» » 21 ölkə İŞİD-ə qarşı birləşir


21 ölkə İŞİD-ə qarşı birləşir

22-01-2015, 11:56
Oxunub: 662
Çap et
21 ölkə İŞİD-ə qarşı birləşir

Bu gün 21 ölkənin rəsmisi İŞİD hərbi qruplaşmasının Suriya və İraqdakı fəaliyyətinə son qoymaq üçün Londonda toplanacaq.

milliyyet.az Axar.az-a istinadən xəbər verir ki, bir gün davam edəcək konfransda ABŞ dövlət katibi Con Kerri və İraqın Baş naziri Heydər əl-Abadi də iştirak edəcək.

Rəsmilər həmçinin, İŞİD-lə mübarizə aparanlara hərbi və humanitar yardımlar edilməsi məsələsini də müzakirəyə çıxaracaqlar.

Konfransa Böyük Britaniyanın Xarici İşlər naziri Filip Hamondla birgə başçılıq edəcək ABŞ Dövlət katibi Con Kerri açıqlamasında bildirib ki, indi İŞİD-i məğlub etmək üçün əvvəlkindən daha çox qətiyyətli addımlar atmaq vacibdir:

“Terrorçular bizim güclərimizi bir-birindən ayırmağa çalışırlar. Amma əslində onlar öz hərəkətləri ilə bizi daha da birləşdirirlər”.

ABŞ rəsmisi Londona getməzdən öncə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti rəhbəri Federika Mogerini ilə Vaşinqtonda danışıqlar aparıb.

Londonda keçiriləcək konfransda iştirak edəcək xanım Mogerini bildirib ki, münaqişə Qərb və islam arasında bir döyüş deyil, bizi ərəb ölkələri ilə qarşı-qarşıya qoymağa çalışan qruplaşmalarladır.

Konfransda ABŞ və Böyük Britaniya ilə yanaşı Avstraliya, Bəhreyn, Belçika, Kanada, Danimarka, Misir, Fransa, Almaniya, İraq, İtaliya, İordaniya, Küveyt, Hollandiya, Norveç, Qatar, Səudiyyə Ərəbistanı, İspaniya, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri də iştirak edəcək.



Reytinq: