» » Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir


Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir

24-07-2018, 16:55
Oxunub: 791
Çap et
Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir


Bu gün bir sıra tanınmış sayt rəhbərləri Ağsu rayon icra başçısı Ənvər Seyidəliyevə müraciət edib. Buna səbəb icra başçısının “dogruxeber.az” saytının baş redaktoru Kamal Əsgərovu xüsusi ittiham qaydasında məhkəməyə verərək, onun həbsini tələb etməsidir. Jurnalist, Ağsuda sosial problemlərdən saytında yazılar dərc etdiyi üçün icra başçısının qəzəbinə tuş gəlib.


Baş redaktorlar Ağsu icra başçısına müraciət etdi: Yazısına görə jurnalisti həbs etdirmək Prezidentə qarşı olmaq deməkdir

Müraciətə imza atan Realliq.info, Bakunews.az, Bakunews.tv, Xalqxeber.az, Gundemxeber.az, Xeberfakt.az, Reportyor.info, Vetenperverler.az, Stimulxeber.az, Azadsoz.info, Politico.az, Vediinfo.az, Zamantv.az, Qaynarxeber.net, ria24.az, Xeberekspress.az saytlarının baş redaktorları icra başçısından jurnalistə təzyiqlərə son qoymağı və xüsusi ittiham qaydasında şikayətindən imtinasını istəyiblər:

Milliyet.az həmin müraciətin qısa məzmununu təqdim edir:

“ Ölkə başçısı həmişə jurnalistin yazdığı yazılara, fəaliyyətinə görə həbsini pisləyib və məmurları tənqidə dözümlü olmağa çağırıb. Prezident dünya media nümayəndələri qarşısında çıxış edərkən, “Azərbaycanda heç bir jurnalist yazısına görə həbs edilmir və bu ola da bilməz” – deyərək ilk olaraq dövlətimizdə azad medianın olmasını istəyib. Lakin, bəzi məmurlar bu tövsiyyələri nəzərə almır və şəxsi tələblərini icra etməyə çalışırlar. Onlar, bu addımlarıyla azad mətbuatın fəaliyyətinə əngəllər yaradır və dövlətimizin dünyada qazandığı imici zədələməyə çalışırlar.”

Müraciətdə daha sonra vurğulanır ki, icra başçısı Prezidentin rayondakı səlahiyyətli nümayəndəsidir və qəbul edilən qərarlar, verilən tapşırıqlar ilk olaraq onlar tərəfindən həyata keçirilməlidir: “İcra başçıları media nümayəndələrinin fəaliyyətinə əngəllər yaratmamalı, təzyiq yolu ilə jurnalistləri susmağa məcbur etməməlidirlər. Onlar rəhbəri olduğu rayon və ya şəhərin digər vəzifəlilərinə nümünə olmalı və tənqidə dözüm nümayiş etdirməlidirlər. Nöqsanları yazmaq və araşdırmalar aparmaq jurnalistin vəzifəsidir. Prezident məhz bu baxımdan jurnalistləri ən yaxın dostu hesab etmişdir”.

Daha sonra müraciət sahibləri jurnalistin xüsusi ittiham qaydasında məhkəməyə verilməsini və həbsinin tələb edilməsini pisləyərək icra başçısı Ənvər Seyidəliyevi tələbindən çəkilməyə çağırıblar: “Hörmətli Ənvər müəllim. “Dogruxeber.az” saytının baş redaktoru Kamal Əsgərova qarşı xüsusi ittiham qaydasında qaldırdığınız iddia və onun həbsinin tələbi bizdə narahatlıq yaradıb. Biz media işçiləri Sizi bu tələbdən geri çəkilməyə və jurnalistə qarşı təzyiqlərə son qoymağa çağırırıq. Ümid edirik ki, müraciətimiz nəzərə alınacaq və Kamal Əsgərova qarşı qaldırılmış şikayətdən imtina edəcəksiniz”.
Müraciət icra hakimiyyətinə rəsmi şəkildə ünvanlanıb.



Reytinq: