» » İlahiyyatçı Hacı Şahindən İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR


İlahiyyatçı Hacı Şahindən İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR

2-04-2018, 23:41
Oxunub: 369
Çap et
İlahiyyatçı Hacı Şahindən İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR


Azərbaycanda Həzrəti Əlinin mövludu günü münasibəti ilə keçirilən mərasim sosial şəbəkələrdə yayılıb. Bir çox şəxs mövludun bu cür qeyd edilməsi dini gözdən salan hal kimi qiymətləndirir. Bəs İslam dini üçün dəyərli şəxsiyyətlərdən olan Həzrəti Əlinin mövludunun bu cür qeyd olunması dinin tələbləri ilə nə qədər uyğundur?

Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli Publika.az-a açıqlamasında dini mərasimlər, bayram günlərinin şən əhval-ruhiyyədə keçirilməsinin dinin tələblərindən olduğunu deyib:
“Hədislərimizdə “dini mərasimlər, bayramlarda şadlıq edin” , deyə buyrulur. Bu baxımdan din həyat tərzidir və yalnız matəm günlərindən ibarət deyil. Dinimizdə buyrulur ki, şadlıq imanlı insanın əsas əlamətidir. Amma bu mərasimlər keçirilərkən müqəddəs şəxsiyətlərin şəninə uyğun şəkildə qeyd edilməli, onları aşağılayacaq şəkildə keçirilməməlidir. Burada konkret qaydadan söhbət getmir, lakin elə tərzdə qeyd edilməlidir ki, dəyərlər gözdən düşməsin. Bu dəyərləri ucuzlaşdırmaq yolverilməzdir. Bəzən bu cür tədbirlər dini dəyərlərin gülüş hədəfinə çevrilməsinə, məsxərə edilməsinə səbəb olur. Əlbəttə, tədbirin mahiyyətinə uyğun keçirilməsi daha yaxşı olardı. Azərbaycanda bu cür tədbirlərin keçirilmə ənənəsi var. Həmin tədbirlərdə dahi şairlərimizin dini şəxsiyyətləri vəsf edən şeirləri oxunub, qəsidələr deyilib. Tədbirlər bu şəkildə keçirilsə, daha yaxşıdır. Düzdür, zaman keçdikcə, dini ayinlər, mərasimlərin keçirilmə qaydalarında dəyişikliklər ola bilər. Lakin bunlar tədbirin mahiyyətinə kölgə salan həddə olmamalıdır. Müqəddəs şəxsiyyətlərin adı ilə bağlı tədbirləri gülüş hədəfinə çevirmək yolverilməzdir”.

Hacı Şahin Həsənli həmçinin vurğulayıb ki, tədbiri keçirənləri pis niyyətli olmaqda da ittiham etmək olmaz:
İlahiyyatçı Hacı Şahindən İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR

“İnsanları qınamaq məqsədim yoxdur. Ola bilər ki, insanlar məhəbbətlərini bu cür ifadə etmək istəyiblər, məqsədləri heç də mərasimə kölgə salmaq olmayıb. Hər bir halda bu mərasim tədbirin mahiyyətinə uyğun deyil. Bu mərasimlərdə şirniyyat da verilə, ilahiyyat da oxuna bilər. Lakin hər hansı ad günündə oxunan, Azərbaycan xalqına da məxsus olmayan mahnıların oxunması doğru deyil. Düşünürəm ki, həmin görüntüdəki tədbirlər dinin mahiyyətinə uyğun deyil. İnsanlar bu cür tədbirləri keçirərkən, məhəbbətlərini ifadə edərkən ifrata varmamalıdırlar. Dini dəyərləri “yüngülləşdirmək”, yazılmamış, lakin qəbul olunmuş qaydalardan kənara çıxmaq doğru deyil. İnsanları qınamaq istəmirəm, amma şadlıq etmək müqəddəs şəxsiyyətin adına ləkə gətirməməlidir. Bu məsələ tək bir şəxsə aid deyil, həm də dini məsələdir. Dini məsələ də həssas olduğuna görə bunda daha diqqətli olmaq lazımdır”.

Qarabağ Seyid Ocaqlarının təmsilçisi, şərqşünas Seyid Camal Əzimbəyli isə deyib ki, dinimizə və İslamın qaydalarına görə sevimli peyğəmbərimizin, onun ev xalqı, əhli-beyt mənsublarının ad gününün keçirilməsində heç bir qəbahət yoxdur:
İlahiyyatçı Hacı Şahindən İmam Əliyə ad günü keçirib tort kəsənlərə SƏRT SÖZLƏR

“Lakin həmin şəxslərin mövlud günlərinin bu cür qeyd edilməsi heç bir halda dinin prinsiplərinə uyğun deyil. Qəhrəmanlıq üçün islamda bir nömrəli nümunə hesab edilən Həzrəti Əlinin ad gününün bu cür keçirilməsi xurafat, cəhalət, dini bilgisizliyin acı nəticəsidir. Biz dünyəvi ölkə olsaq da, mənəvi dini dəyərlərimizin təəssübkeşi Azərbaycan dövlətidir. Azərbaycan xalqı da mübarək isim sahibləri, sevgili peyğəmbərimiz və onun ev xalqına sevgi və sayğı ilə yanaşıb. Çox istərdim ki, aprel ayında Hərəti Əlinin doğum günü qeyd olunduğu günlərdə onun qəhrəmanlıq səlnaməsindən dərs alan aprel şəhidləri timsalında bütün şəhidlərimizin mübarək ruhları anılsın. Həzrəti peyğəmbərimiz öz dövründə ümmətinin cəhalətindən əzab keçirirdi. Bu gün mənəviyyat adamı kimi Həzrəti Əliyə bu cür doğum günü keçirən insanların əməllərindən utanıram. Ola bilər ki, o xanımlar arasında Həzrəti Əlini könüldən sevənlər var, amma onlar İslamı maarifləndirməni düzgün anlamadıqlarından, dini bilgisizlikdən, xurafatın qurbanı olduqlarından bunu yol veriblər. Odur ki, bu addımı dini və milli kimliyimizə qəsd kimi qiymətləndirirəm”.

Gülxar



Reytinq: