"Quran" hicab haqda nə deyir? - İlahiyyatçı rəyləri » Milliyet.Az

"Quran" hicab haqda nə deyir? - İlahiyyatçı rəyləri

"Quran" hicab haqda nə deyir? - İlahiyyatçı rəyləriTanınmış alim, “Qurani-Kərim”in tərcüməçilərindən olan Nəriman Qasımoğlu son vaxtlar ölkə mediasına müsahibəsində Azərbaycanda və dünyada İslam dini əleyhinə aparılan təbliğat, eləcə də dindən istifadə edərək insanların hüquqlarının tapdanmasına xidmət edən informasiyaların yayılması meyllərindən danışıb. Eyni zamanda məzhəblərin yaranması, İslamın qadına münasibəti kimi aktual mövzulara da toxunub. N.Qasımoğlu deyib: “Məzhəblərin yaranması tarixi reallıqdır. Bu, siyasət qaynaqlı bir məsələdir. Çünki bütün məzhəblər konkret zamanların siyasi məhsulları olaraq yaranıb. "Qurani-Kərim"də məzhəblərin yaranmasına mənfi münasibət ifadə olunur. Rəbbimiz peyğəmbərə xitabən buyurur ki, dinlərini bölənlər, dinlərində firqə-firqə bölünənlərin sənə heç bir dəxli yoxdur və onlar bu parçalanmaların hesabını axirət günündə verməli olacaqlar. 1400 ildən artıq bir müddət əvvəl səslənmiş olan bu ilahi qınaq bu günümüzün məzhəb ayrılıqlarına möcüzəvi şəkildə işıq tutur”.

“Qurani-Kərim”in sosial vəziyyətindən, savadından asılı olmayaraq bütün insanlara xitab edən bir səmavi kitab olduğunu vurğulayan N.Qasımoğlu burada hər kəsin öz payının olduğunu söyləyib. Bildirib ki, “Quran” oxuyan istənilən adam öz payını ala-ala, imanını kamilləşdirə-kamilləşdirə, aldığı müdriklik payını artıra-artıra, bütün elmlərə mehr sala-sala şəxsiyyət kimi də bütövləşmə, ucalma yoluna varmış olur.


"Quran" hicab haqda nə deyir? - İlahiyyatçı rəyləriAlim müqəddəs kitabın qadınlara münasibəti və baş örtüyü məsələsinə də aydınlıq gətirib. Onun fikrincə, bu, bütün dinlərdə var və bunun da kökü qədim mədəniyyətlərə gedir, dinlərin mahiyyətilə bağlılığı yoxdur: “Hicaba gəldikdə, müqəddəs kitabımızda "hicab" sözünün baş örtüyünə heç bir dəxli yoxdur. Quran termini olaraq bu, 7 ayədə keçir, "pərdə", "örtük" anlamında işlənir və bu ayələrin heç birində qadınların baş örtüyünə aid heç nəyə işarə yoxdur. O ki qaldı müsəlman qadınların baş örtüyünə, çalışırlar bu ayəyə istinad etsinlər: "fəlyadrubnə bixumurihinnə alə cuyubihinnə". Hərfən tərcüməsi belədir: "Örtüklərini vursunlar döşlərinə". Burada işlənən örtüyü "baş örtüyü" kimi qəbul edib deyirlər ki, qadınların baş örtüyü döşlərinin üstünü örtməlidir. Absurd izahdır. Birincisi, sözün mütləq mənası "örtük"dür sadəcə, "baş örtüyü" deyil. Bu sonuncunu isə "ürfi mənada" işlədirlər, yəni ənənəyə salıb işlədirlər. Bir daha təkrar edim ki, Quranda "başınızı və ya saçlarınızı örtün" deyə imperativ bir təlqin yer almır”.

Strateq.az xəbər verir ki, alimin son fikirləri din alimləri və dindar insanlar arasında birmənalı qarşılanmayıb.

İlahiyyatçı Əkrəm Həsənovun fikrincə, dini hökmlərdən biri də müsəlman qadınların özlərini naməhrəmdən qorumaları üçün hicab taxmalarıdır.


"Quran" hicab haqda nə deyir? - İlahiyyatçı rəyləri“Bir çox ilahiyyatçılar vardır ki, onlar şəriətdə olan mühüm mənbələri qəbul etmir və dinimizdə bizə bildirilən tutarlı və əsaslı hökmləri inkar edirlər. Dinimizin mənbə və qaynaq olaraq üç əsasından birincisi “Qurani-Kərim”dir, ikincisi, hədislərdir ki, buna sünnə (yol, metod) da deyilir, üçüncüsü isə bu xətdə olan din alimləridir. Bu üç əsas qaynaq olmadan biz dinimizi doğru-düzgün anlaya bilmərik. Bu gün hədis, sünnə (yol, metod) inkarçıları normal olaraq da yalnış fikirlərə düşüb dinimizin əslində olan hökmlərini də cürətlə inkar edirlər. Bu dini hökmlərdən biri də müsəlman qadınların özlərini naməhrəmdən qorumaları üçün hicab taxmalarıdır. Hicab taxmaq uca Allahın qadın qullarına olan əmridir”.

