Sünnilərlə şiələrin 10 əsas fərqi – » Milliyet.Az

Sünnilərlə şiələrin 10 əsas fərqi –

Sünnilərlə şiələrin 10 əsas fərqi –
Müsəlmanlıqdan söhbət düşəndə "sünni” və "şiə” sözləri tez-tez işlənir. Hər kəs bilir ki, İslam dünyası iki böyük qütbə ayrılıb və heç kim sadəcə "müsəlman” deyil, hər kəs ya sünnidir, ya şiə. Amma onların fərqləri nədir? Bu, çoxlarına aydın deyil.

Ona görə də, AzVision.az sünnilər və şiələr arasında 10 əsas məsələdə olan fərqləri sistemləşdirməyə çalışıb. Bu fərqlər bütün dünya müsəlmanları üçün doğru olsa da, biz məsələyə daha çox Azərbaycan müsəlmanlarının prizmasından yanaşmışıq.
Beləliklə, sünnilər və şiələr arasında olan 10 əsas fərq bunlardır:
1) İslamın 5 əsas şərtindən birincisi olan Kəlimeyi-şəhadəti bu məzhəblər ayrı cür deyirlər:
Sünnilər:
- "Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd də onun qulu və elçisidir”
Şiələr:
- "Şəhadət verirəm ki, Allahdan başqa Allah yoxdur, Məhəmməd onun elçisidir, Əli də möminlərin əmiri və Allahın dostudur”
2) İslamın əsas şərtlərindən olan Namazı fərqli qılırlar
Sünnilər:
- Beş ayrı vaxtda qılırlar
- Namaz qılarkən əllərini qarın nahiyəsində bir-birinin üstünə qoyurlar
- Azan və iqamədə islamın dördüncü xəlifəsi Əlinin adını çəkmirlər
- Qunut (əlləri birləşdirib qabağa uzatmaq) tutmurlar
- Möhürsüz qılırlar
Şiələr:
- Üç ayrı vaxtda qılırlar
- Namaz qılarkən əllərini yanlarına salırlar
- Azan və iqamədə Hz.Əlinin möminləin əmiri və Allahın dostu olduğunu vurğulayırlar.
- Qunut (əlləri birləşdirib qabağa uzatmaq) tuturlar.
- Qarşılarına Kərbəla torpağından düzəldildiyi deyilən möhür qoyurlar.
3) Dəstəmaz və Qüsul
Sünnilər:
- Dəstəmazda ayaqlarını yuyurlar
- Bütün hallar üçün bir növ qüsul alırlar
Şiələr
- Dəstəmazda ayaqlarını yumur, üstdən (bəzən hətta corabın üstündən) məsh çəkirlər
- Qollarını ancaq yuxarıdan aşağıya sığallayaraq yuyurlar (sünnilərdə bunun fərqi yoxdur)
- Müxtəlif hallar üçün müxtəlif növ qüsullar mövcuddur.
4) İlk 4 xəlifə
Sünnilər:
- Peyğəmbərdən sonra taxta çıxan və 632-661-ci illər arasında Ərəb Xilafətini idarə edən ilk 4 xəlifəni (Əbu Bəkr, Ömər, Osman, Əli) xüsusi hörmətli şəxs, böyük səhabə sayır, adlarını çəkərkən "Radıyallahu Anhüm”(Allah onlardan razı olsun) deyirlər. Onları "raşidi” (düz yolla gedən) xəlifə adlandırır, hakimiyyət dövrlərini "əsri-səadət” sayırlar. Qeyd edək ki, ilk dörd xəlifənin ikisi Məhəmməd peyğəmbərin kürəkəni, digər ikisi isə qayınatası olub. Üçüncü xəlifə Osman hətta ikiqat qayınatası olub, bir qızı vəfat edəndən sonra digər qızını da peyğəmbərə ərə verib. Buna görə də "zünnureyn” (iki nur sahibi ) ləqəbini alıbmış.
Şiələr:
- Hesab edirlər ki, Peyğəmbərdən sonra Əli xəlifə olmalı idi. Ona görə də, Əliyə qədər, 632-656-cı illərdə hakimiyyətdə olmuş ilk 3 xəlifə uzurpatordur, haqları çatmadığı halda hakimiyyəti mənimsəyiblər. Bir çox şiələr bəzən həmin ilk 3 xəlifəni hətta təhqir etməkdən də çəkinmirlər. Xüsusilə də, ikinci xəlifə Ömər ibn Xəttabı daha çox pisləyir, Onun Hz.Əlinin kürəkəni, Məhəmməd peyğəmbərin isə qayınatası olması faktını xatırlamamağa çalışırlar.
5) Vida xütbəsi və Qədr Xum
Sünnilər:
- Məhəmməd peyğəmbərin sonuncu Həcc mərasimi zamanı böyük insan izdihamı qarşısında söylədiyi axırıncı kütləvi nitqini – "Vida xütbəsi”ni onun vəsiyyəti, missiyasının yekunu və təbliğatının son nöqtəsi kimi qəbul edirlər.
Şiələr:
- Məhəmməd peyğəmbərin sonuncu Həcc mərasimindən Mədinəyə qayıdarkən səhrada, Qədr-Xum adlanan yerdə bir dəstə insan qarşısında etdiyi çıxışı onun son vəsiyyəti kimi qəbul edirlər. Və bildirirlər ki, həmin çıxışında peyğəmbər Əlini hər kəsdən yüksəkdə tutduğunu, özündən sonra onu xəlifə görmək istədiyini söyləyib.
6) Hz.Aişə
Sünnilər:
- Peyğəmbərin ən sevimli xanımı, böyük islam alimi, hədis və sünnə bilicisi sayır, "Möminlərin anası” adlandırırlar.
Şiələr:
- Həzrət Əli ilə olan konfliktinə görə Aişənin yolundan azdığını hesab edir, Peyğəmbərin ən sevimli xanımı rolunda isə Əlinin arvadı olmuş Hz.Fatimeyi-Zəhrənın anası Xədicə xanımı görürlər. Bundan başqa, Aişənin atası, ilk xəlifə Əbu-Bəkr ilə Fatimeyi-Zəhra arasında "Fədək” adlanan xurma bağları üstündə qalmaqal olduğundan, həmin ata və qızını bir də buna görə pisləyilər. Qeyd edək ki, Fədək – yəhudilərdən alınmış Xurma bağları idi, xəlifə Əbu Bəkr Hz.Məhəmmədin "Peyğəmbərin malı xalqa qalmalıdır” sözünə əsaslanaraq, Fatimənin iddia etdiyi o bağı dövlətin mülkiyyətinə keçirmişdi.
7) İmamət
Sünnilər:
- İmamları müqəddəs şəxs saymırlar. Onlar üçün imam – sadəcə, dini yaxşı bilən ilahiyyatçı-alimdir. Dörd imamı və onların təriqətini haqq olaraq qəbul edirlər: Əbu Hənifə, Əbu Hənbəl, Şafii və Maliki. Bunlar sünnilikdəki 4 əsas təriqətin baniləridir.
Şiələr:
- Ancaq Hz.Əlinin Fatimeyi Zəhradan olan övladlarını və onların nəslindən çıxanları "imam” sayır və onları müqəddəs hesab edirlər. Digər arvadlardan (Hz.Əlinin 11 xanımı olub) olan övladlar bura daxil deyil. Onlardan İmam Cəfəri-Sadiq hazırda Azərbaycanda geniş yayılmış Cəfərilik təriqətinin banisidir.
8) Mehdi Sahib-əz-zaman
Sünnilər:
- Nə zamansa zühur edəcəyini istisna etməsələr də, Mehdini konkret şəxsiyyət yox, daha çox simvolik varlıq hesab edirlər. Mehdinin zühuru – sadəcə olaraq, islamın, haqq-ədalətin dünyada zəfər çalacağı anlamına gəlir.
Şiələr:
- Əsl adı Məhəmməd olan 12-ci imamlarını Mehdi Sahib-əz-zaman sayır, onun qeybə çəkildiyini deyir və vaxtı çatanda zühur edəcəyinə inanırlar. Tarixdə bir neçə dəfə Mehdinin adından istifadə olunaraq, böyük siyasi hadisələr törədilib. Ən sonuncusu 19-cu əsrin ortalarında İranda baş vermiş Babilər hərəkatıdır.
9) Məhərrəmlik və Aşura
Sünnilər:
- 680-ci ilin Məhərrəm ayının 10-da Kərbəla adlanan yerdə baş vermiş Aşura hadisəsini (qeyri-bərabər döyüşü) faciə kimi qəbul edir, amma yas saxlamılar.
Şiələr:
- Bütünlükdə Məhərrəm ayını yas ayı hesab edir, Aşuranı isə xüsusi mərasimlərlə (zəncir vurmaq, ehsan paylamaq və s.) qeyd edirlər.
10) Pirlər və seyidlər
Sünnilər:
- Bu anlayışları qəbul etmir, pirlərə ziyarətə getmir, seyidləri xüsusi statuslu şəxs kimi tanımır və təbii olaraq, nəzir vermirlər.
Şiələr:
- 12 imamla bağlı olduğu iddia edilən yerləri müqəddəs sayır, onları ziyarət edir və arzularının həyata keçməsi üçün nəzir verirlər. 12 imamın nəslindən gəldiyi deyilən insanları "seyid” adlandırır, onların özlərini və həta qəbirlərini belə, ziyarət edirlər. Hesab edirlər ki, onlardan istənilən mətləblərə Allah daha həssas yanaşacaq. Çünki allah sevimli bəndələri olan seyidlərin sözünü daha tez eşidir, nəinki sadə insanların.
Vüsal Məmmədov
  • Sosial şəbəkədə paylaş