DataLife Engine > Din > Məhərrəmlikdə bunları əsla etməyin, yoxsa... - Seyid Camal Əzimbəylidən VACİB SÖZLƏR

Məhərrəmlikdə bunları əsla etməyin, yoxsa... - Seyid Camal Əzimbəylidən VACİB SÖZLƏR


5-09-2018, 15:23. Разместил: sehriyar
Məhərrəmlikdə bunları əsla etməyin, yoxsa... - Seyid Camal Əzimbəylidən VACİB SÖZLƏR


“Əvvəlki illərə nisbətən son zamanlar dini xurafatın, cahil əməllərin azaldığını asanlıqla söyləyə bilərəm. Bu istiqamətdə müntəzəm olaraq monitorinqlər aparırıq. Sevindirici haldır ki, dini sahədə maarifləndirici tədbirlər effektini verir və əminliklə deyə bilərəm ki, Azərbaycanda xurafata, cahilliyə dayanan bir çox davranışlar artıq aradan qaldırılıb”.

Bu sözləri Publika.az-a açıqlamasında tanınmış şərqşünas, Qarabağ seyid ocaqlarının rəhbəri Seyid Camal Əzimbəyli deyib.

Onun sözlərinə görə, aparılan maarifləndirici tədbirlərin nəticəsi olaraq cəhalət, xurafata dayanan hərəkətlərin, tədbir və təbliğatın azaldığının şahidi oluruq:

“Birbaşa mənim ideya rəhbəri olduğum “İnam” verilişinin komandası ilə bu istiqamətdə tədbirlər görürük. Artıq ikinci ildir ki, biz dini sahədə maarifləndirici tədbirlər həyata keçiririk. Əminliklə deyə bilərəm ki, Azərbaycanda xurafata, cahilliyə dayanan bir çox davranışlar artıq aradan qaldırılıb. Lakin təəssüf hissi ilə qeyd etməliyəm ki, zaman-zaman şəxs və ya şəxslər tərəfindən İslam qaydalarına zidd olan davranışlara yol verərək, dinin əsas mahiyyətini ayaqlar altına atırlar. Azərbaycan xalqı əsrlərdir ki, peyğəmbərimizə, onun tərəfdaşlarına, əhli-beytinə hörmət və ehtiramla yanaşıb. Bəlkə də bu, bizə ilahinin lütfüdür ki, ölkəmizdə peyğəmbər sevgisi, əhli-beyt sevgisi xalqımızın ortaq dəyərinə çevrilib. Bu dəyərin mühafizəsi, eyni zamanda ölkəmizdə birlik və bərabərliyin, tolerantlığın qorunmasına xidmət göstərir. Azərbaycanda sevgili peyğəmbərimizə, onun əhli-beytinə ən böyük ehtiramı xalqımızla bərabər, dövlətimiz də yerinə yetirir. Gəncədə və Bərdədə “İmamzadə” komplekslərinin, habelə digər dini ocaqların yenidən inşası, həmçinin bərpası buna bariz nümunədir. Bunun bərabərində bir qrup insan Məhəmməd (s.ə.v.) peyğəmbərin, onun sevimli ev xalqının, Həzrəti Hüseynin (s) matəm günlərini də özününküləşdirmək istəyir. Düzdür, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu günlərdə misilsiz xidmətlər göstərir. Bu işdə Qafqaz Müsəlmanları İdarəsi də onlarla çiyin-çiyinə çalışır. Artıq bu maarifləndirmə proqramlarının içərisində mənim də rolum var. Deyə bilərəm ki, bu istiqamətdə gördüyümüz işlər olduqca gözəl nəticələr verir. Təsəvvür edin qanvermə aksiyaları keçirilir. Burada isə bütün din xadimlərinin, dini qurumların, komitələrin rəhbərliklərinin bir araya toplaşması, qanverməsi həm dinimizə, həm sevgili peyğəmbərimizə olan sevginin gözəl göstəricisidir. Bununla Azərbaycan öz dini tolerantlığını bütün dünyaya nümayiş etdirmiş olur”.

C.Əzimbəyli bununla yanaşı, görüləcək işlərin hələ çox olduğunu qeyd edib: “Hər zaman insanlara müraciət edərkən bunu deyirəm, məhərrəm ayı boyunca şəhidlərin məzarlarını ziyarət etmək, imkansız və şəhid ailələrini sevindirmək lazımdır. Çünki Həzrəti Hüseyn (s) İslam tarixində fədakarlıq məktəbinin ən uca zirvəsi, öndəridir. Yüzlərlə insan Aşura mədəniyyətindən bəhrələnərək könüllü surətdə gedib Qarabağ savaşı zamanı şəhadət zirvəsinə yetiblər. Onlardan çoxunu şəxsən tanıyıram. Yəni dini kimliklə bərabər, milli kimliyin vəhdətində hər bir kəs şəhidlərimizin mübarək qəbirlərini ziyarət etsin. Çox uzağa getməyin, öz kəndinizdə, qəsəbənizdə, qonşuluğunuzda olan şəhid ailələrinə yardım edin, diqqət və qayğınızı onlardan əsirgəməyin. Hər bir kəs o evlərə gücləri çatan yardımı göstərsin. Hətta gücləri çatmayanlar bunu bir kampaniya şəklinə salıb, sosial şəbəkələrdə yardımlaşma addımı kimi genişləndirə bilərlər. Bütün bunların məhərrəmlik ayında görülməsi zəruri, labüd hesab olunan addımlardır.

Lakin bütün bunlarla yanaşı, beş-on nəfər də olsa başına, sinəsinə zəncir vuraraq qanını axıdanlar da tapılır. Onlar bununla Həzrəti Hüseynə (s) sevgisini göstərməyə çalışsa da, bu cür sevgi nümayişi peyğəmbərimiz tərəfindən qəbul edilmədiyi kimi, dinimizdə də qəbul olunmur. Düşünmürəm ki, Həzrəti Hüseyn (s) soyundan olan, imanlı, dini elmi qavrayan şəxs bunu qəbul etsin. Çünki cana qəsd hər bir halda “Qurani Kərimdə” haram buyurulub. Həzrəti Hüseyn (s) fədakarlıq nümunəsidir, islam tarixində şəhidlərin alisidir, bir məzhəbin, təriqətin öndər şəhidi deyil, o, əyilməzliyin, qeyri-bərabər döyüşdə düşmənlərə qarşı savaşda öz ölümü ilə ölməzlik məktəbinin əsasını qoymuş bir öndərdir. Biz onun bu fədakarlığını Qarabağa transfer edərək, vətənimizin, dövlətimizin bütövlüyünü qorumalıyıq. Xatırlayın, peyğəmbərimiz buyurub: “Vətəni sevmək, imandandır”. Bax, o zaman vətənimizin bütövlüyünü qoruya bilərik”.

Seyid Camal Əzimbəyli onu da əlavə edib ki, insanlar özləri gördükləri işin mahiyyətini dərk etmədikləri müddətcə onlara bunu hansı üsulla izah etməyinizdən asılı olmayaraq inadla başa düşməməyə davam edəcəklər:

“Baxın, məscidlərdə özlərinə zəncir vuraraq, başlarını, bədənlərini yararaq sədaqət, sevgi nümayiş etdirməyə çalışırlar. Bizlər, din xadimləri, ilahiyyatçılar hər dəfə islamın həqiqətlərini insanlara çatdırmağa çılışırıq. İstər televiziyalar vasitəsilə, istər üzbəüz söhbətlər zamanı. İnanın ki, son üç ildə maarifləndirmə işi olduqca kütləvi hal alıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi gün ərzində dini mənəvi dəyərlərin təbliğinə həsr olunan 15-20 tədbir keçirir. Cəhalətin, xurafatın aradan qaldırılması istiqamətində keçirilən tədbirlər həqiqətən də insanlara kömək edir. Onların düzgün yola dəvət edilməsində böyük rol oynayır. Dəfələrlə mənə yaxınlaşaraq maarifləndirici tədbirlərdən sonra övldlarının radikal düşüncələrdən uzaqlaşdığını deyən valideynlər olur. Bu, çox sevindirici haldır. Biri gedib Suriyada cihad adıyla öz canına qəsd edirsə, o biri burada başını yarıb, bədənini qana bulayaraq deyirsə ki, mən bu cür “rahat oluram” həmin adamlara deməyə söz tapmırsan. O insanlar bircə onu bilsinlər ki, bu davranışları ömürlərinin sonuna qədər də davam etdirsələr, bundan Həzrəti Hüseynə (s) heç nə çatmır. İnanın ki, peyğəmbərimiz sağ olsaydı və ona olan sevgini bu cür ifadə edənləri görsəydi, onlara Allahın salamını belə verməzdi. Amma ölkəmizdə əzadarlığın yaşadılmasının, düzgün təbliğ olunmasının birmənalı olaraq tərəfdarıyam. Sevgili peyğəmbərimizə könül dünyasının bütün varlığı ilə yas saxlayan insan, heç vaxt gedib Suriyada, İraqda vuruşmaz. Baxın, Azərbaycanın Milli qəhrəmanları Şirin Mirzəyev, Etibar İsmayılov, Seyid Mübariz İbrahimov, Fərid Əhmədov imam Hüseyn əzadarlarından olublar. Bu gün (dünən) Fərid Əhmədovun doğum günüdür, ruhu şad olsun. Onlar qəlblərindəki islam sevgisini vətənin, dövlətin bütövlüyü uğrunda müharibədə fəda etdilər. Bax, bunu anlamaq lazımdır. İslamı məkrli işlərə, başqa ölkələrin bilinməyən mübarizəsinə calamaq, onların sifarişlərini yerinə yetirmək heç bir halda düzgün deyil. Əgər biri İmam Hüseyn sevdalısıdırsa, vətən uğrunda zərrə qədər xidməti yoxdursa, onlar bizdən deyildir".
Вернуться назад