Qeyd edək ki, “Qurani-Kərim”in daha çox yayılan tərcüməsində oxuduğumuz “Əhzab” surəsinin 59-cu ayəsində bu barədə belə yazılıb: “Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mö’minlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan-ayağa gizlədən) örtüklərini örtsünlər. Bu, onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhm edəndir!”

Həmçinin “Əhzab” surəsinin 33-cü ayəsidə uca Allah buyurur: “Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi, açıq-saçıq olmayın. (Bər-bəzəyinizi taxaraq evdən çıxıb özünüzü, gözəlliyinizi yad kişilərə göstərməyin!) Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!”.

Bundan başqa, “Əhzab” surəsinin 53-cü ayəsində belə buyurulur: “Ey iman gətirənlər! Peyğəmbərin evlərinə sizə yeməyə icazə verilmədən (yeməyə dəvət olunmadan) girib onun bişməsini gözləməyin. Lakin dəvət olunduqda gedin və (yeməyinizi) yedikdən sonra (orada bir-birinizlə) söhbətə qapılmayıb dağılın. Bu (sizin çox oturmağınız), Peyğəmbərə əziyyət verir, amma o sizdən (bunu sizə deməkdən) utanırdı. Lakin Allah doğru sözdən çəkinməz. Onlardan (Peyğəmbərin zövcələrindən) bir şey soruşduqda, pərdə arxasından soruşun (evlərinə daxil olmayın). Bu həm sizin, həm də onların ürəklərinə daha çox təmizlik bəxş edər. Sizə Allahın Peyğəmbərini incitmək, özündən sonra onun zövcələri ilə evlənmək əsla yaraşmaz. Həqiqətən, bu, Allah yanında böyük günahdır!”.

Allah təala burada da qadınlarla danışanda pərdə arxasından danışmağı əmr edib. Eyni zamanda “Nur” surəsində də baş örtüyü ilə bağlı ayrıca surə yer alıb.

“Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız! (Mətləbinizə çatasınız!)”.

Qadınların baş örtüyü ilə bağlı digər ayələrdə də qeydlərin olduğunu deyən Ə.Həsənov “Qurani-Kərim”in “Şura” surəsində işlənən pərdəni qadın hicabı ilə əlaqələndirilməsinin doğru olmadığını vurğulayıb: “Bu ayənin ərəbcəsində “hicab” sözü keçir. Bildiyimiz kimi, ərəb dili zəngin dildir və ərəb dilinin özünə məxsus xüsusiyyətlərindən biri də budur ki, bir sözü bir neçə mənada ifadə etmək mümkündür. Allah-təala bu ayədə hicab sözünü işlətməklə pərdə arxasında, gizlin danışdığını bildirir. Bu sözün isə qadınların başlarına örtdüyü hicabla əlaqəsi yoxdur. Bundan başqa, “hicab” sözü bir çox mənalara gələ bilir. “Hicab” sözü “həcəbə” felindən düzəlib, bizim dilə tərcümədə “bağlamaq”, “örtmək”, “örtük çəkmək”, “gizlətmək” mənalarına gəlir. Yəni, bu ayədə qeyd olunan “gizlin danışmaq”, “pərdə arxasından danışmaq” sözünün qadının hicab taxması ilə əlaqələndirilməsi doğru deyildir. Əslində, hicab arxasından danışmaq doğrudur, ancaq bunu qadınların örtünməsinin əksinə göstərmək doğru deyildir. Doğru olan budur ki, məhz bu ayə də qadının örtünməli olduğunu göstərir. Yəni “Qurani-Kərim”də olan bütün dəlillər məhz qadının örtünməsini təsdiqləyir”.

Baş örtüyünün qədim mədəniyyətlərə bağlanmasına gəlincə, Ə.Həsənov qadınların örtünməsi məsələsinin bütün dinlərdə və adətlərdə mövcudluğunu təsdiqləyib. Sadəcə, İslam dininin əvvəlki adətləri normaya salaraq mükəmməlləşdirdiyini və qadınların örtünməli olduqlarını bir daha anlatdığını qeyd edib.

Fərqanə Allahverdiqızı

Strateq.az
  • Sosial şəbəkədə paylaş