» » Bayıl yamacı yenə sürüşdü: 4 ev dağıldı - YENİLƏNİB


Bayıl yamacı yenə sürüşdü: 4 ev dağıldı - YENİLƏNİB

11-02-2018, 12:41
Oxunub: 171
Çap et
Bayıl yamacı yenə sürüşdü: 4 ev dağıldı - YENİLƏNİB

Bayıl yamacında baş verən sürüşmə nəticəsində 4 ev tamamilə dağılıb.



APA-nın xəbərinə gərə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə hallar komissiyasının sədri Abid Əliyev deyib.



O bildirib ki, dağıntılar yola tökülüb: “Hadisə nəticəsində xəsarət alan yoxdur. Çünki 15 gün əvvəl bütün evlər boşladılmışdı. Ərazidə yaşayış yoxdur. Bura təhlükəli ərazi kimi müəyyənləşdirilib və sürüşmə aktivləşən gündən ərazinin sakinləri köçürülüb, qaz, işıq, su verilməsi dayandırılıb”.



A.Əliyev deyib ki, yağış yağan günlərdə həmin ərazidə mütəxəssislər tərəfindən tədqiqatlar aparılırdı: “Bu proses daimi nəzarətdədir. Yağışlar yağdıqdan sonra ərazidə təhlükə artıb, artıq sürüşmə aktivləşib. Proses davam edir. FHN əməkdaşları, seysmoloqlar, aidiyyatı mütəxəssislər ərazidə işləyir, məsələni aydınlaşdırır.



Gündüzlər sakinlər evlərinə gəlib baxırlar. Gecələr ümumiyyətlə, yaşamağa icazə verilmir. Polis əməkdaşları tərəfindən bu ərazi nəzarətə götürülüb. 90-a yaxın ailəni siyahıya almışıq. Siyahı Nazirlər Kabinetinə təqdim olunub. Qərar qəbul olunsa ki, burda yaşamaq təhlükəlidir, evlərinə qayıda bilməzlər, o halda onlara yaşamaq üçün dövlət tərəfindən kirayə haqqının ödənilməsi məsələsi qaldırılacaq”.





Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya bildirib ki, Bayıl yamacında sürüşmə sahəsi aktiv fazadadır.



Onun sözlərinə görə, hazırda əraziyə baxış keçirilir: “Çatlarda dərinləşmə 5-6 metrə çatıb. Əlavə məlumat veriləcək”.



**

15:24





“Bayıl yamacında sürüşmə prosesində aktivlik müşahidə edilir”.



Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.



R.Həsənov bildirib ki, hazırda aidiyyatı qurumların, o cümlədən Fövqəladə Hallar Nazirliyinin, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndələri ərazidədir: “Ciddi problem olduğunu deyə bilərik. Əraziyə baxış keçirildiksən sonra hadisənin detalları ilə bağlı əlavə məlumat veriləcək”.

**

14:16

Bu gün saat 14 radələrində Bayıl yamacında sürüşmə aktivləşib. Sakinlərin Lent.az-a verdiyi məlumata görə, yamacın təhlükəli ərazi elan edilmiş hissəsində - yuxarı tərəfdə torpaq sürüşməsinin aktivləşməsi müşahidə edilib. Nəticədə bir neçə evdə ziyan dəyib, işıq dirəkləri aşıb. Aidiyyatı qurumların nümayəndələri əraziyə gəlib.



Qeyd edək ki, dünən axşamdan etibarən yağan yağış sürüşmə riskini daha da artırıb.



Əlavə məlumat veriləcək.



Reytinq: