» » İlham Əliyev: Azərbaycan donor ölkəyə çevrilib


İlham Əliyev: Azərbaycan donor ölkəyə çevrilib

22-01-2015, 20:47
Oxunub: 843
Çap et
İlham Əliyev: Azərbaycan donor ölkəyə çevrilib

Azərbaycan prezidenti Davos Forumunda çıxış edib.

Azərbaycan prezidenti İlham Əliyev Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş “Transformasiya prosesində regionlar: Avrasiya” panelində iştirak edib.

milliyyet.az Oxu.Az-a istinadən xəbər verir ki, paneldə çıxış edən prezident İlham Əliyev bildirib ki, transformasiya Azərbaycanda 1991-ci ildə - müstəqilliyin ilk vaxtlarında başlayıb:

“Bu, region üçün ən böyük transformasiya idi. Eyni zamanda bizim üçün böyük çətinliklər yaradırdı. İlk növbədə biz yeni dövlət yaratmalı idik, eyni zamanda bazar iqtisadiyyatı prinsiplərinə söykənən müasir iqtisadiyyat qurmalı idik. Bizim üçün transformasiya eyni zamanda siyasi sistem dəyişikliyi idi. Biz plan iqtisadiyyatından bazar iqtisadiyyatına keçid etdik. Bu gün Azərbaycan iqtisadiyyatının 85 faizi özəl sektorun payına düşür. İqtisadiyyatın diversifikasiyası siyasəti uğurla həyata keçirilir. Biz bu gün neft qiymətləri təzyiqindən getdikcə daha çox uzaqlaşırıq. Çünki bizim iqtisadiyyatımızın böyük bir hissəsi qeyr-neft sektorunda formalaşıb. Avropa Yenidənqurma və İnkişaf Bankının və digər təşkilatların köməyi ilə böyük infrastruktur layihələri həyata keçirilir. Hazırda Azərbaycan donor ölkəyə çevrilib”.

Dövlət başçısı qeyd edib ki, hazırda bir sıra layihələri Azərbaycan özü maliyyələşdirir:

“Təbii ki, enerji təhlükəsizliyi bizim inkişafımız üçün vacib olub. Çünki Azərbaycan əsas enerji mənbələrinə malikdir. Hazırda bizim enerji mənbələrimiz regionda böyük rol oynayır. Bu yaxınlarda biz böyük enerji layihəsi olan Cənub Qaz Dəhlizi layihəsinin əsasını qoymuşuq. Biz Azərbaycandan Avropaya qaz nəql edəcəyik. Bu, Avropanın ən böyük infrastruktur layihələrindən biri olacaq. İqtisadiyyatın diversifikasiyası bütün ölkələr, xüsusilə neft və qazla zəngin olan ölkələr üçün vacib elementlərdən biridir. Ancaq gələcəkdə daha çox işlər görülməlidir. Çünki biz elə bir regionda yaşayırıq ki, tək mənfiyə deyil, həmçinin müsbətə doğru da transformasiya baş verir. Ancaq çox təəssüf ki, regionda bəzi mənfiliklər də var. Biz daha çox münaqişələr, təhdidlər, terror hücumları ilə üzləşirik. Əlbəttə, ölkə daxilində tam stabillik o zaman təmin edilir ki, onun sərhədlərindən kənarda vəziyyət yaxşı olur. Bizim enerji və nəqliyyat layihələrimiz geniş beynəlxalq, regional əməkdaşlığı özünə hədəf seçib ki, bundan hər bir ölkə xeyir əldə edə bilsin. Bizim siyasətimiz bundan ibarətdir ki, hər bir tərəf - həm istehsalçı, həm tranzit ölkə, həm də istehlakçı bizim imkanlarımızdan faydalansın. Bu, Azərbaycanın yaratmaq istədiyi komanda işidir. Təəssüf ki, bizim regionun sərhədlərindən kənarda vəziyyət dəyişir. Neftin qiymətlərinin aşağı düşməsi bizim iqtisadiyyatımız üçün çətinliklər yaradır. Ancaq mən düşünürəm ki, mənfi nəsə baş verirsə belə, oradan müsbət tərəfləri tapmalıyıq. Bu, bizi daha işlək olmağa, daha az itki verməyə yönləndirəcək, bizi aşağı neft qiyməti ilə yaşamağa öyrədəcək ki, bu da enerji mənbələri bitəndən sonrakı dövrə hazır olmaq baxımından bizim üçün çox səmərəlidir”.



Reytinq: