Bir müddət öncə öz mövqelərini möhkəmləndirmək üçün Qərib Məmmədovdan heç bir əlavə səy tələb olunmurdu. Rəqibləri isə onunla hesablaşmağa məcbur idilər. Lakin tezliklə Qərib Məmmədovun kurasiyasında olan bölgələr, daha doğrusu, Ağsu rayonu onun nəzarətindən gözlənilmədən çıxarıldı. Rayonda sədrə məxsus üzümlüklərin və digər əkin sahələrinin də sonrakı taleyi anlaşılmaz olaraq qaldı. Çox çəkmədi ki, Qərib Məmmədovun əleyhdarları onun digər bölgələrdə olan və yaxın adamlarının adına rəsmiləşdirilmiş əksər obyektlərini də əlindən almağa nail oldular. Nəticədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri bir növ gücünü itirmiş kimi oldu. Revanş götürməyə çatası gücünün olmaması səbəbindən Komitə sədri sakitcə öz səlahiyyətlərinin icrasını davam etdirməklə günlərini saymaq məcburiyyətində qaldı. Bu gün sükutla müşahidə edilən proseslərdə sədrin 18 illik fəaliyyətinin ədəbi dildə desək, təbii razvyazkasına yaxınlaşması faktı göz qabağındadır. DTXK daxilində baş verən intriqaların da say artımı bu məsələdə diqqəti xüsusilə çəkir. Belə ki, sədrin tezliklə gedəcəyi barədə məlumat əldə edən kimi onun çevrəsinə formal surətdə daxil olduğu güman edilən bir neçə məmurun xüsusi canfəşanlıqla əl-ayağa düşdüyü barədə məlumatlar yayılıb. Bəzi məlumatlarda Komitə sədrinin yeganə müavini Azad Nağıyevin adı Qərib Məmmədovun yerinə şanslılar arasında xüsusi vurğuyla çəkilirdisə, hazırda bu versiyanın aktuallığını itirdiyi qənaətindəyik. Qeyd edək ki, ixtisasca mühəndis-geodezist olan Azad Nağıyev sovet dönəmində dərin təhsil görmüş təcrübəli mütəxəssislərdən sayılsa da, onun vəzifə bioqrafiyasında yer alan bir məqam da çox mətləblərdən xəbər verən bir amil kimi xüsusi maraq doğurur. Belə ki, Azad Nağıyev hələ 1992-ci ildən Komitə sədrinin müavini vəzifəsində işləyib. Lakin 2001-ci ildə gözlənilmədən onun vəzifəsi aşağı salınaraq Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Topoqrafiya, geodeziya şöbəsinin rəisi təyin olundu. 2003-cü ilin əvvəllərindən isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müavini vəzifəsinə təyin olundu. Mötəbər mənbəmizin bildirdiyinə görə, Azad Nağıyevin bu vəzifə eniş-yoxuşunda problemli məqamlar gizlənir. Qərib Məmmədov bir vaxtlar AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda direktor vəzifəsində çalışıb. Maraqlıdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin hazırkı sədrinin köhnə işinə qaytarılacağı xəbərləri də toplam halında yayılmağa başlayıb. Bu ideyanın müəllifi kimdir, deyə bilmərik. Lakin düşünürük ki, yalnız AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutuna direktor göndəriləcəyi halda akademik Qərib Məmmədov Komitə sədri postunda yol verdiyi ciddi yeyinti və nöqsanlara görə cəzadan qurtula bilər. Məlumat üçün bildirək ki, hazırda AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru vəzifəsi boşdur. Sonda maraqlı bir informasiya ilə oxucularımızı tanış etmək istəyirik. Belə ki, Qərib Məmmədovun bioqrafiyasında yer alan məlumatda onun hələ 1998-ci ildən akademik Həsən Əliyev adına Ekologiya fondunun sədri vəzifəsini də daşıması faktı nəzərimizi cəlb etdi. Bu maraqla da elektron axtarış sistemi vasitəsilə fondun son 15 illik fəaliyyəti barədə məlumat toplamaq istədik. Təəssüf ki, internet resurslarında bununla bağlı heç bir məlumat tapa bilmədik. Bilməzdik də...Torpaqların uzun illərdir ki, kadastr planının hayına qalanları ekologiya necə maraqlandıra bilər axı?..
  • Sosial şəbəkədə paylaş