Tbilisinin mərkəzində Barataşvili küçəsində hündür mərtəbəli binanın fasadından qopan şüşə panel yoldan keçənlərin üzərinə aşıb.
Hadisə nəticəsində yerli məktəblərdən birində oxuyan 12-14 yaşlarında 6 yeniyetmə xəsarət alıb. Zərərçəkənlərin xəstəxanaya yerləşdirildiyi bildirilir.
Yeniyetmələrdən biri - 14 yaşlı azərbaycanlı Aslan Məmmədov, aldığı xəsarətdən dünyasını dəyişib.
“Əməliyyat aparmaq təəssüflər olsun ki, mümkün olmadı.Belə ki, zərərçəkənin ürəyi dayandı. Onu bir neçə dəfə həyata qaytarmaq mümkün olsa da, pasiyent sonradan travmatik şokdan dünyasını dəyişib” deyə xəstəxananın reanimotoloqu Qerqi Xarçilava bildirib.
Gürcüstan DİN insidentlə bağlı cinayət işi açıb.
Gürcüstan baş naziri Qeorqi Kvirikaşvili Barataşvili küçəsində baş verən insidentdə ölən uşağın ailəsinə başsağlığı verib.
“Bu çətin dəqiqələrdə, Barataşvili küçəsində baş verən faciədə 14 yaşlı Aslan Məmmədovun ölümü ilə əlaqədar onun valideynlərinə, ailəsinə, həmyaşıdlarına və pedaqoqlarına dərin üzün hissi ilə başsağlığı verirəm. Baş verən hadisə məni çox sarsıtdı, bu acını ifadə etmək üçün söz tapa bilmirəm” deyə baş nazirin bəyanatında deyilir.