Aşura gecəsi və Aşura günü nə etmək lazımdır? » Milliyet.Az

Aşura gecəsi və Aşura günü nə etmək lazımdır?

Aşura gecəsi və Aşura günü nə etmək lazımdır?
Oktyabrın 24-də Azərbaycanda Aşura mərasimi qeyd olunacaq. Aşura – Hicri təqviminin ilk ayı olan Məhərrəm ayının 10-cu günüdür. Sözün ərəb dilindən tərcüməsi “onuncu gün” deməkdir. Hicri təqvimi ilə 61-ci ilin həmin günündə (miladi təqvimlə 680-ci il) Həzrət Məhəmməd Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn (ə) öz yaxın qohumları və silahdaşları ilə Kərbəla səhrasında faciəli surətdə qətlə yetirilib. Bu gecə Aşura gecəsidir. Bəs bu günün əməlləri hansılardır?

Aşura gecəsinin bəzi əməlləri:

1. Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində “Fatihə” surəsindən sonra 50 dəfə “İxlas” surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim” zikri deyilir.

2. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

3. Dua, ibadət və istiğfar etmək.

Aşura gününün əməlləri:

1. İmam Hüseyn(ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: “Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər”.

2. İmam Hüseyni(ə) ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn(ə) zəvvarlarına su vermək.

5. 1000 dəfə “İxlas” surəsini oxumaq.

6. “Aşura” ziyarətini oxumaq.

7. 1000 dəfə “Allahumməl`ən qətələtəl-Huseyn” zikrini demək.
  • Sosial şəbəkədə paylaş