Cümə məscidində şəhidlərin ruhu anıldı XÜTBƏ » Milliyet.Az

Cümə məscidində şəhidlərin ruhu anıldı XÜTBƏ

Hacı Surxay Məmmədli: “Bu gün hər kəs müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrinə müntəzir dayanıb”
Cümə məscidində şəhidlərin ruhu anıldı XÜTBƏ
Bu gün İçərişəhər Cümə məscidində çoxsaylı insanın iştirakı ilə cümə namazı qılınıb. Məscidin axundu, ilahiyyatçı Hacı Surxay Məmmədli xütbəsi əsnasında qeyd edib ki, 2-5 aprel tarixində işğalçı Ermənistan növbəti dəfə öz mənfur əməllərindən birini törətməyə cəhd göstərərək, təxribata cəhd edib. Lakin qüdrətli və güclü Milli Ordumuz, Silahlı Qüvvələrimiz düşmənə elə bir layiqli cavab verdi ki, qarşı tərəf indi də özünə gələ bilmir: “Biz ilk növbədə onunla fəxr edə bilərik ki, xalqımızın, millətimizin minlərlə qəhrəman övladları var və onlar hər an müqəddəs Vətən sərhədlərini öz canları bahasına olsa belə qorumağa hazırdırlar. Bəli, bu döyüşlər bütün dünyaya Azərbaycan xalqının yenilməziliyini, qəhrəmanlığını bir daha xatırlatmış oldu. Baxın, əsgərlərimiz heç nədən qorxmayaraq, mərd-mərdanə erməni mənfurlarına elə bir dərs verdilər ki, düşmən sarsıdıcı zərbə nəticəsində işğal etdiyi ərazilərimizi tələm-tələsik – silah-sursatlarını, hərbi ləvazimatlarını qoyaraq tərk etməyə məcbur oldular. Artıq torpaqlarımızın, yüksəskliklərimizin bir hissəsində müqəddəs üçrəngli Azərbayan bayrağı dalğalanır. Bu gün hər kəs müsəlləh əsgər kimi Ali Baş Komandanın əmrinə müntəzir dayanıb. Bu, bir qələbə müjdəsidir!”

İlahiyyatçı vurğuladı ki, döşyüşlərdə şəhidlərimiz də oldu: “Heç nədən qorxmayaraq, xain və qorxaq düşmənin üzərinə yürüyən əsgərlərimiz sinələrini qabağa verib, şəhid oldular. Şəhidlik Allah dərgahının ən ali mərtəbələrində yerləşən elə bir müqəddəs məfhumdur ki, onun barəsində danışmaqla bitməz. Şəhidlərimizin valideynləri, qohum-qardaşları heç də üzülməsinlər, bu gün həmin oğullarımız Cənnətdədirlər və buna layiq olduqları üçün oradadırlar. Onlar bu imtahan dünyasından üzü ağ, alnıaçıq çıxdılar”.

Surxay Məmmədli xatırlatdı ki, hələ illər öncə dünya birliyinin böyük əksəriyyəti, xarici təşkilatlar işğalçı Ermənistanın yürütdüyü siyasətə heç bir ədalətli reaksiya vermirdilər: “Lakin indi qarşıda güclü, qüdrətli və yenilməz Azərbaycan var və bu gün Azərbaycan söz sahibi olaraq, xarici təşkilat və dövlət rəhbərlərinin Qarabağ münaqişəsi baxımından ədalətli bəyanatlarının şahidi olur. Bütün bunların təməlində isə səriştəli dövlət idarəçilyi amili dayanıb. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənabları yürütdüyü mütərəqqi dövlət idarəçiliyi ilə dünyanın nəzərini bizim haqq-ədalətli mövqeyimizə tərəf yönəldə bilib.

Düzdür, bu gün bir sıra ermənipərəst və ermənisifət təşkilatlar, qurumlar var ki, hələ də öz maraqlarını güdməkdən ötrü səs-küy salır, guya Azərbaycanın bu məsələdə haqsız olduğunu nümayiş etdirməyə cəhd göstərirlər. Ancaq onların bu yalanlarına heç kim inanmır”.
Cümə məscidinin axundu təəssüflə bildirib ki, xalqımız, oğul və qızlarımız Vətən uğrunda canlarından keçməyə hazır olduqlarını dediyi bir vaxtda, elələri də var ki, onlar nəinki Azərbaycanın mövqeyini dəstəkləmir, hətta hərbi əməliyyatlar başlasa düşmən tərəfini dəstəkləyəcəklərini öz çirkin niyyətləri ilə etiraf edirlər. Ancaq onların hər biri ilk öncə Allah qarşısında cavab verəcək!”

Hacı Surxay bildirdi ki, bir çox dövlətlər Azərbaycana dəstək verməklə murdar düşməni pəjmürdə edib: “Pakistan, Türkiyə, Qazağıstan, İran, Belorus və s. ölkələr Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini dedikdən sonra, Ermənistan daha da pəjmürdə oldu və artıq məğlubiyyətə doğru sürükləndiyini anlamağa başladı. Ona görə də indi beynəlxalq təşkilatlar qarşısında çığır-bağır salır. Ancaq gecdir! Artıq bıçaq sümüyə dirəndiyinə görə, düşmənin torpaqlarımızı geriyə qaytarmaqdan başqa əlacı qalmayıb. İnşaAllah o gün uzaqda deyil”.

Qeyd edək ki, Cümə məscidinin ən görünən yerində Azərbaycan Respublikasının dövlət bayrağı asılmışdı.
  • Sosial şəbəkədə paylaş