Səudiyyə Ərəbistanı hökuməti Ayətullah Şeyx Baqir Nimri edam edib » Milliyet.Az

Səudiyyə Ərəbistanı hökuməti Ayətullah Şeyx Baqir Nimri edam edib

Səudiyyə Ərəbistanı hökuməti Ayətullah Şeyx Baqir Nimri edam edib
Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, məhkəmənin qərarıyla barələrində edam hökmü çıxarılan 47 nəfərə qarşı hökm icra edilib.

SalamNews-un "al-Arabiya"-ya istinadən xəbərinə görə, edam edilənlər arasında nüfuzlu şiə din alimi Ayətullah Şeyx Baqir əl-Nimr də var.

Belə ki, Ayətullah Baqir Nimrin adı bu gün Nazirliyin yayımladığı edam edilənlərin siyahısında yer alıb.

Edam edilənlərin 45 nəfəri Səudiyyə vətəndaşı olub və onların əksəriyyəti 2003-2006-cı illərdə terror aktları törətmiş "əl-Qaidə" üzvləri olduğu bildirilir. Səudiyyə Ərəbistanının SPA agentliyinin məlumatında qeyd olunur ki, edam edilənlər arasında Çad və Misir vətəndaşları da olub. Bildirilib ki, edam edilənlər mülki şəxsləri və krallığın təhlükəsizlik qüvvələrini hədəfə alan terror aktları törətməkdə ittiham ediliblər.

Xatırladaq ki, Ayətullah Şeyx Baqir Nimr Səudiyyə Ərəbistanı hökumətinə qarşı dinc etiraz aksiyaları zamanı tənqidi çıxışlar etdiyi üçün 2012-ci ildə ölkənin şiələr yaşayan Qətif əyalətində polis tərəfindən güllələndikdən sonra həbs edilmişdi. Onun barəsində iğtişaş yaymaq, krallığın təhlükəsizliyinə zərbə vurmaq, hökumət əleyhinə çıxışlar etmək və siyasi məhbusları müdafiə etmək ittihamları irəli sürülmüşdü. 2014-cü ildə Səudiyyə məhkəməsinin onun barəsində çıxardığı edam qərarı beynəlxalq ictimaiyyətin də tənqidlərinə məruz qalmışdı. Ayətullah Şeyx Baqir Nimr barədə bir neçə instansiyadan keçən edam qərarı ötən ilin oktyabr ayında Səudiyyə Ərəbistanının Ali Məhkəməsi tərəfindən də təsdiqlənib
  • Sosial şəbəkədə paylaş