» » İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: “Azərbaycan qanunlarını tanımırıq”


İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: “Azərbaycan qanunlarını tanımırıq”

2-04-2015, 18:52
Oxunub: 766
Çap et
İŞİD-çi azərbaycanlılardan məhkəməyə etiraz: “Azərbaycan qanunlarını tanımırıq”Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyada döyüşən 10 nəfərlik dəstənin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

milliyyet.az-ın Virtualaz.org-a istinadən xəbərinə görə, prosesə hakim Ramella Allahverdiyeva sədrlik edib. Təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Malik Musayev, Həşimov Samir, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, Dursunəliyev Vüqar, Dursunəliyev Elvinin anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxslər onlara dövlət tərəfindən təyin olunan vəkillərdən imtina ediblər. Heç bir ittihamı qəbul etməyiblər. Bəyan ediblər ki, onları yalnız “şəriət qanunlarına uyğun mühakimə edə bilərlər, şəriət məhkəməsi isə onların günahsız olduğunu sübuta yetirəcək”.

Təqsirləndirilənlərdən Samir Həşimov çıxış edərək İslam dininin qanunlarından başqa heç bir qanun qarşısında mühakimə olunmayacaqlarını bildirib. Ona görə təqsirləndirilən şəxslər məhkəmə boyunca susacaqlarını bildiriblər.

Məhkəmə baxışı aprelin 9-a təyin edilib.

Qeyd edək ki, Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə, habelə tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb etmə və başqa hüquqazidd əməllərinin törədilməsinə görə ümumilikdə 26 nəfər saxlanıb.

Bunlardan digər təqsirləndirilən şəxslər - Vilayət Həsənli, Malik Musayev, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Ruslan Mustafayev, Namiq Məmmədov, Fərid Muradov, Tural Həsənov, Elvin Əliyev, Tariyel Mustafayev, Azər Qəmbərov, Vüsal Bayramov, Samir Həşimov, Nicat Abbasov, Hüseyn Məmmədov, Ruslan Cəfərov, Sənan Baxışov, Eldost Quliyev, Məmmədşah Məmmədəliyev, Əhməd Həsənov və Maarif Mərdanov 2013-cü ildən 2014-cü ilin müxtəlif aylarınadək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin fəaliyyətində iştirak ediblər.

Vüqar Dursunəliyev tərbiyə etmək vəzifəsini daşıyan şəxs kimi yetkinlik yaşına çatmayan şəxsi ağır cinayətin törədilməsinə cəlb edib. Belə ki, Vüqar Dursunəliyev yetkinlik yaşına çatmayan oğlu, 1998-ci il təvəllüdlü Elvin Dursunəliyevdə radikal dini baxışların daha da möhkəmləndirilməsi məqsədi ilə onda Suriyada fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrin tərkibində iştirak etmək arzusu yaradaraq, Elvini həmin silahlı birləşmələrin tərkibinə qoşulmaqla ağır cinayət törətməsi üçün bütün nəqliyyat xərclərini ödəməklə Suriyaya göndərib.

15 yaşlı Elvin Dursunəliyev də 2013-cü ilin dekabrından 2014-cü ilin aprelinədək Suriya Ərəb Respublikasının ərazisində həmin dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak edib.



Reytinq: