» » Virtual sevgililərin borc qalmaqalı


Virtual sevgililərin borc qalmaqalı

1-07-2016, 01:15
Oxunub: 547
Çap et
Virtual sevgililərin borc qalmaqalı


Türkiyə vətəndaşı azərbaycanlı qadına göndərdiyi pulları tələb edir Vəfa Əliyeva: «Məndən «skype»da soyunmağımı istədi, ona görə onunla evlənmədim»
Türkiyə vətəndaşı Hasan Culha “Facebook” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu Azərbaycan vətəndaşı Vəfa Əliyevanı (soyadı şərtidir-R.İ.) məhkəməyə verib.

1978-ci il təvəllüdlü H.Culha 1975-ci il təvəllüdlü Kürdəmir şəhər sakini V.Əliyeva tərəfindən aldadıldığını iddia edərək Kürdəmir rayon Məhkəməsinə müraciət edib.

H.Culhanın hüquqi nümayəndəsi Toğrul Allahyarov iddia ərizəsinin sürətini “Bizim Yol”a təqdim edib. İddia ərizəsində bildirilir: “Onlar “Facebook”da tanış olublar, bir müddət ünsiyyət qurduqdan sonra özünü səmimi xanım kimi qələmə verib, onu özünə bağlayıb və gələcəkdə onunla ailə quracağını bildirib. Bir gün Vəfa Hasana “mənim vəziyyətim yaxşı deyil, borcum var və səni çox sevdiyim üçün bunu sənə açıq şəkildə bildirirəm” deyib. Hasan virtual sevgilisinə 13.10.2015-ci il tarixdə 530 ABŞ dolları göndərir.

Bir müddət sonra isə Vəfa Hasana “anam gözündən əməliyyat olunmalıdır, mənim isə geyinməyə paltarım belə yox” deyərək yenidən pul istəyib. Hasan Vəfaya bir dəfə 300 dollar, iki dəfə 400 dollar göndərib. Bu ilin Novruz bayramı ərəfəsində isə Vəfa yenidən problemləri və qızının nişanı üçün pulun lazım olduğunu bildirib. Bu dəfə Hasan 500 dollar göndərib”.

Toğrul Allahyarovun sözlərinə görə, o Vəfa Əliyeva ilə telefonla danışıb: “Özümü ona təqdim edib, pulu nə səbəbdən geri qaytarmadığını soruşdum. Vəfa mənə dedi ki, Hasan ona 1200 manat verib, hər ay yüz manat məbləğində borcu qaytara bilər.

Halbuki, Hasan Vəfaya 2894 ABŞ dolları göndərib. Hüququnu müdafiə etdiyim şəxs məhkəmədən bu pul vəsaiti ilə yanaşı adi mülki dövriyyə şəraitində həmin pulla əldə edəcəyi və cavadehin təqsiri ucbatından məhrum olduğu 1000 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində zərərin, eyni zamanda iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edib”.

Hüquqşünas deyir ki, iyunun 9-da iddia ərizəsinə məhkəmə baxışı olub: “Növbəti proses iyulun 5-də olacaq”.

“Bizim Yol”a danışan Vəfa Əliyeva Hasan Culha ilə sosial şəbəkədə tanış olduğunu, ona evlənəcəyini bildirdiyini və ondan pul aldığını təsdiqlədi: “Mən ona pul «atmamışam». Özü göndərib. Fırıldaqçılıq etməmişəm. Bəli, mən ona evlənəcəyimizi bildirmişəm. Mənim pula ehtiyacım olub göndərib, sağ olsun. Məndən “skype”da soyunmağımı xahiş etdi. Mən onun bu istəyindən sonra nömrəmi dəyişdim. İmkanım yoxdur, onun mənə göndərdiyi pulu qaytara bilməyəcəm”.

V.Əliyevanın hüquqi nümayəndəsi Vilayət Zeynalov “Bizim Yol”a bildirdi ki, bu məsələdə nə cinayət, nə də mülki məsuliyyət var: “Hasan Culha məcburiyyət və ya borc qarşılığında pul göndərməyib. O, öz istəyi ilə göndərib. Odur ki, H.Culhanın hüququnu müdafiə etdiyim şəxsə göndərdiyi pul qaytarılmayacaq. Lap deyib ki, gəl evlənək. İndi də bəyənmir. Vəfa onunla evlənməyə məcbur deyil”.



Reytinq: